Pedro Aqramunt və Cozef Debono Qrexlə görüşdən sonra nə dəyişəcək?
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex mayın 19-da Avropa Şurasının Bakı ofisində bir sıra KİV və jurnalist təşkilatlarının rəhbərləri ilə görüş keçiriblər. Görüşdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov, Azərbaycan Media Mərkəzinin meneceri Gülnarə Axundova, “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova, “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu, “Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlinski, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Bizim yol” qəzetinin redaktoru Bahəddin Həziyev, Media Hüquqları İnstitutunun eksperti Xalid Ağaliyev iştirak ediblər. KİV nümayəndələri məruzəçilərə söz azadlığı sahəsində real vəziyyət, xüsusən son bir il ərzində Azərbaycan mətbuat sahəsində vəziyyət haqqında obyektiv informasiya vermək üçün dəvət ediliblər. Söz və ifadə azadlığı sahəsində vəziyyət pisləşməkdə davam edir. Bütün iştirak edən jurnalistlərin və ekspertlərin çıxışlarından bu nəticə çıxıb. “On jurnalist həbsdədir”, - deyə Xalid Ağaliyev bildirib. Emin Hüseynov həbs edilmiş jurnalistləri – Rauf Mirqədirovu, Pərviz Həşimlini, Əvəz Zeynallını, Hilal Məmmədovu, habelə reportyorların döyülməsi faktlarını xatırladıb. O, həmçinin “Demokratiyaya yardım” QHT-nin rəhbəri Emin Məmmədovu həbsinin siyasi motivli olduğu haqqında hesabat verib. Azərbaycanda ən qədim qəzetlərin rəhbərləri bildiriblər ki, vaxtilə flaqman mövqeyi tutan nəşrlər indi hakimiyyətin pərakəndə satışı və reklamı məhdudlaşdırması nəticəsində bağlanmaq təhlükəsi ilə üz-üzədir. Gündəlik “Zerkalo” qəzeti həftəlik formata keçmək məcburiyyətində qalıb, “Yeni Müsavat”ın tirajı isə 2/3 azalıb. Əhalinin 70%-nin internetə çıxışı olduğu barədə rəsmi bəyanatlara baxmayaraq, bir çox istifadəçilərin online-mediaya çıxışı yoxdur. “İnternet müstəqil deyil, belə ki, bütün trafikə hökumət provayderləri nəzarət edir”, - deyə Xədicə İsmayılova bildirib. Media Hüquqları İnstitutunun məlumatına görə, söz və ifadə azadlığı sahəsində qanunvericiliyin sərtləşməsi müşahidə olunur. Xüsusən, internetdə diffamasiyaya görə cəza tətbiq edilib, hökumət isə söz azadlığı sahəsində qanunvericilikdə cinayət məsuliyyətinin ləğv edilməsi öhdəliklərini yerinə yetirmək istəmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?