Milli Məclis bir sıra cinayətlərə görə, cəza müddətini artırıb. Bu müddət hətta bəzi cəzalara görə, 20 ilə qədər qaldırılıb. Amma məsələ ondadır ki, təyin edilən cəzanın aşağı həddi ilə yuxarı həddi arasındakı cəza müddəti arasında interval da uzun müddətlidir. Məsələn, bəzi cəzalara görə, cinayətin müddəti 12 ildən 20 ilə qədər nəzərdə tutulub. Burada aşağı və yuxarı hədd arasında intevalın 8 il olduğunu görürük. Bu hal isə məhkəmələrdə hazırda da mövcud olan rüşvətxorluq kimi neqativ halların daha geniş yayılmasına istər-istəməz şərait yaradır. Namizəd Səfərov: "Müqəssir bilinən şəxsə veriləcək cəza müddəti arasındakı intervalın çox göstərilməsi, məhkəmələrdə yeni korrupsiya hallarına rəvac verəcək bir prosesdir". Vəkil Namizəd Səfərov əmindir ki, cəza müddəti arasındakı intervalın çox olaraq göstərilməsi əslində hakimlərin korrupsiya hallarına daha artıq dərəcədə yuvarlanmalarına yol açan məqamdır: "Müəyyən cinayətlərə görə, cəza müddətinin artırılması və cəzanın aşağı hədd ilə yuxarı həddi arasında intervalın çox göstərilməsi əslində o qədər də böyük əhəmiyyət kəsb etmir. Müvafiq halda məqsəd tamamilə başqadır. Cinayət qanunvericiliyində cəzanın artırılması siyasəti həyata keçirilir. 2000-ci ilə qədər qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulan əməllərə görə cəza hazırda olan cəzalardan xeyli yüngül idi. Demək olar ki, hazırda bütün maddələr üzrə nəzərdə tutulan cəza müddəti ağırlaşdırıldı. Buradan anlaşılır ki, hökumət cəza siyasətini sərtləşdirmə kursu götürüb. Əksər hallarda isə siyasi işlərə görə cəza müddəti artırıldı. Hazırda da hakimiyyət tərəfindən eyni siyasət davam etdirilir. Bu ölkədə vətənə xəyanət edənlər korrupsiya ilə məşğul olanlar, villa tikənlərdir ki, onlar da azadlıqda gəzir. Bunun əvəzində öz hüquqları uğrunda mübarizə aparanlar müxtəlif bəhanələr, o cümlədən vətənə xəyanət adı ilə uzunmüddətli həbsə salınır. Artıq ölkəmizdə korrupsiya halları bu hakimiyyətin dövründə daha pik nöqtəyə çatıb. Müqəssir bilinən şəxsə verəcəyi cəza müddəti arasındakı intervalın çox göstərilməsi, aydın məsələdir ki, məhkəmələrdə yeni korrupsiya hallarına rəvac verəcək bir prosesdir. Belə ki, bu vəziyyət məhkəmələrə həmin vəziyyətdən sui-istifadə edərək, müqəssirlə, onun cəzasının qanunvericilikdə nəzərdə tutulan ən aşağı həddə müəyyənləşməsi üçün bazarlığa getməsinə stimul yaradacaq. Belədə, aydın məsələdir ki, cəza müddətlərinin aşağı həddi ilə yuxarı həddi arasında intervalın çox olması istər-istəməz yeni korrupsiya hallarına yol açacaq". Adil Minbaşı: "Rüşvət almaq istəyən hakim olmayan yerdən belə onu ala bilir" Hüquqşünas Adil Minbaşı isə qeyd etdi ki, onsuz da rüşvət almaq istəyən hakim olmayan yerdən belə onu əldə etməyə çalışacaq: "Hər konkret cinayətkarın şəxsiyyəti, cinayətin ictimai təhlükəliliyi, məqsədi cəzaların müəyyənləşməsində həlledici rol oynayır. Hakimlər də cəza təyin edərkən bütün bu göstəriciləri nəzərə alır. Yəni praktikada konkret hallara görə, cəzanın müəyyən hədd təcrübəsi formalaşıb. Düzdür, son zamanlar hakimlərdən əcaib qərarlar da çıxır. Məsələn, proseslərdən birində 20-30 min manat dələduzluq halına görə xəstə adama 10 il iş verilib. Amma başqa bir halda, məsələn, Gülər Əhmədovanın timsalında, çox da uyğun olmayan cəza verildi. Bunlar qanunsuz hallardır. Bir çox ağır cinayətlərə görə aşağı və yuxarı hədd üzrə cəza müddəti arasında fərqin böyük olması əslində yaxşı haldır. Bu kimi hal hər bir cinayətin xarakteri, cinayət törədənin şəxsiyyəti və s. amilləri nəzərə almağa imkan verir. Ola bilər ki, bu zaman hakimlərdən kimsə məsələyə tamah məqsədi ilə də baxa bilər. Bu hal da istisna deyil. Amma kimsə ədalətli cəza müəyyənləşdirmək məsələsini qarşısına məqsəd qoyursa, hakim üçün bu yaxşı haldır. Bütün hallarda, rüşvətin olması ölkəmizin məhkəmə sistemində olan nöqsanlardan irəli gəlir. Cəza müddətinin aşağı, yuxarı həddi arasında ciddi fərqlərin olması heç də rüşvət almaq üçün vasitə kimi sayılmamalıdır. Rüşvət almaq istəyən hakim olmayan yerdən belə onu ala bilir". Müzəffər Baxışov: "Bu sadəcə avtoritar rejimin mahiyyətindən irəli gələn qaydadır" "Hüquqi dövlət" Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov: "Azərbaycanda cəza siyasəti, xüsusilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının qüvvədə olan qanunvericiliyə görə ən yuxarı həddi 15 il idi. Cinayət Məcəlləsinin tələblərinə görə, 15 ildən artıq cəzadan məhrumetmə cəzası tətbiq edilə bilməzdi. Yalnız hökmlərin məcmu qaydasında 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyininə qanunvericilikdə icazə verilirdi. İndi isə Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulan cəzaların aşağı və yuxarı həddi artırılır. Yuxarı hədd 20 ilə qədər artırılır. Düşünürəm ki, bu da sadəcə avtoritar rejimin mahiyyətindən irəli gələn qaydadır. Azərbaycandakı avtoritar rejim elə düşünür ki, cəzaları sərtləşdirməklə cinayətlərin qarşısını almaq mümkün olacaq. Belə bir addımın atılması cinayətlərin qarşısını almağa imkan versəydi, bəşər cəmiyyəti yaranandan ölüm cəzası nəzərdə tutulsa da, bu tip cinayətlərin qarşısı alınmayıb. Ona görə də, cəzaları sərtləşdirməklə, cinayətin qarşısını almaq qeyri-mümkündür. Düşünürəm ki, cəza müddətinin aşağı və yuxarı həddi arasında xeyli müddət fərqinin olması həm də məhkəmələrdə hakimlər tərəfindən insanlardan daha çox rüşvət almalarına şərait yaradacaq. Onlar təqsirkar şəxsə müəyyən rüşvət müqabilində öz şərtlərini qoyacaq. Bütün bunlar son olaraq hazırki avtoritar rejimi gücləndirməyə hesablanmış təfəkkürün məhsuludur". Aslan İsmayılov: "O cəmiyyətdə ki, cəzasızlıq hökm sürür, orada hakim rüşvət almaqda davam edəcək" Vəkil Aslan İsmayılov qeyd etdi ki, rüşvətə meylli hakim onsuz da bütün hallarda onu almaqda davam edəcək: "O cəmiyyətdə ki, cəzasızlıq hökm sürür, orada qanunları nə qədər dəqiq yazsan da xeyri yoxdur, hakim rüşvət almaqda davam edəcək. Ona görə də, artırılan cəza müddətləri arasında aşağı və yuxarı hədd intervalının çox olması ikinci dərəcəli məsələdir. Vacib olan odur və hər kəs bilməlidir ki, qanun pozuntusu cəzasız qalmır". Həsən İSLAMOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?