Gürcüstanın keçmiş hakim partiyası - Vahid Milli Hərəkat Partiyası (VMHP) Tiflis meriyasına noyabrın 15-də paytaxtda “İlhaqa - yox!” şüarı altında etiraz aksiyası keçirmək niyyəti ilə bağlı bildiriş göndərib.
Virtualaz.org saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin partiyası aksiyada məqsədin dünyanın diqqətini Rusiyanın Suxumu ilə birgə ordu yaratmaq planlarına cəlb etmək, həmçinin indiki hakim koalisiyanın yürütdüyü siyasətə etiraz etmək olduğunu bildirib.
VMHP bəyan edir ki, etiraz aksiyası noyabrın 15-də saat 16:00-da Qızılgül meydanında başlayacaq. Nümayişçilər Rustaveli prospekti boyunca yürüş edəcəklər. Sonra isə parlamentin binasının qarşısında mitinq olacaq.
VMHP-dan olan Niki Meliyanın sözlərinə görə, aksiyanın mümkün qədər izdihamlı olmasına çalışacaqlar: “Buna görə də onun bir partiyanın etiraz aksiyası kimi təqdim olunmasını istəmirik. Abxaziya və Cənubi Osetiyanı bizdən birdəfəlik alırlar. Bəs bizim hakimiyyət neyləyir? Onlar rüsvayçılıqla susurlar. Belə olan halda bütün xalq etiraz səsini ucaltmalıdır”.
Baş nazir İraqli Qaribaşvili isə bildirib ki, Saakaşvili tərəfdarları dinc etiraz aksiyası adı ilə ölkədə qarışıqlı salmaq və təxribatlar törətmək istəyirlər: “Saakaşvilinin adamları həmişə nəsə antidövlət planlar hazırlayırlar. Amma hökumət onların bu niyyətlərinə sərt addımlarla cavab verir. Bu dəfə də belə olacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?