GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Tanınmış vəkildən Azərbaycan gənclərinə müraciət - "HEÇ KİMƏ İNANMAYIN!"

Tanınmış vəkildən Azərbaycan gənclərinə müraciət - "HEÇ KİMƏ İNANMAYIN!"

Tarix: Bu gün, 10:31 Bölmə :Mədəniyyət Baxış: 72


GundemXeber.Az vəkil Aslan İsmayılovun gənclərə olan müraciətini təqdim edir:


"Əziz Azərbaycan gəncləri!

 Azərbaycanın gələcəyi birinci növbədə Siz gənclərdən asılı olduğuna görə bu dəfə birbaşa Sizə müraciət etmək qərarına gəldim. Bilirsiniz ki, həmişə, xüsusilə 2018-2019-cu illərdən bütün vəzifələrdə gənclərin təmsil olunmasını alqışlamışam. Bu gün özüm də təyinatların çoxundan narazı qalsam da bu ənənənin tərəfdarıyam, çünki sovet quruluşu görmüş insanlardan hansısa islahat gözləmək çətindir. Bu gün SSRİ tərəfdarı olanların da əksəriyyəti təxminən mənim həmyaşıdlarımdır. Məhz onların təriflərinə görə bu gün SSRİ-ni görməyən gənclərdən də yaşlı nəslin keçmiş SSRİ nostalji hisslərini bölüşənlər var. Bu hissləri tam əhatə edib onların yanlış olduğunu sübut etmək üçün saysız hesabsız iqtisadi, siyasi, psixoloji, sosioloji, ən əsası milli ayrıseçkilik nümunələri göstərmək olar ki, o da bir yazının işi deyil. Ona görə bacardığm qədər qısa şəkildə 17 yaşımdan başlayaraq SSRİ-də gördüklərimi olduğu kimi Sizə çatdıracam. Uca Allah imkan verərsə Sizinlə o dövr yaşadıqlarımı geniş şəkildə bölüşəcəm. Hazırki yazımda faktları maksimum qısa və Sizin tərəfinizdən yoxlanılması mümkün olan şəkildə bölüşürəm. Həmişə bölüşdüyüm fikri bir daha diqqətinizə çatdırıram. Heç kimə inanmayın, yoxlanılması mümkün olan faktları özünüz yoxlayın ki, kimlərinsə yalan, böhtan dolu fikirlərinin əsirinə çevrilməyəsiniz. Bir daha Sizdən xahiş edirəm, bu yazını ancaq tək mənim yaşadıqlarım kimi qəbul etməyin. Bu, o dövrlər bir balaca məntiqi, baş verənlərə öz baxışları olan minlərlə gənclərin yaşadıqlarıdır. Onu da qeyd edim ki, mənim 1975-1989-cu illər yaşadıqlarım, əldə etdiklərim əksəriyyət SSRİ gənclərinin ən böyük arzuları idi. Məhz SSRİ dövrü 25 yaşımda hakim, 28 yaşımda isə məhkəmə sədri olumuşam. Bu isə o dövrlər üçün çoxlarına əlçatmaz olan dərhal mənzilə, xidməti maşına, köməkçiyə və digər imtiyazlara sahib olmaq demək idi. Əgər o dövrə uyğun əxlaqla davransam, yəni hamının çox bəyəndiyi şüarları təkrarlayıb, əməldə isə ən alçaq hərəkətləri etsəm həm də vəzifələrdə olduğum dövrlər külli miqdarda sərvət sahibi olardım. Bu gün SSRİ-dəki bərabərlikdən danışanlar heç vaxt demirlər ki, birincisi, bərabərlik kasıbçılıqda idi, ikincisi isə çox az bir təbəqə o vaxtlar heç kimin görmədiyi, bilmədiyi imtiyazlara malik idi. Bundan başqa, külli miqdarda pulu, qızılı olanların əksəriyyəti də ondan istifadə də edə bilmirdi. Az qism Partiya və Sovet orqanları nomenklaturası isə çoxlarının bilmədiyi və görmədiyi bağlara və xüsusi mağazalara malik idi. Mən ancaq məhkəmə sədri olduqdan sonra yuxarı vəzifəli şəxslərin nələrə malik olduqlarının az qismini bilirdim. Nail olduqlarıma baxmayaraq heç vaxt özümü mənəvi baxımdan xoşbəxt saymamışam. 

17 yaşımda orta məktəbi azərbaycan dilində bitirib 1975-ci ilin sentyabr ayında Rusiyanın Krasnodar Kompressor zavodunda əvvəl şagird, 2 aydan sonra isə tornaçı kimi işə başladım. 1976-cı ildə SSRİ Komunist Partiyasının 25-ci qurultayının iştirakçısı, mənimlə eyni sexdə tornaçı işləyən Ruçka Nikolay Denisoviçin vəsatəti əsasında əvvəl namizəd, bir ildən sonra isə SSRİ KP-nın üzvü oldum. Tam səmimi qeyd edim ki, özüm o vaxtlar KP nə olduğunu, üzvlüyün nəyə lazım olduğunu heç bilmirdim. Söhbət zamanı iş yerimdən məni tanıyan və çalışqanlığıma görə yaxşı münasibət bəsləyən N.D.Ruçka mənim hüquq fakültəsinə hazırlaşdığımı görüb bildirdi ki, hüquq fakültəsinə qəbulda böyük konkurs olur və KP üzvlərinə üstünlük verilir (bu gün analoji üstünlüyü Putin Rusiyası SVO iştirakçılarına verir). O dövrlər gəncliyin ancaq bir əyləncəsi var idi, o da Krasnodar şəhərində olan 3 rəqs meydançası. Bu meydançalar da ancaq şənbə və bazar günləri fəaliyyət göstərirdi. Burada mən şanslı idim, çünki rəhmətlik Qəni dayım Tiflisdə Melodiya səsyazma şirkətinin val (vinil plastinka) bazasının müdiri işləyirdi və hər dəfə anamı görməyə gələndə ona baş çəkib bir neçə val götürürdüm (Bitlz, Boni M, ABBA, Demis Russos, Djo Dassen və digəriləri). O vaxtlar əldə etdiyim disklərdən Krasnodar şəhərində demək olar ki, heç kimdə yox idi və buna görə məni az qala şəhərin bütün gəncləri tanıyırdı. Qaldığım yataqxanada həmin vallar pəncərəmin qabağında səslənəndə 9-cu kilometr deyilən ərazinin az qala bütün gəncləri yığışardı. Təxminən 1977-ci ildə Priblatikanın, indi yadımda olmayan şəhərindən sonra, əvvəl Krasnodara yaxın olan Novorossiyskdə “Briqantina” adlı, sonra isə Krasnodarda “Fonoqraf” adlı gecə klubları açıldı. Həmin klublarda iştirak böyük uğur sayılırdı. Zavodda işlədiyim dövr aldığım maaş orta illik 300 rubldan artıq idi. Qeyd edim ki, həmin dövr üçün bu çox böyük maaş idi, çünki ali təhsilli mütəxəssislər (mühəndislər, texnoloqlar, iqtisadçılar və s.) ortalama 120-180 rubl maaş alırdılar. Mənim maaşımla isə yuxarıda adını çəkdiyim klublara birdəfəlik buraxılış vəsiqəsini 100 rubldan 3 dəfə almaq olardı, çünki həmin klublara giriş ancaq partiya və komsomol təşkilatlarının işçilərinə pulsuz verilirdi.

1978-ci ildə Krasnodar Kompressor zavodunun göndərişi əsasında qəbul olduğum Krasnodar Dövlət Universitetinin o vaxtlar mövcud olan “Fəhlə fakültəsi”ndən (Рабочий факультет) hüquq fakültəsinə qəbul oldum. Mənimlə birlikdə həmin universiteti, bu gün general rütbəsində olan 2 nəfər, Azərbaycanda rayon prokurorları və digər yüksək vəzifələrdə işləyənlər bitirib. Göstəricilərimə və əla oxuduğuma görə universiteti bitirənə qədər qrup “starosta”sı oldum. Özüm 2 kursun partiya təşkilatının rəhbəri olduğumdan kursun komsomol təşkilatının rəhbəri Aleksandr Ryadinskinin qeyri-ruslara yuxarıdan aşağı baxdığına və digər yaramazlığına görə vəzifəsində azad olunub yerinə hamının hörmət etdiyi Vladimir Belanovun seçilməsini təşkil etdiyim üçün hamının yanında “bu qara gəlib Rusiyada at oynadır” sözlərini deməsini və Viktor Şapovalov adlı tələbənin də ona züy tutmasını heç vaxt unutmadım, çünki daim ikinci sort vətəndaş olduğumu hiss etdim.

1980-ci ildə SSRİ-nin Ali məktəblərində əla oxuyan 300-ə yaxın tələbəni 24 günlüyünə o vaxtlar mövcud olan Almaniya Demokratik Respublikası ilə tanışlığa apardılar. 24 gün ərzində biz ADR-in Berlin, Drezden, Leypsiq, Maqdeburq, Eylenburq, KarlMarksŞtat (indiki Xemnits), Halle şəhərlərində olduq və hamımız orada olan tikililəri, mağazaları, əyləncə yerlərini görüb dəhşətə gəlmişdik, çünki oxuduğumuz, eşitdiyimiz o idi ki, SSRİ ADR, Polşa, Macarıstan, Yuqoslaviya, Bolqariya və s. Şərqi Avropa ölkələrinin inkişafına çalışır. Gördüyümüz isə o idi ki, ADR-in kəndlərində olanlar heç bizim Moskva və Leninqrad kimi şəhərlərimizdə belə yox idi. Bu barədə tələbələr ümumi danışmasalar da təklikdə daim müzakirələr aparırdı. 24 gün ərzində almanlar bizi ən görməli, gəzməli yerlərə apardılar və hər gəldiyimiz şəhərlərdə “Astoriya” adlanan mehmanxanalarda tək otaqlı nömrələrdə qalırdıq. Hər dəfə yerimiz dəyişəndə nömrələrdə nə var idisə hamı özü ilə götürürdü, ona görə ki, nömrələrdə olan şampunları, birdəfəlik sabunları, qələmləri, balaca bloknotları, selofan paketləri, hətta birdəfəlik istifadə üçün olan kağız dəsmalları belə heç kim görməmişdi. O səyahətdə məni ən çox təsirləndirən SSRİ və ADR tələbələri arasında olan görüşlər və bu zaman baş verən bəzi fikir mübadilələri idi. Hər dəfə gənc alman tələbələrin SSRİ-yə nifrətini sezməmək mümkün deyildi. Drezden Texniki Universitetinin tələbələri ilə görüş isə xüsusilə yaddaqalan oldu. Görüş zamanı SSRİ-dən olan tələbələrin yüksək əhval ruhiyyəsi ilə alman tələbələrin susqunluğu və təmasdan qaçması açıq-aşkar görünürdü. Görüşdən sonra şam yeməyi təşkil olundu və bu zaman məhdudiyyətsiz pulsuz pivə verildi. Alman tələbələrin münasibətini görən SSRİ-dən olan rus tələbələri “По Берлину шагают наши казаки” (Berlində bizim kazaklar addımlayır) mahnısını oxumağa başladılar. Bunu görən hər iki tərəfin rəhbərləri təlaş içində bizimkiləri təcili universitetin akt zalından uzaqlaşdırdılar. Əgər SSRİ tələbələrindən ayıq olanları, mən içi qarışıq mübahisə edən tərəflərin arasına girməsələr əməlli əlbəyaxa dava başlayacaqdı. 

SSRİ-də milli ayrıseçkiliklə bağlı məni şoka salan hadisə isə 1983-cü ildə 4-cü kursun sonunda baş verdi. Zavodda işləyəndən məni tanıyan zavodun Baş Direktoru Yuriy Mixayloviç Novikov (onun doğma əmisi SSRİ Nazirlər Sovetinin sədr müavini Novikov 1980-ci ildə Moskva Olimpiadasının təşkilat Komitəsinin sədri olmuşdu. Sonralar bildiyimə görə onlar milliyətcə yəhudi idilər) məni yanına dəvət edib gələcək planlarımla maraqlandı. Qeyd edim ki, Y.M.Novikovun məni tanıması da bir hadisə idi. Aldığım maaş birbaşa gün ərzində gördüyüm işdən asılı idi. Yüksək maaş aldığımdan yaşlı fəhlələr dəfələrlə sex, zavod rəhbərlərinə şikayət edirdilər. Günlərin birində sex rəisi Rodionov zavod direktoru Y.M.Novikov ilə işlədiyim dəzgaha yanaşıb onlara fikir vermədən işimi davam etməyimi bildirdilər. Arada ayrı-ayrı tornaçılara yaxınlaşsalar da diqqətlərinin mənim işimdə olduğunu görürdüm. Nəyin baş verdiyini anlamasam da təlaş içində işimi davam etdirirdim. Təxminən 30-40 dəqiqədən sonra tornaçılığı mənə öyrətmiş Mixail Petroviç Kovalenko ilə yaxınlaşıb dəmirkəsən bıçaqları (rezets) neçə itilədiyimi, siqaret çəkib-çəkmədiyimi və bir neçə sualın cavabını soruşdular. Siqaret çəkmədiyimi, bıçaqları itiləməyi və digər iş nüanslarını da müəllimim Kovalenkodan öyrəndiyimi bildirdim. Bundan sonra sex rəisi tez-tez mənə zavod direktorunun salamını çatdırır və hansısa problemimin olub-olmadığını soruşurdu. Elə bu münasibətə görə də sonra zavoddan hüquq fakültəsinə qəbul olmaq üçün göndəriş almışdım. Y.M.Novikovun qəbuluna gələndə bildirdim ki, qanunla nəzərdə tutulduğu kimi zavodda 3 il işləyəndən sonra hökmən məhkəmə və hüquq-mühafizə sisteminə qəbul olmağa çalışacam. Həmin görüşdə mənim yanımda zavodun Həmkarlar Təkilatının sədri Baklajenkoya zəng edib məndən imtina barədə universitetə onun adından məktub göndərməyi xahiş etdi. 

Əziz Gənclər!

O vaxtlar mənim üçün də təəccüb yaradan, sonralar isə praktikada gördüyüm bu hissəyə xüsusi diqqət yetirmənizi xahiş edirəm. Həmin görüşdən az sonra Y.M.Novikovun katibəsi Zinaida Vasilyevna məni fakültənin dekanlığına çağırtdırıb zavod direktorunun ev ünvanını deyib axşam saat 8-də onlarda olmağımı bildirdi. Deyilən vaxtda fakültənin yaxınlığında şəhərin mərkəzi Krasnıy küçəsində yerləşən mənzildə oldum. Rəhmətlik Y.M.Novikov məni sanki doğması kimi qəbul edib uzun-uzadı söhbət etdi. Onda ilk dəfə SSRİ miqyasında vəzifə tutmaq üçün ya slavyan, yaxud da rus milliyətindən olan həyat yoldaşının olmasının vacibliyini bildim. Mən isə xoşbəxt, qarşılıqlı anlayışlı, davamlı ailə münasibətlərinin olması üçün həyat yoldaşımın azərbaycanlı olmasının vacibliyini söylədim. Rəhmətlik mənə Polşa Prezidenti Edvar Qerekin, səhv etmirəmsə Çexoslavakiya Prezidenti Qustav Qusakın və digərilərinin də həyat yoldaşlarının rus olduqlarını bildirdi. Mənim razılaşmadığımı görüb sonda dedi: “bura bax, monqol Yujmaqin Tsedenbalın da həyat yoldaşı Mariyadır”. Ondan sonra 5 kursu bitirəndə mən tələbə təyinatı komissiyasının yeganə tələbə üzvü idim və təyinat başlayandan komissiyanın üzvləri dekan Timeyko, hüquq fakültəsinin kafedra müdirləri, Krasnodar Ədliyyə nazirinin, diyar prokurorunun, diyar Məhkəmə sədrinin müavinləri ilə birlikdə bir otaqda oturmuşduq. O vaxtlar tələbələrin bal üzrə siyahısı (oxuduğumuz müddətdə aldığımız qiymətlərin toplusu, ictimai və elmi işlərdə iştirak üzrə bal əlavə edilirdi) və təyinat üzrə yerlər və onların sayı fakültənin divarında asılırdı. Komissiyanın sədri, səhv etmirəmsə Ədliyyə nazirinin müavini, hamı toplaşan kimi siyahıda birinci olan tələbəni içəri dəvət etməyi təklif etdi. Dekan siyahıda birinci komissiyanın üzvü Aslan İsmayılovun olduğunu bildirdi. Məndən təyinatı hara almaq istədiyimi soruşdular. Krasnodar şəhərində 3 hakim təyinatı olduğunu bildiyimdən (hakim seçilənlərin hamısı o vaxtlar 6 ay ərzində hökmən mənzillə təmin olunurdular) Krasnodarda hakim işləmək istədiyimi dedim. Bir anlıq çaşqınlıq yarandı və komissiya sədri xüsusi göstərişlə mənim Stavropol diyarına təyinat alacağımı bildirdi. Qəti etiraz etsəm də mənə məhəl qoyan olmadı. Detallara varmadan bildirim ki, sonralar bir nəfər də azərbaycanlının Krasnodarda qalmaması barədə Diyar Partiya Komitəsindən göstəriş olduğunu öyrəndim. Beləliklə, məndən qat-qat aşağı balları olan rus milliyətindən olan tələbələr Krasnodarda qaldığı halda siyahıda birinci olsam da məni ancaq azərbaycanlı olduğuma görə Stavropol diyarının səhrası olan Neftekumsk şəhərinə hakim göndərdilər. Bir ildən sonra Stavropol diyarının yenə də geridə qalmış Andropov rayonuna hakim göndərdilər. Burada da işləyən zaman qanuna riayyət etsəm də ancaq milliyətimə görə dəfələrlə ayrıseçkiliyə məruz qaldım. Rayon partiya komitəsinin katibi Biryukov, prokuroru Panin (SSRİ-nin son prezidenti M.C.Qorbaçovun Krasnoqvardeyskidən olan həmkəndlisi, bir sinifdə oxumuş), Polis şöbəsinin rəisi, hələ o vaxtlar rüşvətxorluğuna görə Qeorqiyevsk şəhərindən qovulan İstomin dəfələrlə rayonun partiya-təsərrüfat işçilərinin yığıncağında “bir qeyri-rus burada meydan sulamağa çalışır, heç kimin məsləhətinə qulaq asmır” deyə ittiham etmişdilər. 

1986-cı ildə Stavropol Diyarının tərkibində olan Qaraçay-Çərkəz respublikasının Zelençuk rayonuna məhkəmə sədri göndərildim. Cavan yaşımda elə böyük, prestijli rayona (o vaxtlar SSRİ-nin ən ali rəhbərlərinin, o cümlədın M.S.Qorbaçovun bağ evi məhz həmin rayonda yerləşirdi) məhkəmə sədr göndərilməyim savadımla, işlədiyim müddətdə hakim kimi çıxardığım heç bir hökmün, qətnamənin, qərarın ləğv olunmaması ilə izah olunsa da əsas səbəb o idi ki, həmin rayonda rus kazakları ilə yanaşı əhali əsasən türk kökənli karaçaylardan və çerkeslərdən ibarət idi. Diyar hakimiyyət dairələri isə yerli xalqlardan yox, müsəlman olan məni seçmişdilər. Məqsəd isə verilən tapşırıqları canla-başla yerinə yetirəcəyimə ümidli olmaları idi. 1986-1989-cu illər Zelençukda məhkəmə sədri işlədiyim müddətdə qanuna riayyət etməyimə baxmayaraq hansı basqılara, təqiblərə məruz qaldığımı isə yəqin ki, xatirələrimdə yazacam. Mənim hansı yolla olursa olsun həbs olunmağımla bağlı M.S.Qorbaçovun yaxın dostu, rayon partiya komitəsinin birinci katibi Aleksey İvanoviç Fyodorovun (ayaması Pinoçet idi) rayon prokuroru, əslən Yevlaxdan olan, azərbaycan dilini sərbəst bilən Mixail Petroviç Bratkova, polis rəisi Serqey İvanoviç Aqeyevə (özü Almaniyada gizir işləmişdi və M.S.Qorbaçovun müavini, SSRİ Aqrokompleksinin sədri Muraxovskinin bacısı qızını aldıqdan dərhal sonra, işdən anlayışı olmasa da polis rəisi təyin edilmişdi) göstəriş verməsini çoxları bilirdi. Vaxtilə Qaraçay-Çərkəzdə prokurorluqda çalışmış, bu gün də Bakıda yaşayan, Prokurorluq generalı Nazir Bayramov, vaxtilə Azərbaycan Respublikası Prokurorluğunda ən peşəkar mühüm işlər müstəntiqlərindən biri olan, hal-hazırda vəkil kimi çalışan Teymur Baloğlanov yazdıqlarımın şahididirlər və mənə elə gəlir ki, onlar daha çox deyə bilərlər. 


Milli ayrıseçkiliyi bariz göstərmək üçün Zelençukda məhkəmə sədri işlədiyim dövrdə baş vermiş hadisələrdən birini Sizinlə də bölüşürəm. Məhkəmə sədri işləməyə başladığım gündən rayon prokuroru və polis rəisi cavanlığımı, azərbaycanlı olduğumu nəzərə alaraq onların dedikləri ilə hərəkət etməyimi istədilər. Tam tərsini gördüklərindən haqqımda rayon partiya komitəsinə “donos”lar yazmağa başladılar. Yazılan yalanlar və şəxsi tapşırığını yerinə yetirməməyim Partiya Komitəsinin birinci katibi A.Fyodorovun qəzəbinə səbəb oldu və mənim partiyadan xaric olunmağım məsələsi Partiya bürosunun iclasına çıxarıldı. İttiham ondan ibarət idi ki, Prokurorun həbs ilə məhkəməyə göndərdiyi işlər üzrə baş çobanları məhkəmə zalından azad edib onlara islah işi təyin edirəm. Mənimlə bağlı arayış elan olunandan sonra A.Fyodorov qəzəblə “onlarla cinayətkarı həbsdən azad etməyini nə ilə izah edə bilərsən” sualına qısa cavab verdim ki, “çıxardığım hökmlərdən heç biri yuxarı məhkəmə tərəfindən ləğv edilməyib və qanunidir”. Bu cavab onu lap çaşdırdı və ağzı köpüklənə-köpüklənə “sən bura gəlibsən ki, cinayətkar məhəmmədliləri (yəni müsəlmanları) həbsdən azad edəsən”? (Ты пришел чтобы освободить магомедянинов). Baş verənlərin mənim üçün çox pis nəticələnəcəyini görüb kürsüyə qalxıb izahat verdim ki, mənim üçün dini və milli mənsubluq heç bir əhəmiyyət daşımır və Dövlətin xeyrinə olan hökmləri çıxartmışam. Birincisi, çoban vəzifəsində rayonda bir nəfər də rus işləmir və işləyənlərin hamısı qaraçaylardır. İkincisi, bu çobanlara elan olunan ittiham 5-10 qoyunun səhlənkarlıqdan məhv olmasıdır, halbuki həmin hadisələrdə külli miqdarda yeyintilərə yol verən bir nəfər də kolxoz sədri, yaxud sovxoz direktoru son illərdə məsuliyyətə alınmayıb. Buradan elan edirəm ki, əgər belə bir iş məhkəməyə gələrsə günakara həbslə bağlı uzun müddətli cəza verərəm. Üçüncüsü, həbslə gələn hər baş çobanın 6-8 uşağı var, əgər onlar həbsdə qalarlarsa həmin uşaqlar gələcəyin cinayətkarları ola bilərlər. Dördüncüsü, əgər onlara prokurorun tələb etdiyi kimi 3-5 il həbs cəzası verərəmsə dövlət bu müddət ərzində onların həbsdə saxlanması üçün külli miqdarda vəsait sərf etməlidir. Mən isə onlara 2 il maaşlarında 20 faiz dövlət nəfinə tutulmaqla islah işi verib dövlət büdcəsinə pul daxil olmasına nail oluram. Beşincisi, ən əsası, bu gün rayonda çoban çatışmazlığı var və qəbul etdiyim hökmlərlə bu problemin qismən də olsa həllinə nail oluram. Bu yerdə rayon partiya komitəsinin 2-ci katibi Oveçkina qalxıb, hesab edirəm ki, bu mövzunun müzakirəsini dayandırıb İsmayılovun partiya sıralarından xaric olunmasını gündəlikdən çıxartmalıyıq. Əminəm ki, həmin məqamda xanım Oveçkina iclasa bu cür müdaxilə etməsə o iclasda məni partiyadan xaric edəcəkdilər. Bu isə o vaxtlar həyata qara bilet almağa bərabər idi.

Əziz Gənclər!

Bu gün aramızda geniş yayılan SSRİ dövrü saxta firavanlığı, bərabərliyi, beynəlmiləlçiliyi özüm yaşadıqlarım faktlarla diqqətinizə çatdırmağa çalışdım. Ən əsası isə odur ki, istəmirəm ki, Siz yaşlı nəsilin hamısının SSRİ nostaljisi ilə yaşadıqlarını düşünəsiz. Azərbaycanda necə olduğunu bilmirəm, ancaq Rusiyada minlərlə gənc gizlincə malik olduqları əl radiolarında (tranzistorda) daim cürbəcür dalğalarda rus dilində “Azad Avropa”nın səsinə qulaq asırdıq və dünya, SSRİ haqqında məlumatlar əldə edirdik. Məhz həmin qısa verilişlərdə SSRİ-nin şər yuvası olduğunu daha aydın anlayırdıq. O dövlər məni kimi minlərlə azərbaycanlı müstəqil Azərbaycan eşqi ilə yaşayırdı. Onu da bildirim ki, Vətən eşqi qəribdə yaşayanlarda daha güclü olur.

1989-cu ildə mənə təklif olunan Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsinə bərabər olan Qaraçay-Çərkəz respublikası məhkəməsinin sədri vəzifəsindən Azərbaycan Respublikası Prokurorluğuna sıravi işə gəlməyimə yardım edən keçmiş Respublika Prokuroru İlyas İsmayılova bu gün də rəhmət diləyirəm. Azərbaycana gəldiyim gündən qarşılaşdığım bütün haqsızlıqlara baxmayaraq etdiyim seçimə görə heç vaxt təəssüflənməmişəm! Onu da qeyd edim ki, artıq 1990-cu ilin sonundan başlayaraq minlərlə azərbaycanlı gənclər məhz müstəqil Azərbaycan Dövlətinin quruculuğunda iştirak etmək üçün Rusiya, Ukrayna, Belorussiyada və digər respublikalarda hərbidə, hüquq-mühafizə orqanlarında tutduqları vəzifələri atıb Azərbaycana döndülər. Çox təəssüf edirəm ki, onların bir çoxları sonradan burada gördükləri hərc-mərclikdən məyus olub geri qayıtdılar. Qalanların isə bir çoxu gedən oyunlardan, alverlərdən baş çıxarmayıb siyasi oyunların qurbanları oldular. Azərbaycana gəldiyimdən az sonra mənə Sumqayıt hadisələri ilə bağlı cinayət işində dövlət ittihamını müdafiə etməyi tapşırdılar. Bu işlə tanışlıqdan sonra həqiqətən SSRİ-nin şər yuvası olduğunu bird aha gördüm. Bu barədə çox yazdığımdan qısa bildirirəm ki, işdə açıq-aşkar görünürdü ki, Sumqayıt hadisələri Moskva tərəfindən törədilib və erməni-azərbaycan millətləri arasında düşmənçilik toxumu səpmək məqsədi daşıyır. O işdən sonra analoji hadisələri Özbəkistanda, Moldovada da gördüm. Moskvanın əsas məqsədi SSRİ-də yaşayan xalqları bir-birinə düşmən etməklə Moskvadan asılı vəziyyətdə saxlamaq idi.

Əziz Gənclər!

Səhv etmirəmsə, birinci dəfə Rusiyanın Minvodı hava limanından Bakıya uçarkən təyyarədə Azərbaycan bayrağını gördükdə yaşadığım hissləri ancaq onu yaşayanlar bilər. Mən də gənc olmuşam və gəncliyə məxsus olan maksimalizmi başa düşürəm, çünki gənc ikən mən də baş verənlərin mürəkkəbliyini, çətinliyini, Rusiyanın Azərbaycana təsir imkanlarını bilmədiyimdən çox narazı olan vaxtlarım olub. Məni tanıyanlar mənə nikbinlik xəstəliyinə tutulmuş və müalicəsi mümkün olmayan insan hesab ediblər. Bu nikbinlimə baxmayaraq 60 yaşımda belə Qarabağın tam azad olunacağını ən böyük arzularımda (ən böyük arzularım isə Vətənim və bu Vətəndə yaşayacaq balalarımla bağlı olub) belə təsəvvür edəndə şübhələrim olub. 1994-cü il ən enerjili vaxtımda, 36 yaşımda Prezident Aparatında tutduğum vəzifədən azad olundum və “izqoy” elan edildim. Dəfələrlə o vaxtlar hüquq təhsili olanlar üçün ən aşağı iş sayılan vəkillikdən belə qovuldum, dəfələrlə məhkum olundum, ancaq heç vaxt özümü, SSRİ-də məhkəmə sədri olduğum dövlər aşağılandığım kimi hiss etmədim, ona görə ki, baş verənlər mənim Azərbaycan adlı Vətənimdə idi. 2019-cu ildə Facebook səhifələrimdə canlı yayımlarından birində çıxışım zamanı bildirmişdim ki, mən Şuşanı, Kəlbəcəri görməmiş ölmək istəmirəm, ona görə Qarabağ müharibə yolu ilə qaytarılmasına hazır olmalıyıq. Onda belə o arzumun həyatına keçəcəyinə tam inanmırdım, ancaq bu yolda çalışmağın vacib olduğunu bilirdim ki, sonra özüm-özümə bu yolda tam çalışmadım deməyim. O vaxtlar belə Qarabağın tam azad olunacağını, heç bir müxtariyyət verilmədən Azərbaycanın tərkibində olacağını ağlıma belə gətirmirdim. O vaxtdan təxminən 6 il keçib, bu isə tarix üçün çox-çox az vaxtdır. Bu gün Qarabağ Azərbaycanın tərkibindədir və Dövlət olaraq ərazi bütövlüyümüzü tam təmin etmişik!

Əminəm ki, mən yaşda olanların mütləq əksəriyyəti bu gün də düşünürlər ki, Rusiya, İran kimi imperiyaların təsir dairəsindən çıxıb sivilizasiya - ABŞ və Avropa istiqamətinə hərəkət etmək mümkün deyil. Bu yaşımda qazandığım təcrübədən çıxış edərək inamla bildirirəm ki, bu mümkündür, özü də tək fikrim deyil, həm də bu günün reallığıdır! Sadəcə buna inanmaq və bu istiqamətdə inamla irəliləmək lazımdır. Bunun üçün isə birinci növbədə bir şeyi anlamalıyıq ki, biz azərbaycanlı olaraq xaricdə hansı imkanlara malik olsaq da heç vaxt Vətənimizdə olan kimi xoşbəxt ola bilmərik. ABŞ və Avropada çox varlı, zəngin həyata məxsus olan çoxlu sayda azərbaycanlılarla söhbətim olub və onların içində Vətəndən kənarda xoşbəxt olanını görməmişəm. Ümumilikdə çoxları həyatlarında xoşbəxt olduqlarını bildirsələr də, təklikdə, səmimi söhbətlərdə Vətəndən kənarda xoşbəxtliyin mümkünsüz olduğunu bildirirlər.

Əminliklə Sizə bildirirəm ki, əgər biz bu son həmləni dəf edib yolumuza bu cür davam edə bilsək Siz özünüzə layiq, heç də ABŞ və Avropadan geri qalmayan cəmiyyət quracaqsınız. 

Sonda bu gün hakimiyyətə tərif deyən fürsətçilərə, yaxın keçmişdə rəhmətlik Heydər Əliyevi və İlham Əliyevi təhqir edib bu gün mədhiyyə deyənlərə qoşulmamaq üçün onların bu yolda etdikləri barədə uzun uzadı yazmayacam. Ancaq əminəm ki, Siz bu 2 nəhəng şəxsiyyətin müstəqil Azərbaycan Dövləti üçün ən azı son 32 ildə etdiklərini özünüz zaman keçdikcə dəyərləndirəcəksiniz.


P.S. Ümid edirəm ki, bu yazını bir oturuma, emosional vəziyyətdə yazıldığından yol verilən nöqsanlara və həcminin böyüklüyünə görə məni bağışlayıb sona qədər oxuyacaqsınız.

Foto: 1975-ci il, 18 yaşımda Krasnodar Kompressor Zavodunda tornaçı işlədiyim vaxtı şərəf lövhəsində olan şəkilim."


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zeynəb Xanlarovadan Aslan İsmayılova dəstək - MÜRACİƏT

    Zeynəb Xanlarovadan Aslan İsmayılova dəstək - ...

    27-05-2013, 18:14

  • 
  • “Biz SSRİ-ni bərpa etmək istəmirik”

    “Biz SSRİ-ni bərpa etmək istəmirik” ...

    25-05-2014, 13:14

  • 
  • Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər

    Qorbaçov SSRİ-ni dağıtdığına görə həbs edilə bilər ...

    10-04-2014, 10:32

  • 
  • Aslan İsmayılov MTN-ə müraciət etdi

    Aslan İsmayılov MTN-ə müraciət etdi ...

    13-08-2013, 21:46

  • 
  • Keçmiş SSRİ məkanının ən böyük dələduzu Sergey Mavrodi öldü

    Keçmiş SSRİ məkanının ən böyük dələduzu Sergey ...

    26-03-2018, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (234)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu