Üç illik fasilədən sonra Rusiya prezidenti Vladimir Putin Bakıya gəlir. Kremlə yaxın mənbələrin verdiyi xəbərə görə, onun təyyarəsi mayın sonlarında Azərbaycana doğru istiqamətlənəcək. Nəzərə alsaq ki, sonuncu dəfə 2013-cü ilin avqustunda Bakıda olan Vladimir Putin rus donanmasının müşayiəti ilə Xəzər sularının üzərindən gəlmişdi, o zaman bu dəfə də onun seçəcəyi marşrut gözlənilməz ola bilər. Amma burada əsas olan onun Bakıya gəlib-gəlməməsidir. İnformasiyanı mediaya sızdıran mənbə həqiqəti söyləyirsə, “dördgünlük müharibə”dən sonra bu səfər Cənubi Qafqaz regionu üçün bir çox siyasi aspektdən dəyərləndirilməlidir.
Putinin Kreml divarları arxasından çıxışı adətən, ən xüsusi hallarda baş verir və onun post-sovet məkanına istənilən səfəri diplomatlarının tədricən yetişdirərək hazırladığı prosesə “son nöqtəni” qoymaq xarakteri daşıyır. Bu baxımdan, onun Kremli tərk etməsinin arxasında iki mühüm istiqamət nəzərdən qaçmır.
1. Putinin Bakıya gəlişi hər şeydən öncə Rusiyanın Cənubi Qafqazı heç kimə, xüsusilə Türkiyəyə güzəştə getmək niyyətində olmadığını göstərir. Suriyada rus təyyarəsinin vurulmasından sonra gərgin müstəviyə keçən Ankara-Moskva münasibətləri sözün əsl mənasında “soyuq müharibə” dönəmini xatırladır. İki regional gücün tarix boyu bölüşə bilmədiyi Cənubi Qafqaz regionu yeni gərginlik mərhələsində II Dünya müharibəsinin Kasablankasını xatırladır.
Qarabağda aprel müharibəsinə qədər baş verənlər rəsmilərin dilindən səslənməsə belə, Bakının Türkiyə-Rusiya qarşıdurmasında öz yönünü Ankaraya doğru seçdiyi aydın görünürdü. Prezident İlham Əliyevin bu ilin martında Ankaraya səfəri və orada verilən mesajlar da bunu açıq şəkildə göstərdi (http://publika.az/p/129516).
“Dördgünlük müharibə” və Ankaranın tutduğu mövqedən sonra regionda daha qabarıq görünən Türkiyə-Azərbaycan gücünü Rusiya özü üçün yaxşı heç nə vəd etməyən perspektiv hesab edir. Və belə bir məqamda Putinin Kremldəki kabinetini tərk etməsi təsadüf deyil:
- Türkiyənin Azərbaycan üzərindən regionun içərilərinə doğru irəliləməsi.
- Bakının Ankara ilə daha sıx şəkildə bütövləşməsinin doğurduğu təhlükə.
- Gürcüstandan sonra Azərbaycanı da bütövlükdə itirmək qorxusu.
Bu səbəblər Kreml sahibinin hərəkətə keçməsini şərtləndirir. Xüsusilə NATO-nun Gürcüstanda ayaq açaraq yeriməsindən sonra daha bir Şimal Alyansına üzv ölkənin – Türkiyənin regionda sürətlə güclənməsi Putin Rusiyasının strategiyasına ziddir. Türkiyənin Cənubi Qafqaza doğru açılımı Rusiyanın ürəyi adlandıra biləcəyimiz Orta Asiyaya da çıxışı deməkdir.
Ümumiyyətlə, Bakı Ankara və Moskvanı həm ayıran, həm də birləşdirən amildir. Əhməd Davudoğlunun Baş nazir postundan vaz keçmək istəyində Rusiya amilinin olması ilə bağlı iddia Bakının birləşdirici rolunda diqqət mərkəzinə düşür. İddiaya görə, Davudoğlu Rusiya ilə gərginliyin yaranmasının əsas memarlarındandır. Çox az ehtimal edilən olsa da, bu iddiaya istinad etsək, Davudoğlunun postundan getməsi fonunda Türkiyə-Rusiya münasibətlərində dəyişikliyi görə bilərik. O zaman yenə də Bakının üzərində müəyyən iş düşür.
Amma ümumi mənzərədə Ankara və Moskvanın regionda, xüsusilə Azərbaycan üzərindən strateji maraq mübarizəsi Putinin mümkün səfərinin əsas cizgilərindəndir. Görünür, Rusiya regionu itirmək təhlükəsi ilə üzləşdiyi üçün Putin hərəkətə keçib və onun Bakıda nail olmaq istədiklərini belə sıralamaq olar: Azərbaycanı Avrasiyaya inteqrasiya yoluna dəvət etmək; Türkiyə-Azərbaycan ittifaqını qırmaq, yaxud regionda mövcud gücünü qorumaq üçün Bakının dəstəyini əldə etmək.
Putin yaxşı anlayır ki, Türkiyə-Azərbaycan ittifaqı Gürcüstanın da bu ox üzrə hərəkət etməsinə, beləliklə, regionda üçlüyün Rusiya maraqları qarşısında əngələ çevrilməsinə səbəb ola bilər. Həm də o anlayır ki, Bakı-Ankara birliyini pozmaq çətin məsələdir. Bu situasiyada ən yaxşı versiya tərəflərdən birinin dəstəyini əldə etmək olar. Hansı ki, Kreml rəhbəri burada iki perspektivi hesablayır: birincisi, mümkün üçlük ittifaqının Rusiya maraqları ilə uzlaşdırılması, ikincisi, Rusiyanın bu ittifaqla yaxınlığı. Təbii ki, bu prosesdə Azərbaycan yardım edə bilər. Yalnız o şərtlə ki, qarşılıqlı dividend əldə olunsun.
Rusların Cənubi Qafqazı itirmək qorxusu, region və çevrəsində baş verənlər Putinin Bakıya səfərinin ikinci istiqamətini ortaya çıxarır. Bu, həmçinin, Azərbaycanın Rusiyaya yardım etmək qarşılığında istəyinə dair də təsəvvürləri aydınlaşdırır.
2. “Dördgünlük müharibə”: Rusiya cənub sərhədlərindəki uzunillik Qarabağ münaqişəsinin alovlanmasını istəmir. Rus diplomatların regiona sıx səfər qrafiki də bunu göstərdi. Eyni zamanda, Moskva münaqişədə təşəbbüsü əldən verməmək üçün aktivləşmişdi. Proseslərin gedişində Qarabağla bağlı Rusiyanın planının olduğu gündəmə gəldi. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya, daha sonra İrəvana səfəri onun çantasında “Qarabağ planı”nı daşıdığını deməyə əsas verirdi. Xüsusilə Ermənistanda Serj Sarkisyana qarşı “Qarabağı güzəştə gedir” kimi etirazlar, Xankəndində keçirilən qapalı Qarabağ toplantısı, Lavrovun aprelin 21-22-də İrəvana gedişi, aprelin 23-də qarşı tərəfin danışıqlar prosesindən imtina edərək, cəbhəboyu ərazilərdə yaşayan mülki azərbaycanlıları hədəfə alması rusların yeni planına dair təsəvvürləri aydınlaşdırdı. Mediaya sızan məlumatlara görə, planda Qarabağ ətrafındakı yeddi rayondan beşinin Azərbaycana qaytarılması, rus sülhməramlılarının regiona yerləşdirilməsi, bölgənin statusunun sonrakı mərhələdə həlli kimi məsələlər var.
Rusiya regionda münaqişənin qalmasına maraqlı olsa da, təşəbbüsü əldən verməmək üçün nəsə etməyin vacib olduğunu anlayır. Hesab etmək olar ki, Moskva hansısa prosesi başladıb, lakin bunun davam etməsinə əngəllər var. Putinin Kreml divarlarını tərk etməsi də ehtimal etməyə əsas verir ki, o, Qarabağ planında “son nöqtəni” qoymağa gəlir. Bu nöqtə iki aspekti özündə birləşdirə bilər.
a) Qarabağ planında ilkin mərhələ olaraq 5 rayonun qaytarılması məsələsi Sarkisyanın siyasi intiharı kimi qələmə verilir. Ermənistan cəmiyyətindəki narazılıq da bunu göstərir. Halbuki, bu etirazların məhz hökumət tərəfindən təşkil edildiyi ehtimalı da mövcuddur. Amma Ermənistanda ciddi anti-Rusiya əhval-ruhiyyəsinin formalaşdığı şübhəsizdir. Sarkisyan hökumətinin öz ağasına – Rusiyaya qarşı çıxması, xüsusilə Putinin şəxsi nəzarətə götürdüyü məsələdən imtina etməsi isə görünür Moskvanı razı salmır. Putinin Bakıya gəlişini bu fonda İrəvanın cəzalandırılması olaraq qəbul etmək olar. Yəni, həqiqətən Putin Bakıya səfərində Qarabağ ətrafı rayonların qaytarılması prosesinin “son nöqtəsini” qoya bilər(?).
b) Digər tərəfdən, Putinin səfəri Bakının razı salınması ehtimalını da gündəmə gətirir. Hesab etmək olar ki, Qarabağ planında Bakı rus sülhməramlılarının regiona yerləşdirilməsi məsələsinə qarşı çıxır. Vladimir Putin də məsələni yerində həll etmək üçün yola çıxır.
***
Amma Qarabağ ətrafında baş verən son proseslərdə Bakı və Moskvanın məsələyə dair ortaq nöqtəsini də meydana çıxardı: “Atəşkəsə nəzarət mexanizmi”.
Lavrovun çantasında apardığı plandan imtina edən Sarkisyan onu Moskvaya yola salan kimi cəbhə bölgəsində mülki əhalini bombalamağa başladı. Ardınca münaqişəyə dair danışıqlarda irəli sürdüyü üç şərtdən birinin “insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq olunması” məsələsi Sarkisyanın Rusiyaya qarşı oyun oynadığını göstərdi.
Söhbət okeanın o tayında təklif olunan ideyanın gerçəkləşməsindən gedir. Bu mexanizmi həm Bakı, həm də Moskva qarşıdır. Azərbaycan anlayır ki, atəşkəsə nəzarət mexanizminin tətbiqi üçün münaqişə bölgəsində beynəlxalq müşahidəçilərin sayının artırılması işğalçıya işğalı davam etdirmək şəraiti yaradacaq. (http://publika.az/p/134493).
Rusiya da anlayır ki, bu ideyanın gerçəkləşdirilməsi onun bölgəyə sülhməramlılar yerləşdirmək planına qarşıdır. Həmçinin, Qərbin Qarabağ münaqişəsi üzərində təsir imkanlarını artıra və Rusiyanın regionda əsas açarının əlindən alınması ilə nəticələnə bilər.
Məhz bu ortaq nöqtə Rusiya və Azərbaycanı yaxınlaşdırır. Ehtimal ki, Putinin gözlənilən Bakı səfərində əsas müzakirə mövzularından biri bu olacaq. Lakin bu, Bakının rus əsgərlərinin Qarabağa yerləşdirilməsinə razılığı demək anlamına gəlmir. Sadəcə olaraq, Moskvaya kələk gəlmək istəyən İrəvanın oyununu pozmaq üçün yeni manevr imkanları yaranıb.
Ümumilikdə Putinin Bakı səfərində Qarabağ münaqişəsinin, həmçinin, Cənubi Qafqaz regionun gələcək taleyində ciddi dönüş ola bilər, əgər o həqiqətən gələrsə...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?