Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Tərtər istiqamətinə səfəri başlayıb.
APA-nın xəbərinə görə, nümayəndə heyətində Türkiyə, Rumıniya, Rusiya, Pakistan, İtaliya, Norveç, Əfqanıstan, Fələstin, İspaniya səfirləri, ABŞ, Böyük Britaniya səfirliklərinin hərbi attaşeləri, Fransa səfirinin müavini də təmsil olunur.
Diplomatlar öncə Tərtərin Qapanlı kəndində olublar. Burada onları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. İH başçısı nümayəndə heyətinə cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə məlumat verib.
Daha sonra ermənilərin atdığı mərmilərdən birinin dağıtdığı, kənd sakini İlqar Məmmədovun evinə baxış keçirilib.
Qeyd edək ki, XİN tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.
Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır.
Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?