Əli Vəliyevin 23 yaşı var. İki il öncə hərbi xidmətini başa vurub.
Hərbi xidmətdə olarkən intihara cəhd etdiyinə görə, barəsində 9 ay müddətinə məhkumluq cəzası tətbiq edilib. Sonra həmin qərar şərti sınaq müddəti ilə əvəz edilib. Deyir, hərbi xidmətdən qayıtdıqdan sonra iş tapmaq müşgülə çevrilib. İş üçün müraciət etdiyi yerlər "məhkumluqla işə götürmək alınmır" deyib, Əliyə iş verməkdən imtina edirlər. Əli müraciət etdiyi iş yerlərində diskriminasiyaya məruz qalırmı? Əgər şirkətlər məhkumluğu bəhanə gətirərək iş verməkdən imtina edirlərsə, bu halda Əli hansı addımları atmalıdır? İnsan hüquqları üzrə müvəkkili, OMBUDSMAN aparatının nümayəndəsi Rəşad Səmədov bildirib ki, müvəkkil o halda müdaxilə edə bilər ki, əgər vətəndaş aidiyyatı dövlət orqanına müraciət edibsə və dövlət orqanı vətəndaşın hüquqlarının pozulması ilə bağlı məsələyə baxmayıbsa, o halda OMBUDSMAN həmin dövlət orqanının hərəkətləri ilə bağlı araşdırmaya başlayır. Hər il vaxtilə məhkum olunmuş insanlar azadlığa buraxılır. Təkcə ötən yarım ildə ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib. Keçmiş məhbuslar adətən sosial həyata adaptasiya olmaqda, iş tapmaqda çətinlik çəkirlər. Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Sahib Məmmədov Toplum Tv-yə verdiyi müsahibəsində söyləyib ki, bütün cəmiyyətlərdə kriminal keçmişi olanlara qarşı önyarğı olur, amma bunun da çıxış yolu var.
Sorğu
Yeni dizaynımız necədir?