Səbailin icra başçısı Yavər Allahverdiyevi düşdüyü çətin vəziyyətdən xilas etməyə çalışır...
Səbail rayon İcra Hakimiyyəti 10 AS 509 nömrə nişanlı “Hyundai Grandeur” markalı avtomobilin bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı məlumat yayması haqqında məlumat dərc etmişdik. Həmin məlumatda, 10 AS 509 nömrə nişanlı avtomobilin icra hakimiyyətinin tabeçiliyində olduğunu, amma qəzanın başçının müavini Yavər Allahverdiyev tərəfindən deyil, icra hakimiyyətinin sürücüsü Sabir Hacıkərimovun törətdiyi qeyd olunub. Hadisə şahidlərinin ifadələrinə əsasən, qəzanın Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun müavini Yavər Allahverdiyev tərəfindən törətməsini isə təsdiqləmişdi. Belə ki, hadisə şahidi Emil adlı şəxs jurnalistlərlə əlaqə saxlayaraq “Hyundai” markalı avtomobili başçının müavini Yavər Allahverdiyevin özünün idarə etdiyini, hadisə yerinə “909” nömrəli “Land Krauser” markalı avtomobilin gəldiyini və onların ilk işinin “Hyundai” markalı avtomobilin nömrəsini açmaq və izi itirmək olduğu barədə açıqlama vermişdi. Məsələ mətbuatın gündəmində qaldığı üçün hadisə ilə bağlı daha yeni informasiyalar ortaya çıxır. Asif Əsgərovun müavini ilə bağlı daha bir məlumat əldə edib. İcra hakimiyyətində çalışan və adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Asif Əsgərov bu hadisəni başqa bir işçisinin törədəcəyi təqdirdə özünə siyasi zərər dəyməməsi üçün həmin şəxsi vəzifəsindən azad etməli idi. Amma nədənsə Asif Əsgərov öz müavini Yavər Allahverdiyevin müdafiəsinə qalxıb və onun bu çətin prosesdən çıxması üçün əlindən gələni edir. Mənbənin sözlərinə görə, Yavər Allahverdiyev Asif Əsgərov üçün digər müavinləri Xalidə Bayramovadan və Eldar Ağayevdən daha önəmli kadrdır. Mənbə deyir ki, Yavər Allahverdiyev Asif Əsgərovun müxtəlif bizneslərində əsas “pulyığan” kimi ad qazanıb və buna görə də Asif Əsgərov bu məsələnin tez bir zamanda ört-basdır edilməsinə çalışır. Sonuncunun 2009-cu ildən rayon icra hakimiyyətinin müavini təyin olunmasından öncə, Asif Əsgərovla yaxın münasibətdə olması da istisna edilmir. Xatırladaq ki, rəsmi məlumatda da Bakı şəhər sakini Sabir Hacıkərimovun (red: Allahverdiyevin sürücüsü, icra hakimiyyətinin işçisi) idarə etdiyi “Hyundai” markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurduğu qeyd olunur. M.Şirinovun öldüyü bu qəza faktı ilə bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlandığı rəsmən elan olunub. E.Cavadlı
Sorğu
Yeni dizaynımız necədir?