Partiya başqanının da qatıldığı tədbirdə gənclər Cavid Hacıbəyliyə etimad göstərdilər... Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Gənclər Təşkilatının ümumi yığıncağı keçirildi. Xəbər verildiyi kimi, gənclər təşkilatının hazırkı sədri Tural Abbaslının yaş senzinin dolması səbəbi ilə onun yerinə başqa bir gənc müsavatçı seçilməli idi. Tədbirin gedişində məlum oldu ki, yeni sədrliyə iki iddiaçı var. Bunlar Rauf Məmmədli və Cavid Hacıbəyli idi. Qeyd edək ki, onların hər ikisi siyasi məkanda kifayət qədər tanınan hənclərdir. Eyni zamanda gənclər təşkilatı sədrinin müavinləridir.
Dünənki toplantıya sədrliyi Tural Abbaslı elədi. Az sonra 7 nəfərdən ibarət say komissiyası yaradıldı. Komissiyaya seçilən üzvlər bunlardır - Elçin Cərullazadə, Şamil Beydulla, Günel Rəhimli, Rüfət Hacibəyli, Fərəc Kərimov, Azər Ağayev və Ebülfəz Sadiqbəyli.
İclasa Müsavat başqanı İsa Qəmbər də qatılmışdı. O, gənc müsavatçılar qarşısında çıxış elədi, gənclərin ölkə həyatındakı rolundan danışdı və onlara tövsiyələrini verdi.
Müsavat.com-un məlumatına görə, Niderlandda yaşayan partiya üzvü, sosial şəbəkələrdə fəallığı ilə seçilən İsa Yusibli də dünənki tədbirə qatılmışdı.
***
Bundan sonra sədrliyə iddiaçılar seçicilər qarşısında proqram çıxışı elədilər. Namizəd Rauf Məmmədli bildirdi ki, Müsavat Gənclər Təşkilatı lider təşkilat olaraq yoluna, mübarizəsinə davam edəcək, bu yolda əlindən gələni əsirgəməyəcək, həmçinin, Müsavatın rayon şöbələrindəki gənclərlə daha sıx ünsiyyət qurulacaq.
Cavid Hacıbəyli də öz fəaliyyət planlarından danışdı, görəcəyi işlər barədə məlumat verdi. Dedi ki, əsas hədəflərindən biri Müsavat Partiyasına yeni gənclərin cəlb edilməsi, təzə özəklərin yaradılmasını təmin etmək, beynəlxalq gənclər qurumları ilə də əlaqələri genişləndirmək olacaq.
****
Axşama yaxın səsvermə bitdi. Səslər sayıldı və protokollaşdırıldı. Seçkilərin nəticələrinə görə, Cavid Hacıbəyli 58 səslə Müsavatın gənclər təşkilatının növbəti sədri seçildi. Rauf Məmmədli 49 səs aldı.
Sorğu
Yeni dizaynımız necədir?