Şahin Məmmədov istefaya göndərilə bilər, onun yerinə ağcabədili rəhbər gətiriləcəyi gözlənilir
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov istefaya göndərilə bilər. Ş.Məmmədov ümidləri doğrultmayıb. İcra başçısı rayona şəxsi dədə malı kimi yanaşıb və Ağcabədidə satmadığı yer qoymayıb. Rayonu alt-üst edən Ş.Məmmədov barəsində yuxarıya gedən şikayətlər dosye şəklini alıb. İcra hakimlərinin dəyişməsinə hazırlıq ərəfəsində Ağcabədinin rəhbəri də qara siyahıya salınıb. Ş.Məmmədov istefaya göndəriləcəyi halda rayona yerli adamın başçı təyin olunacağı gözlənilir. Bu barədə “Gündəm-xəbər”ə rayondakı məlumatlı qaynaqlardan verilən xəbərdə deyilir ki, icra başçısı təşviş içindədir: “Şahin Məmmədov bu illər ərzində Ağcabədini deyil, öz sərvətini on qat inkişaf etdirib. Rayona ayrılan vəsaitləri və büdcə təşkilatlarından yığdığı milyonlar sayəsində özünə külli miqdarda var dövlət, biznes imperiyası yaradıb. Ağcabədi rayonu ərazisində 5 milyon manatlıq obyekti, təsərrüfatı, mağazaları, malikanəsi mövcuddur. Rayona ayrılan 5 milyonu yeyən icra başçısı bunun bədəlini ödəməlidir. Hakimiyyət pulu verməyib ki, öz biznesini artırmağa xərcləsin. Ağcabədidə heç bir inkişaf getməyib. Şahin Məmmədov rayonu geriyə atıb. Bütün bu obyektlər, evlər, mülklər milyonlarla dollarlıq sərvəti ilə dünyanın az qala oliqarxına çevrilsin. Çünki icra başçısı son 9 ildə Ağcabədini çapıb, talayıb. Buna görə ona “gözün üstə qaşın var” deyən olmayıb. Məlumatlı qaynağımız qeyd edir ki, hökumət yerlərdə təyinatla bağlı yeni proqram tərtib edib. Qərara alınıb ki, bəzi potensial etiraz əyalətlərinə yerli adamlar təyin olunsun. Onlar əhali ilə dil tapa bilir, ünsiyyət qurur, camaatın dərdinə az-çox yanır, şikayətini dinləyir, mənimsəmələrdə ağını çıxarmır. İqtidarın İsmayıllıdakı kadrı uğurlu alınıb. Həmçinin, Qusarda da yerli təyinatdır. Odur ki, bu effekt verib. Hakimiyyət görür ki, əyalətlərdə etirazların baş qaldırmasını qabaqlamaq üçün bu texnologiyadan istifadə etmək lazımdır. Əks halda kənardan gələn rayona şəxsi əmlakı kimi baxır və camaatı saymır, nəticədə üsyanlar olur. Mənbə deyir ki, Şahin Məmmədov Ağcabədidə etirazları dərinləşdirir. Belə getsə, rayon Quba və İsmayıllını xatırladacaq. Ş.Məmmədovla bağlı qərar müzakirə olunur. Rafiq Qara
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?