Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda yaşadığı İlahə Ağayevanı qətlə yetirməkdə təqsirləndirilən Ukrayna vətəndaşı 1986-cı il təvəllüdlü Elnur Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında məhkəmədən Elnur Hümbətovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Mərhumun nənəsi çıxış edərək cinayət işinin istintaqa qaytarılmasını istəyib. O, çıxışında nəvəsinin amansızlıqla öldürüldüyü, ona işgəncə verildiyini bildirib:
“İş geri qaytarılsın, ona ömürlük həbs verilməlidir. Buna çoxlu əsaslar var. Mən hər yerə müraciət edəcəyəm, yeri gəlsə ,vətəndaşlıqdan imtina edəcəyəm. Nəvəmin qanı yerdə qalır”.
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, çıxışında cinayətin qısqanclıq zəminində törədildiyini bildirib:
“Cinayət işində bildirilir ki, hadisə zamanı Elnur evə bıçaqla gəlməyib. Onlar arasında mübahisə yaranıb.
Sonra İlahə mətbəxdən bıçağı götürüb Elnura zərbə vurub. Elnur ifadəsində də göstərib ki, qorxusundan bıçağı əlindən alıb, özündə olmayıb. Xahiş edirəm ki, ona qarşı verilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi tövsif elədilərək, 120.1 (qəsdən adam öldürmə) ilə əvəz edilsin. O, evə öldürmək məqsədilə getməyib”.
Məhkəmə təqsirləndirilən şəxsə son söz verib. Elnur Hümbətov əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.
Hakimlər kollegiyasının müşavirə otağına yollanıb. Məhkəmənin hökmü ilə Elnur Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il may ayının 4-dən 5-nə keçən gecə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza 4 ünvanında qətl hadisəsi baş verib. Xarkovdan olan 1989-cu il təvəllüdlü Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1989-cu il təvəllüdlü İlahə Ağayevanı qətlə yetirib.
Elnur Hümbətov saxlanan zaman ilkin ifadəsində İlahə Ağayeva ilə “Odnoklassniki” sosial şəbəkəsində tanış olduğunu bildirib. E. Hümbətov sərnişin daşıma ilə məşğul olub. İlahə Ağayeva isə işləməyib. Onların münasibətləri virtual mərhələdən real mərhələyə keçib. Elnur onunla ünsiyyət zamanı əvvəllər başqa kişilərlə də görüşdüyünü öyrənib. Amma İlahə bundan sonra yalnız onunla görüşəcəyini bildirib.
Hadisə günü Elnur Hümbətov İlahəyə zəng etsə də o, cavab verməyib. Elnur İlahənin evinin həyətinə gəlib və onun gəlməsini gözləyib. O, evə iş barədə danışmaq üçün görüşdüyü başqa bir şəxsin maşınında gəlib.
Onlar arasında mübahisə baş verib, Elnur Hümbətov bıçaq götürüb və ona əl və kürək nahiyəsindən zərbə vurub, zərbə zamanı arteriyanı kəsib. Onu bu vəziyyətdə qoyub mənzili tərk edib.
Elnur Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. //Lent.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?