"Xudafərin" MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli şahid qismində ifadə verib.
O, dindirilənkən söyləyib ki, 2012-ci ildə oğlu Elşən Ağaevlinin adına "Xudafərin" MMC-dən ev alıb.
O, mənzil qarşılığında avtomobilini verdiyini söyləyib:
"Evi Azər Xəlilov və Abdulla Abdullayevdən almışam. Pul əvəzinə öz "Mercedes"imi vermişəm. Daha sonra ölkə xaricinə getdim. Qayıdanda evi başqasına satdığını bildim. Həmin ev başqa adamın da adına idi. Sonra məhkəməyə müraciət etdim".
Məhkəmədə şahid qismində Vidadi Qurbanov ifadə verib. O bildirib ki, daha əvvəl “AMAY” MMC-də baş mühasib vəzifəsində çalışıb, "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevlə birgə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Suallara cavab verən V.Qurbanov məhkəmədə 2013-ci ildə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib. Məhkəmədə ona sual verilsə də, xatırlamadığını söyləyib.
Hakim elan edib ki, zərərçəkmişlər Vüsal Orucovla Saleh Məmmədəliyev məhkəməyə teleqram vuraraq onlara dəymiş zərərin ödənildiyi və şikayətlərinin olmadıqlarını bildiriblər.
Zərərçəkmişlər mülki iddialarını məhkəməyə təqdim ediblər. Zərərçəkmişlərdən biri "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib.
"Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Şirkət əməkdaşları mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Bildirək ki, bu şirkətin rəhbəri naxçıvanlı iş adamı "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevdir.
Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.
Onu da qeyd edək ki, iş adamının adı bir neçə qalmaqallı məhkəmə işlərində hallanıb. O, bir neçə il öncə həbsdən çıxıb./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?