Sumqayıt şəhərində xuliqanlıqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Elnur Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Elnur Əzizov Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Dönər evi” kafesinin qarşısında dayanmış “Lada 2109” markalı avtomobilin sahibi, əvvəllər tanımadığı Elxan İmranova yaxınlaşıb, onu avtomobili ilə istədiyi ünvana aparmasını tələb edib.
Elxan İmranov ona rədd cavabı verib. Bunu bəhanə edən Elnur Əzizov bıçaqla Elxanın kürək nahiyəsinə vurub.
Yüngül dərəcəli xəsarət alan Elxan İmranova xəstəxanada tibbi yardım göstərilib. Hadisəni törədən Elnur Əzizov isə həbs olunub.
İstintaq orqanı tərəfindən Elnur Əzizovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elnur Əzizov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan apelyasiya şikayəti verib və barəsində olan cinayət işinə yenidən baxılmasını istəyib. 3-cü qrup əlil olduğunu qeyd edən Elnur Əzizov əlavə edib ki, himayəsində xəstə anası, ikici qrup əlil qardaşı və onun ailəsi var. O, bütün bu halların məhkəmə tərəfindən nəzərə alınmasını istəyib.
Elnur Əzizovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Elnur Əzizovun apelyasiya şikayəti təmin olunmayıb./teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?