4 günlük müharibənin barıt qoxusunun səngərlərdən təzəcə çəkildiyi bir vaxtda beynəlxalq vasitəçilərin tərəfləri danışıqlar masası arxasına qaytarmaq səyləri, deyəsən, nəticə verir. Xəbər verildiyi kimi, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayaraq, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün vaxtının çatdığını bildiriblər. Bəyanata əsasən, həmsədr ölkələrin xarici işlər nazirləri gələn həftə Vyanada prezidentlərin görüşünün baş tutması üçün çalışacaqlar.
Həmsədrlərin birgə bəyanatında prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın gələn həftə Avstriya paytaxtında görüşünün razılaşdırıldığı barədə heç nə deyilmir. Hərçənd ki, bəyanatdan ortaya çıxan nəticəyə əsasən, ABŞ, Fransa və Rusiya xarici siyasət idarələrinin rəhbərləri Qarabağ münaqişəsinə görə Vyanada görüşəcəklər. Ancaq Rusiyanın rəsmi xəbər agentliyi TASS Yerevandakı diplomatik mənbəyə istinadən Əliyevlə Sərkisyanın gələn həftə Vyanada görüşəcəkləri xəbərini praktiki olaraq həmsədrlərin bəyanatı ilə eyni vaxtda yayıb. Daha sonra “İnterfaks” yenə də Yerevandakı mənbələrə istinadən görüşün dəqiq vaxtını göstərib - mayın 16-sı.
Lakin hələlik nə rəsmi Yerevan, nə də Bakı prezidentlərin görüşünə dair təsdiqləyici məlumatlar yaymayıb. Azərbaycan prezidenti Administrasiyasındakı mənbə “RİA Novosti”yə bildirib ki, Bakıda prezidentlərin görüşünün dəqiq vaxtına dair rəsmi məlumat yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da prezidentlərin Vyana görüşünə dair detalları bilmədiyini, rəsmi Moskvanın münaqişə ətrafında deeskalasiyaya kömək edəcək istənilən adımı dəstəklədiyini bildirib.
Ermənistan ordusunun Qarabağdakı müdafiə xəttinin 23 il sonra ilk dəfə yarılması ilə nəticələnən 4 günlük müharibədən sonra prezidentlərin görüşünün razılaşdırılması faktının özü sensasiya hesab edilə bilər. Çünki hərbi əməliyyatların dayandırılmasına dair apreln 5-də Moskvada əldə edilən razılaşmanın ardınca şəxsən Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərləri arasında danışıqları bərpa etmək üçün bütün mümkün diplomatik rıçaqları işə saldı.
Lakin Ermənistan prezidenti elan etdi ki, indiki vəziyyətdə danışıqların bərpasından söhbət gedə bilməz. “Belə çıxır ki, biz haradasa görüşüb münaqişənin həlli yollarını müzakirə edəcəyik, hərbçilər isə burada münaqişəni öz bildikləri kimi həll etməyə çalışacaq? Bu harada görünüb axı?” - Sarkisyan aprel döyüşlərinin ardınca “Bloomberg” agentliyinin müxbirini Yerevandakı iqamətgahında qəbul edib belə dedi.
Bu bəyanat geniş əks-səda doğurdu. Çünki Sarkisyan məhz Putinin təşəbbüsünü baltalamış olurdu. Rusiya aprelin əvvəllərində hərbi əməliyyatların dayandırılması üçün tərəflərə güclü təzyiq göstərəndə hesablamışdı ki, döyüşləri təcili dayandırıb tərəfləri danışıqlar masasına qaytaracaq və bununla da regionda əsas güc olduğunu hamıya sübut edəcək. Sarkisyan isə Rusiyanın aprel döyüşləri zamanı Ermənistana açıq dəstək ifadə etməməsindən qəzəbli idi və belə görünür ki, həm də öz müttəfiqindən bərk incidiyini göstərmək üçün Putinin sülhməramlı təşəbbüsünü pozdu.
Ardınca Ermənistan rəsmiləri Yerevanın danışıqlardan tamamilə imtina etməsinin məsuliyyətinin nə dərəcədə ağır olacağını dərk etdiklərindən Sarkisyanın bəyanatını yozmağa çalışdılar. Məsələn, xarici işlər naziri Edvard Nalbandyan əvvəl bildirdi ki, danışıqların başlaması üçün üç şərt yerinə yetirilməlidir: Azərbaycan zəmanət verməlidir ki, bir daha aprel hadisələri təkrar olunmayacaq, həmsədr ölkələr Azərbaycanın hərəkətlərinə qiymət verəcək və təmas xəttində insidentlərin araşdırılması mexanizmi qəbul ediləcək.
Bir neçə gün keçdi və deyəsən, Yerevanda başa düşdülər ki, bu mövqe də Ermənistanın cəbhədə aldığı zərbələrin üstünə diplomatik itkilərin əlavə olunmasına gətirib çıxaracaq. Nəticədə, Nalbandyan yeni redaktədə bəyanat verib dedi ki, indiki situasiyada Azərbaycanla danışıqlar mümkündür. Ancaq bu danışıqlarda söhbət aprel hadisələrinin bir daha təkrarlanmaması, insidentlərin araşdırılması mexanizmi və atəşkəsin möhkəmləndirilməsi məsələləri ətrafında gedə bilər.
Ümumiyyətlə, belə qənaət yaranırdı ki, Ermənistan rəhbərliyi 4 günlük müharibədə aldığı zərbələrin əvəzini çıxmaq üçün revanşa can atır, ancaq bunu hansı yolla, taktika ilə həyata keçirəcəyinə dair vurnuxma içərisindədir. Məsələn, aprelin 3-cü ongünlüyünün əvvəllərində Ermənistan silahlı qüvvələri təmas xəttinin Tərtər, Ağdam istiqamətlərində bir neçə gün dalbadal intensiv artilleriya həmlələri həyata keçirdi, bu zaman dinc əhali hədəf alındı. Ermənistan prezidenti Serj Sarkisyan Qarabağa gələrək hərbi qüvvələrə, çox güman ki, həmlə edib yeni mövqelər ələ keçirmək təlimatı vermişdi. Ancaq bu taktika baş tutmadı.
Yaxud Ermənistan hökuməti “DQR-in tanınması” haqda qətnamə layihəsini müzakirəyə çıxarıb guya bəyəndiyini açıqladı. Cəmi iki-üç saat sonra reaksiyaları görərək başa düşdü ki, bu da Ermənistanın vəziyyətini ağırlaşdıracaq taktikadır və “DQR-in tanınmasının” hələ vaxtının çatmadığı haqda bəyanatlar verib geri çəkildi.
Nəhayət, Yerevanda başa düşdülər ki, danışıqların bərpa edilməsinə dair bu cür güclü beynəlxalq çağırışların edildiyi, Azərbaycan tərəfinin bu çağırışlara hələ əvvəldən müsbət cavab verdiyi bir vaxtda Ermənistanın danışıqlardan imtina etməsi, yaxud danışıqlara başlamaq üçün ağlasığmaz şərtlər irəli sürməsi diplomatik baxımdan ona heç nə qazandırmayacaq. Və indi Yerevandan elan edirlər ki, Sarkisyan görüşə hazırdır və vaxt artıq müəyyənləşib.
Çox güman ki, Vyana görüşünə dair razılaşma ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında aprelin əvvəllərindən bu yana aparılan çoxsaylı telefon danışıqlarının nəticəsidir. Kerri ilə Lavrov həmin müddət ərzində azı 5 dəfə telefon danışığı aparıblar. Ötən həftə isə iki gün dalbadal zəngləşiblər və Qarabağ məsələsini müzakirə ediblər. Başqa hansı diplomatik səylər göstərilib, bu hələ məlum deyil. Ancaq görünən budur ki, əvvəl Moskvada Putinin vasitəçiliyi ilə baş tutmalı olan Sarkisyan-Əliyev görüşü indi daha geniş formatda, hər üç həmsədr ölkənin xarici işlər nazirlərinin vasitəçiliyi ilə Vyanada keçiriləcək. Bu rəsmi Bakının istədiyi kimi sülhyaratma missiyasının təkcə Rusiyanın inhisarı altında deyil, ABŞ və Fransanın da yaxından cəlb olunmasıyla həyata keçiriləcəyini göstərir.
Lakin bir əsas məsələ qalır: İlham Əliyevlə Serj Sarkisyan Vyanada görüşsələr, nə haqda danışacaqlar?
Minsk Qrupu həmsədrlərinin bəyanatına əsasən, ABŞ, Fransa və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin Vyanadakı işinin əsas məqsədi atəşkəs rejimini gücləndirmək, müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq.
Yəni bu o deməkdir ki, vasitəçilər münaqişənin özünün həlli yollarını deyil, onun növbəti dəfə, daha etibarlı şəkildə konservləşdirilməsinin yollarını axtaracaqlar? Axı atəşkəs rejimini gücləndirmək və təmas xəttində etimad tədbirlərinə dair absurd ideyalar problemin həlli deyil, olsa olsa “status-kvo”nu qoruyub saxlamağa yaraya bilər. Azərbaycan prezidenti İlham Əliyev həm aprel döyüşləri zamanı, həm ondan sonrakı çıxışlarında bəyan edib ki, Bakı danışıqlar xatirinə danışıqlara getməyəcək. Münaqişənin həllinin tapılmasına yönəlmiş real danışıqlar prosesi başlamasa, “status-kvo”nu saxlamağa yönəlmiş səylərə dəstək verməyəcək. Əgər həmsədrlər Vyanaya münaqişəni daha etibarlı “dondurmaq” üçün toplaşırlarsa, o zaman belə danışıqlar kimə gərəkdir?
Sorğu
Yeni dizaynımız necədir?