Yardımlı rayonunda 1978-ci il təvəllüdlü Vəli Vəliyev yetkinlik yaşına çatmayan qızı Səidəni (ad və soyadlar şərti verilib – red.) qohumu ilə evlənməyə məcbur edib.
Hadisə Yardımlı rayonunun kəndlərindən birində baş verib. Yaşadığı kənddə orta məktəb müəllimi olan Vəli qızı Səidənin sevmədiyi halda qohumu Vüqar ilə evlənməsini tələb edib. Amma qızı atasının tələbinə qarşı çıxıb. Buna baxmayaraq ata istəyinə nail olub və qızını sevmədiyi halda Vüqar ilə evlənməsinə məcbur edib. Bu evlilikdən sonra Səidə intihar edərək vəfat edib. İstintaq orqanı tərəfindən Vəlinin barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci (qadını nikaha daxil olmağa məcbur etmə) maddəsi ilə ittiham elan edilib. Yardımlı rayon Məhkəməsinin hökmü ilə Vəli 3 min manat miqdarında cərimə olunub. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.
Prokuror Vəlinin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib. Prokurorun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, protest təmin edilməyib. Bu qərardan narazı qalan prokuror kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə prokurorun kasasiya şikayəti də təmin olunmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?