Georgi Marqvelaşvili “Putinlə necə davranmağın yolunu kimsə bilmir”
Gürcüstan prezidenti Georgi Marqvelaşvili əmindir ki, Avropa nəinki Ukraynanın şərqində yaranmış və dövlət olmağa can atan əraziləri tanımamalıdır, həm də “qondarma təsir sferası” anlayışını rədd etməlidir. Prezident Almaniyanın “Die Presse” qəzetinə müsahibəsində belə deyib. “Hazırda 2008-ci ildə Gürcüstanda baş vermiş ssenari Ukraynada yenidən təkrarlanır. Rusiya postsovet məkanında maraq sferasına sahib olmaqda üstün olduğunu düşünür. Bu isə real həyatda o deməkdir ki, Rusiya istədiyi ölkənin ərazisinə tankla soxula bilər. Bununla da Putin Avropada təhlükəsizliyi və stabilliyi zərbə altında qoyub. Dondurulmuş münaqişələr və ala-yarımçıq ölkələr bütün kontinentin probleminə çevrilib”. “Rusiyanın heç bir daxili problemi- istər demoqrafiya olsun, istər iqtisadi inkişaf - bunları Donetsk, Luqansk, Suxumi, Cxinvalini işğal etməklə həll etmək mümkün deyil. Heç kəs heç kəsi inandıra bilməz ki, ərazicə dünyanın ən böyük ölkəsi olan Rusiyanın öz sərhədlərini qorumaq üçün əlavə ərazilərə ehtiyacı var. Rasional arqumentlər bizim xeyrimizədir ”, prezident müsahibəsində deyib. Georgi Marqvelaşvili deyib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları müdafiə edir: “Ancaq bu, əsas hədəf olmamalıdır. Bizim istəyimiz (Qərbi nəzərdə tutur) o deyil ki, Rusiya iqtisadi baxımdan məhv edilsin. İqtisadi sanksiyalar dəqiq şərtlərə əsaslanmalıdır. Önəmlisi odur ki, sanksiya məsələsi gündəmdə qalmalıdır”. “Problemin hərbi yolla həlli bizim üçün istisnadır. Abxaziya problemini belə həll edə bilmərik. Reallıq ondadır ki, Abxaziya və Cənubi Osetiyanın gələcəyi Gürcüstanın daxilində daha parlaq görünür. Gürcüstan Avropa Birliyinə assosiativ üzv qəbul olunub və Avropa istiqamətində inkişaf edirik, Avropa dəyərlərinə sahib oluruq. Yalnız Gürcüstan bu ərazilərə müəyyən muxtariyyət verə bilər və onların özünəməxsusluğun qoruyub saxlaya bilər. Rusiyanın tərkibində isə bu xalqları gələcəyi yoxdur, bir neçə onillikdən sonra onlar coğrafiya xəritədən silinib gedəcəklər”. Gürcüstanın Rusiyaya münasibəti ilə bağlı Gürcüstan prezidenti “Die Presse”yə deyib: “Biz əvvəllər olduğu kimi rasional yanaşmanın tərəfdarıyıq. Biz artıq Rusiya ilə Gürcüstan arasında yaranmış boşluqların xeyli hissəsini doldura bilmişik. İndi mürəkkəb mərhələdəyik? Bəli. Ancaq kiçik destruktiv mərhələyə görə biz öz strategiyamızı dəyişə bilmərik...Rusiya ilə rasional danışıqların alternativi yoxdur. Baxmayaraq ki, hazırda heç bir ölkə bilmir ki, Putinlə necə davranmaq lazımdır”...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?