Dövlət Komitəsi insanları taleyi ilə niyə oynayır?
Azərbaycan dövləti son illər dünyada ermənilər tərəfindən vəhşicəsinə məhv edilmiş Xocalı şəhəri və bir gecədə soyqırıma məruz qoyduğu şəhər insanlarının faciəsini dünyada təbliğ edir. Bu təbliğatın nəticəsi olaraq dünyanın bir neçə dövləti Xocalıda baş verənləri soyqırım olaraq qəbul edib. Amma uzaq ölkələrdə qəbul etdirilən bu qanunların fonunda Bakıda, qulağımızın dibində cərəyan edənlər isə olduqca ziddiyyətlidir. Yayımladığımız fotolar Bakı şəhəri, Binəqədi rayonu, 6-cı Mikrorayon ərazisində yerləşən binanın görüntüləridir. Vaxtı ilə Təcili Tibbi Yardım Stansiyası üçün tikilməli olan yarımçıq binada isə 1996-cı ildən Xocalı şəhərindən didərgin düşmüş insanlar yaşayır. Görüntülərdən də aydın görünür ki, bura insan yaşamaq üçün yer deyil və hər an təhlükə baş verə bilər. Yarımçıq və istismar müddəti başa çatmış bu binaya 18 ildir xocalıları yerləşdirmək heç bir ədalətə sığmır. Qaçqınların problemləri ilə məşğul olan Qaçqınlarla İş üzrə Dövlət Komitəsi isə bu illər ərzində özünü sanki heç nə olmamış kimi aparır. Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova da bu prosesdən pay düşür. O da rayonun rəhbəri kimi, Xocalı camaatının hansı məşəqqət və məhrumiyyət içində yaşadığını bildiyi halda, heç bir tədbir görməyib və bundan sonra da görmək niyyətində deyil. Hər halda adları çəkilən hər iki qurumun diqqətinə çatdırmaq lazımdır ki, ildə bir dəfə Xocalı faciəsini qeyd etməklə yanaşı, onların problemlərini də həll etmək vacibdir. Xüsusən də soyqırım yaşamış və dəhşətli günlər görmüş bu insanların belə şəraitdə yaşaması heç bir ədalətə, insafa sığmır. Ümid edirik ki, aidiyyatı qurumlar məsələ ilə maraqlanıb, bu insanların problemlərini çözəcək. ELMAN
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?