Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, xarici media nümayəndələrinin Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşü olub.
Daha sonra Azərbaycan hərbçilərinin müşayiəti ilə jurnalistlər cəbhə bölgəsinin ön xəttini müşahidə ediblər.
Media nümayəndələrinə bir neçə gün əvvəl Azərbaycan Ordusunun nəzarətinə keçmiş Lələtəpə yüksəkliyini kənardan müşahidə etməyə şərait yaradılıb. Onlar rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətinə yola düşüblər.
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə cəbhə bölgəsində olan qrupa “Al Jazeera International”, “Reuters”, “Associated Press”, “France Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
XİN-dən bildirilib ki, qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar və Ermənistanın törətdiyi təxribatlar nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri beynəlxalq ictimaiyyətin diqqətinə daha obyektiv çatdırmaq məqsədilə XİN və əlaqədar qurumların təşkilatçılığı ilə qərara alınıb ki, Azərbaycanda akkreditasiya olunmuş və xaricdən Azərbaycana gəlmiş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin qoşunların təmas xəttinə səfərləri təşkil olunsun. Səfər əsasən Ağdərə, Tərtər və Ağdam istiqamətlərini əhatə edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?