Bakının Yasamal Rayonu, Həsən bəy Zərdabi küçəsindəki problemlə bağlı dəfələrlə xəbər vermişik. Küçənin 89 ünvanındakı qanunsuz tikinti aparılması və ərazidə ağacların kəsilməsi ilə bağlı yayınladığımız araşdırmalar geniş rezonansa səbəb olmuşdu.
Məlumat üçün xatırladaq ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) yanındakı ərazidə iki ildi tikinti işi aparmaq istəyən sahibkarla bağlı qalmaqal böyüyür. Ramiz Cabbarlı adlı iş adamı hələ 2 il öncə bu ərazidə 53 ağac kəsdirib. Sakinlərin Prezident Adminstarsiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, habelə digər dövlət orqanlarına müraciətindən sonra "ağac soyqırımı"nın qarşısı alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ramiz Cabbarlını 14400 manat cərimə edib.
Qaynarinfo.az-ın dövlət orqanlarına müraciətindən sonra əraziyə baxış keçirilmiş və tikintiyə qadağa qoyulmuş, həm də ağacların kəsilməsinin qarşısı alınmışdı.
Amma görünür ərazi üçün müxtəlif orqanlara "ətək-ətək" pul tökən Ramiz Cabbarlı geri çəkilmək niyyətində deyil. Belə ki, adıçəkilən ərazi yenidən hasara alınıb. Bu isə tikintiyə başlamağa hazırlaşdığını göstərir.
Təəssüf ki, hələ də bu ərazidə tikintiyə hansı dövlət orqanının icazə verməsi məlum deyil. Məsələdə Yasamal Rayon icrahakimiyyətinin və konkret olaraq icra hakimi İbrahim Mehdiyevin adı hallandırılsa da, qurumdan bir müddət əvvəl verilən rəsmi açıqlamada bu məlumat təkzib olunmuşdu. Hətta İcra Hakimiyyətinin belə bir səlahiyyətinin olmadığı da vurğulanmışdı.
Qeyd edək ki, qeyri-rəsmi söhbətlərdə sahibkarın hələ iki il əvvəl bu ərazidə tikinti aparmaq üçün İcra Hakimiyyətinə 500 min manat verildiyi iddiaları səslənirdi. Amma göründüyü kimi, İcra Hakimiyyəti bu məlumatı israrla təkzib edir.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə və Yasamal rayon bələdiyyəsinə də müraciət etmişdik. Amma hər iki qurum bu ərazidə tikintiyə icazə verilmədiyini rəsmi şəkildə açıqlamışdı. Hətta Əmlak Məsələləri Dövlət Komitəsindən həmin ərazidə tikintiyə qadağa qoyulduğu da bildirilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsini qadağan edib. Hətta nazirlik Ramiz Cabbarlını buna görə də cəzalandırıb.
Bu cavablardan belə çıxır ki, Ramiz Cabbarlı həmin ərazini qanunsuz şəkildə zəbt edib və ağacları kəsərək tikintiyə cəhd edir. Əgər həqiqətən vəziyyət belədirsə, bu daha böyük biabırçılıqdır. Belə çıxır ki, Bakının mərkəzində kim harda istəyir torpaq hasarlaya, ağac kəsə, tikinti apara bilər.
Dəfələrlə qeyd etdiyimiz kimi burada ağacların kəsilməsinə və qanunsuz tikintiyə cəhdə görə birbaşa məsuliyyəti Yasamal rayon İcra Hakimiyyəti və onun başçısı İbrahim Mehdiyev daşıyır. Hər halda, tikintiyə icazə vermək və ya dayandırmaq hüququ nə Ekologiya və Təbii Sərvətlər Nazirliyində, nə də Əmlak Məsələləri Dövlət Komitəsində var. Torpağı doğrudan da İcra Hakimiyyəti satmayıbsa, onda ərazinin hasarlanmasının qarşısını niyə almır?
Onu da qeyd edək ki, Qaynarinfo.aza şikayət edən sakinlər bir neçə il əvvəl olduğu kimi yenidən ölkə prezidenti İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?