Son günlər Bakı Sənaye-Pedaqoji Kollecində baş verən ciddi qanun pozuntuları barədə mətbuatda mütamadi məlumat yayılır . Bu Kollecin direktorunun qanunsuz əməlləri barədə isə indi sizə məlumat verəcəyik. Bakı Sənaye-Pedaqoji Kollecində baş verən ciddi qanun pozuntularına dair daxil olan bilgilər əsasında tənqidi material dərc olunub. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Vidadi Orucov rəhbərlik etdiyi təhsil müəssisəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini şəxsi maraqlarının təmin olunmasına sərf edir. Bütün bunların kollecin rəhbərliyi tərəfindən dövlət vəsaitinin mənimsənilməsi hallarına yol verildiyinə dəlalət etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, hər vasitə ilə əlavə qazanc əldə etməyə çalışan Vidadi Orucov bu məqsədlə hətta aşkar qanunsuzluqlara əl atmaqdan belə çəkinmir: “Bakı Sənaye-Pedaqoji Kollecində baş alıb gedən qanunsuzluqlar fonunda Vidadi Orucovun uzun illərdir yerindən tərpənməməsi bəzi maraqlı sualların ortaya çıxmasına səbəb olur”. Hazırda Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru Vidadi Orucovun həyətində 12 ədəd xarici avtomobilin olduğunu deyən məlumatlı şəxsin iddiasına görə, bütün bunlar elə-belə yerə əldə olunmayıb: “Vidadi Orucovun qızının həyat yoldaşı “Kia Motors”un Azərbaycan nümayəndəliyinin rəhbəridir. Elə buna görə də o, əldə etdiyi vəsaitlərin böyük bir hissəsini “Kia Motors”a yönəltməklə, bir növ kürəkəninə maddi dəstək göstərir. Məndə olan bilgilərə görə, son zamanlar onun vəziyyəti bir qədər ağırlaşıb. Belə ki, Təhsil Nazirliyinin nümayəndələri Vidadi Orucovun direktoru olduğu Bakı Sənaye-Pedaqoji Kollecində yoxlamalara başlayıblar. Yoxlamaların aparılmasında məqsəd kollecdəki neqativ halların üzə çıxarılmasıdır. Nazirliyin səlahiyyətli nümayəndələri kollecdə təhsilin istənilən səviyyədə olmaması, müəllimlərin və direktorun tələbələri incitməsi barədə yayılan məlumatların doğru olub-olmamasını aşkarlamağa çalışırlar. Qeyd edim ki, yoxlamaların ilkin nəticəsi o qədər ürəkaçan deyil. Belə ki, orta ixtisas təhsili müəssisəsinin istifadə olunmamış mal və avadanlıqların saxlandığı anbarda qanun pozuntuları aşkarlanıb. Müəyyən edilib ki, həmin malların yarısı yoxdur. Nazirlik rəsmiləri avadanlıqların hara yoxa çıxdığını yəqin ki, yaxın günlərdə müəyyənləşdirəcəklər. Bu arada, Vidadi Orucov isə məsuliyyətdən yayınmaq, özünə qarşı olan təhlükələri dəf etmək üçün hansısa prokurorun adını tez-tez hallandırır”. Vidadi Orucovun rəhbərlik etdiyi təhsil müəssisəsində tələbələrə qarşı bir sıra “cərimə”lər tətbiq etdiyini vurğulayan mənbənin bildirdiyinə görə, bütün bunlar əlavə qazanc əldə etmək məqsədilə həyata keçirilir: “Kollec direktoru əlavə gəlir əldə etməyin başqa bir yolunu tapıb. Məsələn, əgər dərs vaxtı hansısa tələbə dəhlizdə gəzirsə və o, Vidadi Orucovun gözünə dəyibsə, o zaman həmin şəxsə dərhal “müvafiq cərimə” tətbiq olunur. Həmin “cərimə”lər isə birbaşa rəhbərliyin nəzarətində olur. Bundan əlavə, onu da qeyd edim ki, hazırda Bakı Sənaye-Pedaqoji Kollecində məsul vəzifələrdə çalışan şəxslərin çoxu Vidadi Orucovun qohumlarıdır. Məsələn, kollecin tədris hissə müdiri Azər Mustafayev direktorun qaynıdır. Bu həmin Azər Mustafayevdir ki, yoxlama gələn kimi işlərin qaydasında getmədiyini görərək kollecdən uzaqlaşıb. Tədris hissə müdiri ilə yanaşı, Vidadi Orucov da təşvişə düşüb. Direktor bütün şöbə müdirlərinə tapşırıb ki, adı əyani tələbələrin sırasında olan, lakin dərsə gəlməyən tələbələrə zəng vurub dərsə çağırsınlar. Direktorun digər qohumu isə 1 saylı şöbənin müdiri Nofəl Nəbiyevdir. O, Vidadi Orucovun qaynı oğludur. Deyilənə görə, təhsil müəssisəsinin rəhbərinin öz həyat yoldaşının, həmçinin qaynının həyat yoldaşının da adı kollecdə işçi kimi gedir”. Söz yox ki, Vidadi Orucovun qohumlarını yanında çalışdırması, onlara münbit şərait yaratması müvafiq qanunlara ziddir. Məlumat üçün bildirək ki, hələ sovet dövründə dövlət qurumlarında rəhbərlikdə çalışan şəxslərin yaxın qohumlarının onun tabeçiliyində işləməsinə məhdudiyyətlər vardı. Əslində indi də belədir. Odur ki, yüksək rütbəli məmurun yaxın qohumunun onun tabeçiliyində işləməsi qanunsuzdur. Biz bunu özümüzdən demirik. Qanunlar bunu diqtə edir. Məsələn, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7-ci maddəsində göstərilib ki, qanunvericilikdə nəzərdə tutulan hallardan başqa rəhbər vəzifəli şəxslərin yaxın qohumları onların tabeliyində işləyə bilməzlər. Odur ki, Bakı Sənaye-Pedaqoji Kollecinin direktorunun əməli sırf qanunsuzluqdur. Çünki bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun müddəalarının pozulmasına gətirib çıxarır. Yüksək vəzifəli şəxsin yaxın qohumunun onun tabeçiliyində işləməsi həmin yaxın qohuma vəzifəsindən su-istifadə etməsinə imkan yaradır. Bunlar da korrupsiya cinayətlərinin artmasına gətirib çıxarır... Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. R.Əlicanlı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?