Bugünkü Müsavat Partiyasında intellektual gənclərin deyil, şüarçı, hay-küylü, həyatlarını küçə aksiyalarına sərf edən insanların qalmağı daha önəmlidir.
Bu barədə "Trend"-ə Müsavat başqanının keçmiş müşaviri, partiya başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın gənclər təşkilatının sədri Əhliman Abbasın və digər gənclərin istefa verməsinə münasibət bildirərkən deyib.
S.Əlisoy qeyd edib ki, Müsavat Partiyasından istefa verən həmin intellektual gənclər bugünkü Müsavat Partiyasına gərək deyil: "Onlar oradan getməli idilər. Bugünkü Müsavat Partiyasına intellektual gənclər yox, şüarçı, hay-küylü, həyatlarını küçə aksiyalarına sərf edən insanlar gərəkdir. Bu baxımdan da həmin intellektual gənclər Müsavat Partiyasında fəaliyyət göstərməyin mümkün olmadığını dilə gətirərək oradan uzaqlaşırlar”.
O, əlavə edib ki, Müsavat Partiyasının bir sıra üzvlərinin yaratdığı gizli qrupda, sosial şəbəkədə təhqirlər və biabırçı hərəkətlərə görə insan sadəcə xəcalət çəkir: “Onların qarşısını almalı olan Arif Hacılı mətbuata açıqlama verərək Əhliman Abbasın bəyanatına təəssüf etdiyini dilə gətirir. Arif Hacılı əvvəlcə başında durduğu dəstədəki tərbiyəsizliyi dayandırsın. Əhliman Abbasın bəyanatda yazdıqları tamamilə doğrudur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?