Bu dəfə sərnişindaşınma ilə bağlı müdhiş faktlar ortaya çıxdı
İqtisadçı ekspert Nemət Əliyev Azərbaycan Dövlət Dəmir Yolları İdarəsi ilə bağlı yeni faktlar aşkarlayıb. “Gündəm xəbər” ekspertə istinadən məlumatına əsasən, bu dəfə araşdırma elə rəsmi rəqəmlərə istinadən aparılıb. Ekspert ölkənin dəmir yolları sistemində sərnişindaşınmanın nə qədər ziyanla işlədiyinə dair konkret faktlar təqdim edib. N.Əliyev bildirir ki, 5 il ərzində 3 milyon 930 min nəfər sərnişin müştərisini itirmişdir Azərbaycan Dəmir Yolları. Müştəri sayı 6 milyon 598 min nəfərdən 2 milyon 668 min nəfərə düşmüşdür. Burada 2007-ci ildəki müştərilərin 60%-i itirilib. Ölkələr arası daşınan sərnişinlərin sayı 699 min nəfərdən 305 min nəfərə düşüb. Sərnişin dövriyyəsi 2 dəfəyə yaxın azalıb. Bu tempin davam edəcəyi halda dəmir yolları ilə sərnişin daşıma xidmətinin tam çökəcəyi gözlənilir. 2011 və 2012-ci illərdə sərnişin daşınmasına çəkilən xərclər gəlirləri 2,5 dəfə üstələyib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların təhlili göstərir ki, 2011-ci ildə 19 milyon 14 min manat, 2012-ci ildə 33 milyon 667 min manat ziyan dəyib. İki ildə dəmir yollarında yalnız sərnişin daşıma sahəsində ZİYANIN-ZƏRƏRİN məbləği 52 milyon 681 min manat təşkil edib. Bu sahədə 2008-ci ildən sonrakı dövrdə 7082 nəfər öz iş yerini itirib. Bu faktlardan da göründüyü kimi dəmir yollarında sərnişin daşınma ilə bağlı səsləndirilən faktlar kifayət qədər konkretdir. Xatırladaq ki, bir neçə gün əvvəl N.Əliyev dəmir yolları idarəsində vaqonların yoxa çıxmasına dair faktlar açıqlamışdı. İdarənin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə heç bir fakt göstərmdən iddiaları təkzib etmişdi. Görəsən, bu dəfə idarənin rəsmi mövqeyi necə olacaq? N.KƏRİMLİ
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?