AMİ-də saxta diplom qalmaqalı rektoru bitirə bilər
Yeganə Əliyeva aldığı pulları Aqiyə Naxçıvanlı ilə bölüşdüyünü iddia edir
Son dövrlər Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) adı bir sıra qalmaqallı məsələlərdə hallanır. Xüsusən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmalara başlaması bu barədə dolaşan söhbətləri rəsmiləşdirməyə başlayıb. Xüsusən də saxta diplom məsələsi daha qabarıq şəkildə diqqəti çəkir. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hal-hazırda AMİ-nin Gəncə filialında saxta diplomlarla bağlı məsələləni araşdırır. Hadisənin konkret olaraq nə ilə nəticələnəcəyi məlum deyil. Çünki işin içinə daha çox adamın adı qarışıb. Bu əsnada daxil olan şikayət məktubunda AMİ-də açılmış saxta diplom bazarının bəzi iştirakçılarının adı məlum olub. Adının çəkilməsini istəməyən vətəndaşlardan biri yazır ki, AMİ-nin Gəncə filialının müəlliməsi Yeganə Əliyeva ondan 13 min manat pul alaraq, TQDK-nın da təsdiq etdiyi diplom verəcəyini vəd edib. Onun bildirdiyinə görə, hadisə 2012-ci ildə baş verib və bu prosesdə yaxın qohumlarından biri iştirak edib. «Həmin məbləği mən Yeganəyə Gəncə şəhərindəki evində verdim. Sonradan diplomun saxta olduğunu öyrənəndən sonra Yeganə Əliyevadan pulu tələb etməli oldum. O isə cavabında bildirdi ki, «Biz indiyə qədər belə diplom satmamışıq, təsdiqlənmiş sənəd olmur. Pulu isə qaytarmaq müzakirə oluna bilməz». Hələ də pulumu geri ala bilmirəm». İşin ən maraqlı tərəfi odur ki, saxta diplom alveri edən Yeganə Əliyeva hələ də AMİ-nin Gəncə filialının müəllimi işləyir. Üstəlik, o, aldığı pulları təkbaşına yemədiyini, onu filialın direktoru və AMİ-nin rəhbəri Aqiyə Naxçıvanlı ilə birlikdə bölüşdüklərini iddia edib. Üstəlik, kimsənin ona söz deməyə haqqı olmadığını da bildirir. Qeyd edək ki, əslində, Yeganə Əliyeva Aqiyə Naxçıvanlının adını çəkməklə özünü sığortalamaq istəyir. Mümkündür ki, AMİ-nin direktoru olan xanım deputatın bu məsələdən ümumiyyətlə xəbəri yoxdur. Amma AMİ-nin müəllimi ilə bağlı lazımi tədbirin görülməməsi bəzi əsaslı şübhələr üçün zəmin yaradır. Hər halda bu yazıdan sonra Aqiyə Naxçıvanlının baş verən olayla bağlı araşdırma aparıb, gərəkən tədbirlər görəcəyinə ümid bəsləyirik. Həmçinin ona da ümid edirik ki, məhz Aqiyə Naxçıvanlının təsir imkanları sayəsində sözügedən vətəndaşın pulu geri alınacaq və sahibinə qaytarılacaq. Bu arada aldığımız informasiyalara əsasən, yaxın günlərdə Aqiyə Naxçıvanlı ilə bağlı da mühim qərar veriləcək. Daxil olan xəbərlərə əsasən, Azərbaycan Müəllimlər İnstitutunun filialları tərəfindən saxta diplomların verilməsi faktlarının aşkarlanması və bundan sonra həmin fakt üzrə cinayət işinin açılması haqda məlumat vermişdik. Hazırda isə bütövlükdə Azərbaycan Müəllimlər İnstitutunun fəaliyyəti ciddi şəkildə təftiş olunur. Hazırda Təhsil Nazirliyinin xüsusi komissiyası AMİ-də təftişlərə başalyıb və bu təftişlərin yekunu olaraq bir sıra ciddi qərarların veriləcəyi gözlənilir. Daxil olan məlumata görə, artıq AMİ-nin rektoru, millət vəkili Aqiyə Naxçıvanlı institutun işlərindən faktiki olaraq uzaqlaşdırılıb və onu necə deyərlər, oyundan kənar vəziyyətə salıblar. Belə ki, mart ayının ortalarından məzuniyyət adı ilə işdən kənarlaşan Aqiyə xanım məzuniyyət müddətinin çoxdan bitməsinə rəğmən hələ də iş yerinə qayıtmayıb. Mənbəmizin sözlərinə görə, bir müddət Avropa ölkələrindən birində müalicə alan xanım rektor hazırda Azərbaycanda olsa da işə çıxmağa tələsmir. Bu isə onun faktiki olaraq işdən kənarlaşdırılması ilə bağlıdır. Mənbəmiz iddia edir ki, Aqiyə xanım özünü qorumaq üçün bir sıra vasitələri sınaqdan keçirsə də bunlar fayda verməyib və beləliklə də o, “vurulacağı” ilə barışıb. Məlumatlara görə, ətrafında baş verənlərdən ciddi sarsıntı keçirən rektor indi müalicə almaqla məşğuldur. Çox yaxın zamanlarda isə onun öz ərizəsi ilə vəzifəsindən istefa verəcəyi gözlənilir. NƏRMİN
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?