Bir neçə gün əvvəl azadlığa çıxan şəxs yenidən hakim qarşısına çıxarılıb. O, yenə də dələduzluqda təqsirləndirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin məhkəməsi başlayıb.
Hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Əvvəlcə qeyd edək ki, Sahil Cahangirli "Real" MTK-nın direktoru olub. MTK-nın sahibi isə İlham Qasımov idi. İlham Qasımov milyonçu şair Gülağa Tənhanın şikayəti əsasında həbs edilib. O, şairin 19,5 milyon manatını mənimsəməkdə ittiham edilərək 12 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Qasımovun özü də "MTN işi"ndə general Akif Çovdarovun zərərçəkmişi kimi tanınıb.
Sahil Cahangirlinin bu gün baş tutan məhkəmə prosesində prokuror çıxış edərək ittiham aktını elan edib.
İttihama görə, S.Cahangirli "Real" MTK-nın direktoru olanda Nərimanov rayonunda tikilən binada olan bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.
Hazırda evdə Rauf Abdullayev yaşayır və sənədlər isə Bəylər Abdullayevin adınadır. İstintaq R.Abdullayevəşin 150 min manat ziyan görməsi qənaətinə gəlib.
Hazırda ev dustaqlığında S.Cahangirli məhkəmədəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib.
O söyləyib ki, 2006-cı ildə əvvəlki direktor İslam Qasımov mənzili Bəylər Abdullayevə satıb:
"2013-cü il sentyabr ayında isə mən direktor təyin olundum. Mən də eyni ölçüdə, eyni formada olan, amma bir mərtəbə yuxarıda olan mənzili Rauf Abdullayevə satdım. Amma komendant Rauf müəllimə səhvən aşağı mərtəbədəki mənzili göstərib. Yuxarı mərtəbədəki evlə bağlı da hazırda məhkəmə gedir, həmin ev Raufa veriləcəkdi. Həmin evə aid sənədi Raufa makler Vahid Qasımov vermişdi. İndi Rauf Abdullayevə dəyən ziyanı ödəmək istəyirəm".
Bildirək ki, MTK-nın əvvəlki direktoru İslam Qasımov hazırda həbsdə olan İlham Qasımovun qardaşıdır. S.Cahangirli isə onların bacısı oğludur.
Sahil Cahangirli bundan əvvəl şirkətin icraçı direktoru oomuş Anar Əşrəfovla birgə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılırdı. Onlar 2018-ci il sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılıblar.
Makler Vahid Qasımov da eyni məhkəmədə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?