Nizami Kino Mərkəzində V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilir. 7-11 sentyabr tarixlərində baş tutan festival artıq 5-ci dəfədir ki təşkil olunur.
Festivalın keçirilməsində əsas məqsəd isə animasiya sevənləri, animasiya peşəkarlarını bir araya toplamaq və yerli animatorları xarici peşəkarlarla tanış etməkdir.
Festivalın media meneceri Bahar Zeynallının sözlərinə görə, festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq:
"Festivalımızda 24 tədbir var, bütün tədbirlərdə 6 yaşdan 18 yaşadək bütün yaş hədləri üçün animasiya filmləri var. Biz yaş həddinə uyğun olaraq filmləri qruplaşdırırıq, onları eyni tədbirə salmağa çalışırıq".
Builki festival tamaşaçılara üç əsas proqram təqdim edir: müsabiqə və müsabiqədənkənar, eləcə də peşəkarlar üçün proqram.
Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub və onların arasından seçim komissiyası trəfindən müsabiqəyə 29 ölkədən 76 film qəbul edilib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Azərbaycandan isə müsabiqədə 16 film iştirak edir.
Bahar Zeynallı bildirib ki, seçim komissiyasında Azərbaycandan, Avropadan, həmçinin Amerikadan animasiya peşəkarları var:
"Meyarlar əsasən, klassik meyarlardır; bədiilik, rejissor işi, texnika, ideyanın necə təsvir olunması. Bu kimi meyarlara əsasən seçim komissiyası seçir, müsabiqə proqramında isə 6 nəfərdən ibarət beynəlxalq jürimiz var. Onlar qalibləri təyin edirlər".
Festival "bir bilet-bir ağac" şüarı altında iqlim dəyişikliyinə həsr olunub.
Tədbirdə bilet satışından əldə olunacaq gəlir ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Beynəlxalq münsiflər heyəti tərəfindən bütün filmlərə baxıldıqdan sonra festivalın qalibləri V ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimində elan olunacaq.
Sorğu
Yeni dizaynımız necədir?