Milyarder Berlusconinin mafia ilə əlaqələrini məhkəmə təsdiqlədi. İsveçrədə məktəb direktoru təkbaşına Rusiyaya qarşı sanksiya qoyur. Xruşov qəhrəman olub yoxsa əclaf? - Qərb mətbuatının icmalı
BERLUSCONİ VƏ MAFİA
Independent qəzeti yazır ki, dünyanın ən tanınmış qalmaqallı siyasətçisi Silvio Berlusconinin İtaliya mafiyası ilə əlaqələri təsdiqlənir. Bu, Romanın Ali Kassasiya Məhkəməsinin qərarıdır. İtaliyanın keçmiş baş naziri, milyarder Berlusconi 20 il İtaliya mafiyası Cosa Nostra ilə əməkdaşlıq edib. Berlusconi mafia ilə keçmiş senator Dell’Utri vasitəsilə əlaqə saxlayırmış. Məhkəmə prokurorun ittihamını müdafiə edib. Həmin ittihama görə, “1974-cü ildən 1992-ci ilə kimi Marcello Dell’Utri Cosa Nostra ilə Berlusconinin sövdələşmələrinə təminatçı olub”. Prokuror bildirir ki, Berlusconini mafia ilə əlaqəyə heç kim məcbur etməyib. "Bu əməkdaşlıq könüllü və düşünülmüş olub". Polis informatorunun məlumatına görə, Berlusconi mafianın kassasına ildə yarım milyon dollara yaxın pul verirmiş ki, mafia onun Siciliyadakı biznesini qorusun.
QƏHRƏMAN YOXSA ƏCLAF?
Newsweek jurnalı keçmiş SSRİ lideri Nikita Xruşov haqda yeni kitabdan yazır və soruşur ki, Xruşov qəhrəman olub yoxsa əclaf? Yeni kitab Xruşovun nəvəsi Ninanın xatirələridir. Xruşovun nəvəsi yazır ki, SSRİ-də Stalin müqəddəs idi. Xruşov 1956-cı ildə bu bütü dağıtdı və Stalinə pərəstiş edənlər bir neçə il sonar 1964-cü ildə Xruşşovu yıxdılar. Keçmiş hökumət başçısı Molotov bundan əvvəl deyirdi: “Stalin vaxtı biz möhkəm əlin rəhbərliyi ilə hərəkət edirdik. Bu əl zəifləyəndə hərə öz mahnısını oxuyur. Nikita cəmiyyətin ipini boş buraxdı, bu da cəmiyyətə ziyan vurur. Buna demokratiya, humanism deyirlər. ancaq bunlar sadəcə olaraq burjua təsiridir”. Nina Xruşova yazır ki, liberal ziyalıların dediyi düz çıxdı: Xruşşov stalinizmə qarşı mübarizənin yeganə təminatçısı idi. Xruşovu işdən çıxardandan sonra isə onun adı da bütün kitablardan silindi. Sanki belə adam olmayıb. O ölənə qədər təcrid olunmuş vəziyyətdə yaşadı, onun yanına gələnlərə KQB göz qoyurdu.
DİREKTORUN RUSİYAYA QARŞI SANKSİYASI
Guardian qəzeti yazır ki, İsveçrədə rus qadını məktəbə müəllim götürməyiblər və rəsmi izah belə olub ki, Rusiya Ukraynaya təcavüz etdiyinə görə onu məktəbə müəllim götürə bilməzlər. Bu, İsveçrənin Lozanna şəhərində İssas İnstitutunun direktorunun yazdığı məktubda deyilir. Svetlana adında həmin qadın dərsdən sonra şagirdlərə, tələbələrə rus dili öyrətmək istəyirdi. Svetlana deyir ki, bu məktubdan şok olub və məktubu İsveçrə qəzetlərinə verib. Məktəbin direktoru isə İsveçrə mətbuata deyir ki, onun hökuməti Rusiyaya qarşı heç bir əhəmiyyətli sanksiya tətbiq etmədiyinə görə, onun özü nəsə etmək qərarına gəlib. Martin Freiburghaus adlı həmin director Guardiana isə deyib ki, “onlar ( yəni ruslar) bizim vebsaytları dağıdır, məktublalarla hədələyir, biz isə özümüzü uşaq kimi aparırıq, bu, yaxşı deyil”.
SİYASİ İSLAM VƏ DEMOKRATİYA
Foreign Policy məcmuəsi yazır ki, əgər siyasi islam və demokratiya Ankarada bir yerdə yaşaya bilmirsə, onda Yaxın Şərqdən nə gözləmək olar? Məqalədə deyilir ki, Erdogan güclü və xarizmatik liderdir, əksəriyyət onu dəstəkləyir, ancaq o, əsas fundamental haqları pozur və qanunun aliliyi prinsiplərini dağıdır. Türkiyədə qorxu var ki, Erdoganın avtokratizmi Türkiyə demokratiyasının əsaslarını laxladır. Erdoganın və oğlunun telefon danışığı yazıldığı iddia olunan audio yayılanda baş nazirin bu korrupsiya qalmaqalına reaksiyası onun hakimiyyətinin son illər daha da genişləndiyini və onun demokratik cəmiyyətin əsas təminatı olan prinsiplərə məhəl qoymadığını göstərdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?