Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.
Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb. Qurum ötən həftə Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir.
Şənbə günü prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Bu sərəncam Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində "əməliyyat-istintaq tədbirləri"ndən bir gün sonra elan olunub.
DTX bildirir ki, Rafiq Bayramovun və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirilib və bu zaman Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.
DTX iddia edir ki, tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə şübhə var.
Qurum bildirir ki, Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək "mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib".
Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir.
Məlumata görə, nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün 1 milyon 500 min pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. "Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər. Məbləğ təxminən 150 min edir,"- Rafiq Bayramov DTX-nın əməliyyat işçilərinə deyib./mozalan.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?