Asif Əsgərovun müavini Yavər Allahverdiyevin gizlədilən əməli haqda ilginc təfərrüatlar
Bəzi məmurların «avtoş» balaları cəmiyyət üçün potensial təhlükə mənbəyidir. Bu, heç kimə sirr deyil. Çünki gözünü pul örtmüş gənclərin bahalı maşınları ilə nə vaxt və harda qarşımıza çıxacağını dəqiq bilmirik. Atalarının hesabına yeyib-içib bahalı əyləncə mərkəzlərində istirahət edən gənclər üçün kimisə maşınla vurub öldürmək sanki adi bir şeydir. Son aylar ərzində müxtəlif vəzifələrdə çalışan şəxslərin övladlarının törətdikləri ağır yol nəqliyyat hadisələrinin sayı durmadan artmaqdadır. Düzdür, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları cəmiyyətdə özünü apara bilməyən məmur balaları ilə bağlı lazımi cəza tədbirləri həyata keçirirlər. Amma bu, bəzi məmurların və onların övladlarının özbaşına hərəkətlərinə birdəfəlik son qoyulması anlamına gəlməməlidir. Yəni hələ də bu sahədə ciddi problemlər mövcuddur. Əgər dünənə kimi vəzifəli şəxslərin uşaqları müxtəlif cinayət hadisələrini törədirdilərsə, bu gün bəzi məmurlar bilavasitə xoşagəlməz hadisələrin iştirakçısına çevrilirlər. Yadınızdadırsa, bu ilin may ayında Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Yavər Allahverdiyev 10-AS-509 dövlət nömrə nişanlı «Hyundai» markalı avtomobili ilə Salyan şossesində yüksək sürətlə hərəkət edərək ağır yol-nəqliyyat hadisəsi törətdi. Baş vermiş qəza nəticəsində piyadalardan Misir Şirinov hadisə yerində dünyasını dəyişdi, digər iki nəfər isə Şəhər Kliniki Xəstəxanasına çatdırıldı. Lakin xəsarət alanlardan Zəfər Xəlilov da xəstəxanada dünyasını dəyişdi. Xatırladaq ki, qəzaya səbəb olan avtomobil yüksək sürətlə, deyilənə görə, 140-160-la hərəkət etdiyi üçün vurduğu piyadalardan ikisi zərbənin təsirindən bir neçə metr hündürə qalxıb və yolun kənarındakı reklam lövhəsinə dəyib. Zərbə o qədər güclü olub ki, reklam lövhəsi cırılıb. Şahidlərin sözlərinə görə, hadisə yerində dünyasını dəyişən piyadanın başı reklam dirəyinə dəyib və boynu dirəyin dəmir parçasına ilişdiyi üçün elə oradaca ölüb. Digər piyadanın isə başı zərbə ilə reklam lövhəsinə dəyərək yerə düşüb. Baş vermiş hadisəyə görə, Yavər Allahverdiyevin sürücüsü Sabir Hacıkərimov saxlanılıb. Hadisə şahidləri və yaralanan şəxslərdən biri isə qəza baş verərkən sükan arxasında Yavər Allahverdiyevin özünün olduğunu bildiriblər. Hadisə qeydə alınandan bir neçə dəqiqə sonra əraziyə gələn «Land Cruiser» Yavər Allahverdiyevi aparıb. Baş vermiş yol qəzasının üstündən iki aydan çox vaxt keçməsinə baxmayaraq, icra başçısının müavini cinayət məsuliyyətinə cəlb edilməyib. Əksinə, onun hadisədə heç bir günahı olmayan sürücüsü həbs edilib. Məmur törətdiyi hadisəni sürücüsünün üstünə yıxıb. Yavər Allahverdiyevin kimin və ya nəyin köməyi ilə məsuliyyətdən yayındığını araşdıranda aydın oldu ki, bu işdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov amili öz sözünü deyib. Özəl qaynaqlardan aldığımız bilgilərə əsasən, icra başçısı ilə müavini kirvədirlər və məhz bu qohumluq əlaqəsi Yavər Allahverdiyevin həbsə gedən yolunu bağlayıb: «Səbailin icra hakiminin himayəsi olmasaydı, müavini çoxdan həbs edilmişdi. Hadisə şahidləri qəzanın məhz icra hakiminin müavini tərəfindən törədildiyini bildiriblər. Rayon rəhbəri isə aidiyyəti hüquq-mühafizə orqanlarındakı dayaqlarını məsələyə cəlb edərək müavininin məsuliyyətdən yayınmasına nail olub. Beləcə, iki nəfəri öldürən, bir nəfəri isə ağır yaralayan məmur həbs təhlükəsindən qurtulmağı bacarıb. Asif Əsgərovun işə müdaxilə etməsindən sonra kirvəsinin başı üzərində dolaşan «qara bulud»lar çəkildi». Mənbənin bildirdiyinə görə, hadisənin mətbuatın gündəmindən çıxmasında da icra başçısının «xidmət»ləri olub: «Səbailin rəhbəri bəzi mətbuat orqanlarını nəyinsə müqabilində ələ almağı bacarıb. Onun xahişindən sonra hadisəni manşet edən qəzet və saytlar bir andaca məsələni gündəmdən çıxardılar. Bununla da Yavər Allahverdiyevin törətdiyi ağır cinayət unuduldu». İki nəfəri öldürüb, birini ağır yaralayan icra başçısının müavininin cəzasız qalması qanunların fiaskoya uğraması deməkdir. Belə çıxır ki, mövcud qanunlar bəzi məmurlar və onların uşaqları üçün keçərli deyil və ancaq kasıb təbəqənin nümayəndələri üçün nəzərdə tutulub. Cinayət Məcəlləsinin Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərdə tutulmuş əməllər iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?