“Cəbrayıldan tutmuş Hadruta, oradan Ağcabədiyə qədər ərazilərin keçmiş adı olan Vərəndə mahalının adı da qədim zamanlarda Quruçay və Qarqarçay (Füzuli) ətraflarında və Xankəndi şəhəri ərazisində yaşamış türkdilli Vərənd tayfasının adından götürülüb. Hadrut rayonuna məxsus Cilan, Quşçular, Dolanlar, Bünyadlı, Daşbaşı, Mülkədərə və Ağcakənd adlı erməni kəndlərinin adları da Azərbaycan türk sözləridir. Dolanlar kəndinin əsasını qoyan dolan tayfası erməni yox, tatar-monqol mənşəli olub. Dolanlar kəndinə orta əsrlərdə Ərgünəş də deyilib. Bu əraziyə ermənilər 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra köçməyə başlayıblar. İranın Qaradağ əyalətindən gələn ermənilər həmin kənddə məskunlaşıblar”.
Bunu tarixçi Zaur Əliyev deyib. Z.Əliyev bildirib ki, Hadrut əvvələr Dizaq mahalına daxil olub:
“Qarabağ xanlığı dövründə inzibati vahidə görə 22 ərazi var idi və Dizaq Mahalı Hadrut kəndindən Şəybəy, Nüzgar kəndlərinə qədər əraziləri əhatə edirdi . Dizaq-Cavanşir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində olan ərazilər, Xudafərin mahalına Dağtumas-Sirik kəndləri və Diri dağı zonası, Çovundur mahalına isə Diri dağından Oxçu çaya qədər ərazilər daxil idi. Sonradan bu ərazini Ağoğlan adlandırmağa başladılar. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan” mənasını daşıyır.
Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun adı 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək adı Dizaq olub.
1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK-nın dekreti ilə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Cəbrayıl qəzasına daxil olan Bünyadlı, Hərəkül, Zamzur, Dolanlar, Hadrut, Edilli, Vənk və s. kəndlər Cəbrayıl qəzasından alınıb DQMV-nin tabeliyinə verildi. Ərazidə erməni əhalisinin sayı çoxaldıqca, Ağoğlan kəndi ərazisində olan müxtəlif tarixi və mədəniyyət abidələrini, alban memarlıq abidələrini, eləcə də digər tarixi abidələri də müxtəlif yollarla, dəyişikliklər aparmaqla özününküləşdirməyə çalışıblar.
Ərazi fars dilində ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasını ifadə edən Hadrut kimi adlanmağa başladı. Ermənilər isə Hadrutu əhatəyə alan Güney və Quzey çay adlarını dəyişə bilmədilər.
10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edildi. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak bölgəsi Hadrut adlandırılıb. 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi Xocavənd rayonunun tərkibinə verilib.
Ərazi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib”. /cebhe.info/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?