..Bir kitab açıb, baxdıraq bizdə itənin falına. Ölüb,çıxaq canımızdan, keçək ömrün yox halına. Qapadılsın yol – yolağa, gedənlər bizdən keçməsin. Üst gözə yığaq keçmişi,əli çatmasın heç kəsin.
Təzə roman quraşdırıb, sözləri enək ard – arda. Dur,bir foto da yapdıraq, üzümüz düşməsin orda. Dəvət alaq son mənzilə, bir nəfərə iki yerlik. Şeir yaz yerimə,məni əvəz elə bir şeirlik…
******
… Dava onu da xaraba qoymuşdu güllə – güllə, Əsib, montaj eləmişdi onu da. Sözü çəpləşəndə, rəqibindən əskik gəlirdi bir yumruq, bir şillə. Qolunun boşluğunu gəzdirirdi hələ də bahalı pencəyinin cibində…
Bir dəfə ayaqqabısı onsuz qayıtdı evə, Qonşu uşağının qucağında –xəbər gətirmişdi Saçlarını təzəcə rəngləmiş hamilə qadınına Küçəyə dağılmış adamdan…
****
… Bir damcı dəniz – qayıqlar, bir bulud göy üzü -qağayılar. Qadının sağda, körpən qucağında, Kədər düşməyib fotoda. Saxla, tut saxla… Xoşbəxtlik anı bəlkə də elə budu… Ancaq ən qiymətli foto çəkdirmədiyin fotodu…
*******
…Səni anladığım günə söyə – söyə darıxıram. Olmasaydın darıxmazdım, varsan deyə, darıxıram. Evdə, eşikdə, yuxuda darıxıram səhər, axşam. Darıxmaqdı işim – peşəm, bircə bazar günü boşam..
…Saatın səsi – yoxluğun, bir qələməm,bir də varaq. Bezmişəm tək darıxmaqdan, dur gəl, bir yerdə darıxaq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?