Mərkəzi Afrika Respulikasında öldürülən rusiyalı jurnalistlər Rusiyanın hərbi şirkətləri və mədənçıxarma müəssisələrinin fəaliyyəti ilə bağlı araşdırma aparırdı. Bunu “Təhqiqatların İdarə Edilməsi Mərkəzi” layihəsinin redaktoru Andrey Konyaxin bildirib.
Yerli və Rusiya rəsmilərinin bildirdiyinə görə, jurnalistlər Sibyu şəhəri ətrafında mühasirəyə düşüb.
Mərkəzi Afrika Respulikasının hökumətinin verdiyi məlumata görə, jurnalistlər ərəb dilində danışan təxminən 10 nəfərdən ibarət qrup tərəfindən oğurlandıqdan sonra ölü tapılıblar. Bundan əlavə detallar bildirilməyib.
Hazırda Britaniyada yaşayan rusiyalı müxalifətçi Mixail Xodorkovski çərşənbə günü Facebook sosial şəbəkəsində yazıb ki, jurnalistlər Orxan Camal, Kirill Radçenko və Aleksandr Rostorquyev onun “Təhqiqatların İdarə Edilməsi Mərkəzi” layihəsi ilə birlikdə “Rusiya muzdluları” araşdırması üzərində işləyirdi.
Layihənin redaktoru bildirib ki, jurnalistlər Rusiyanın Mərkəzi Afrika Respublikasında özəl hərbi şirkətinin fəaliyyətini, eləcə də almaz, qızıl və uran hasilatı üzrə Rusiyanın maraqları ilə bağlı detalları araşdırırdı. Onun sözlərinə əsasən, jurnalistlər gizli çalışa bilmək üçün ölkəyə turist vizası ilə gəlib, orada iki həftə qalmağı planlaşdırırdı.
Rusiya mətbuatı və beynəlxalq kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, jurnalistlər “Vaqner” özəl hərbi şirkətinin fəaliyyətini araşdırırdı. Şirkətin Kremllə yaxın əlaqələrinə görə “Putinin aşbazı” ləqəbi ilə tanınan sankt-peterburqlu sahibkar Yevgeni Priqojinlə bağlı olduğu deyilir.
Andrey Konyaxin bildirib ki, həlak olan jurnalistlər Orxan Camal, Kirill Radçenko və Aleksandr Rostorquyev BMT-nin nümayəndəsi ilə görüşmək üçün Mərkəzi Afrika Respulikasının şimal bölgəsinə səfər ediblər. Onların üstündə bir neçə min dollar məbləğində pul və bahalı texnika olub. Konyaxin pul və texnikanın çox yəqin ki oğurlandığını bildirib.
Konyaxinin Associated Press agentliyinə verdiyi müsahibəyə görə, hazırda qətlin qarətlə əlaqədar olduğu kimi ssenario mövcuddur. Lakin o buna şübhə ilə yanaşıdığını və hücumun onların araşdırması ilə əlaqədar ola bildiyini düşündüyünü deyib.
Bir zamanlar neft maqnatı və Rusiyanın ən zəngin adamlarından biri olmuş Mixail Xodorkosvki 10 il həbsdə qaldıqdan sonra hazırda Londonda yaşayır. Çoxları onun işinin siyasi motivli olduğuna inanır. Xodorkovski onun işi ilə bağlı müxtəlif ittihamlar əsasında təhqiqatların aparıldığı Rusiyada bir sıra vətəndaş cəmiyyəti qrupları və media layihələrini dəstəkləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?