Müəllifi Cəmilə Həsənzadə olan “Təbrizin sehrli nağılları” kitabı son dönəmlərdə xeyli populyarlaşıb. Əksər insanın aktiv istifadə etdiyi tviter tətbiqində “#tebrizinsehrlinagillari” həştəqi ilə yüzlərlə paylaşım edilib. Sözsüz ki, kitabın bu qədər gündəm olmasında İsrailin ölkəmizdəki səfiri Corc Dikin tvitinin də rolu böyükdür. O, kitabı payalaşaraq, Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrəndiyini vurğulamışdı.
Səfirin tviti kitabı məşhur etməklə yanaşı, İran tərəfinin də aqressiyasını üzə çıxarıb. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin israilli həmkarına cavabında sərt sözlər istifadə etməklə diqqətləri cəlb edib. “Bu macəraçı oğlanın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” – deyə qeyd edib. Gundemxeber.az-ın məlumatına görə, sözügedən kitabın məşhurlaşmasından danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a açıqlaması zamanı bildirib ki, İran özünün bölgəyə yönəlik siyasi strategiyasını İsrail amili ilə əlaqələndirməyə başlayıb: “İsrail səfirinin “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşdığı tviti də əslində İranın iç üzünü ortaya çıxardı. Sadə bir kitab tvitinə qarşı bütün dövlət infrastrukrunun səfərbər olması, sözün əsl mənasında İran dövlətinin həssasiyyətinin ciddi şəkildə problemli olduğunu göstərir. Bu, İranın Zəngəzur dəhlizinin açılmasından narahat olması faktına söykənir. O qədər narahatdırlar ki, Zəngəzur dəhlizinin açılmasını bir növ Ermənistanla əlaqələrinin kəsilməsi kimi dəyərləndirirlər. Həmçinin, bunda özlərinə qarşı çox böyük təhlükə görürlər. Amma belə bir məsələnin olmadığını hər kəs bilir”. Ekspert qeyd edib ki, bölgədə hər hansı bir strateji nəqliyyat xətti açılacaqsa, bu, İranın da xeyrinədir: “İran isə bu alternativləri özünün sonu kimi görür. Ona görə də İranın Corc Dikin tvitinə o formada reaksiya verməsi onun bölgədəki niyyətini İsrail adı ilə pərdələmək düşüncəsindən irəli gəlir. Bu səbəbdən həmin kitab da trend kimi genişləndi. Bu trend həm də İranın bir müddət öncə başlatdığı “Salam Fərmandeh” kampaniyasına cavab xarakteri daşıyır. Nəticə etibarilə, İran özünün qurduğu tələyə özü düşdü”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?