Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini bıçaqlamaqda təqsirləndirilən S.Kurdyukovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S.Kurdyukovaya azadlığın məhdudlaşdırılması cəzası verilib.
Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü Fazilə İbrahimova naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması nəticəsində isə məlum olub ki, F.İbrahimovanı mübahisə zamanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova bıçaqlayıb.
S.Kurdyukova polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İstintaq orqanı S.Kurdyukovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.
Xatırladaq ki, S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?