Prezident İlham Əliyevlə onun erməni həmkarı Serj Sarkisyanın Vyanada keçirdikləri görüşün detalları nə qədər məxfi saxlanılsa da, mətbuata sızdırılan xəbərlər bəzi gizlinlərə işıq tutur. Bəlkə də şüurlu şəkildə gün işığına çıxarılan əsas nüans tərəflərin atəşkəsə davam məsələsində razılığa gəlməsi və bu rejimi gücləndirmək üçün orduların təmas xəttinə müşahidə qurğularının yerləşdirilməsiylə bağlı tərəflərə təqdim olunan təklifdir. Bu təklifin qəbul edilib-edilmədiyi barədə heç bir məlumat verilmir.
Təmas xəttinə kameraların yerləşdirilməsi ilk baxışdan elə görünür ki, atəşkəsin kimin tərəfindən pozulmasını müəyyənləşdirmək üçün nəzərdə tutulub. Halbuki, Dağlıq Qarabağ problemiylə məşğul olan tərəflərin texniki imkanına nəzər salanda bunu təsbit etmək üçün belə kameralara ehtiyac olmadığı anlaşılır. Müasir çağımızda həm Rusiya, həm Fransa, həm də ABŞ-ın kosmik imkanları bu cür müşahidələri yerdənkənar vasitələrlə, özü də daha dəqiq aparmaq imkanı verir. Kosmik aparatlar hətta yer üzündə şütüyən maşınların nömrələrinə qədər təyinetmə imkanlarına malikdirsə, boş-boşuna xərc çəkib təmas xəttində kamera qurmağın zərurəti şəxsən bu yazı müəllifinə aydın deyil. Deməli, məsələ biz düşündüyümüzdən daha qəlizdir. Görünən budur ki, həmin kameralar kimin ilk atəş açmasını təsbit etmək üçün yox, sadəcə, tərəflər arasında müəyyənləşdirilməsi nəzərdə tutulan sərhəd xəttini gücləndirmək üçün quraşdırılacaq. Və ən əsası isə bu kameralı müşahidə rejimi kosmik imkanları olan Azərbaycandan çox, Ermənistana lazımdır.
Bir çoxları bu iddiaları həddindən artıq pessimist əhval-ruhiyyə ilə məsələyə yanaşma cəhdi kimi qiymətləndirə bilər. Kaş, elə ola. Nə yazıq ki, Vyana görüşündən sızdırılan iddiaların sətir altlarına nəzər salanda bu pessimist əhval-ruhuyyəni dəstəkləyən məqamlarla üzləşirik. Məsələn, adının çəkilməsini istəməyən ABŞ rəsmisi AFP agentliyinə deyib ki, Suriya məsələsindən fərqli olaraq, Qarabağ məsələsində Moskva və Vaşinqton arasında fikir ixtilafı yoxdur.
Naməlum ABŞ rəsmisinin bu sözləri əslində Azərbaycan ictimaiyyəti üçün də sirr deyil. Son 22 illik danışıqlar prosesində dəfələrlə vasitəçilərin vahid mövqedən çıxış edərək, kompromis adı altında həmişə bizdən güzəşt tələb etmələri hər bir Azərbaycan vətəndaşına məlumdur. Fəqət son Vyana görüşündə bunun rəsmi bir ağızdan səsləndirilməsi həqiqətin izharından daha çox, Azərbaycan ictimaiyyətini güzəştə hazırlamağa bənzəyir.
Rusiya xarici işlər naziri Sergey Lavrov da adı açıqlanmayan ABŞ rəsmisinin sözlərini təsdiqləyən fikirlər səsləndirib. O, TASS agentliyinə açıqlamasında deyib: "Tənzimləmənin birinci mərhələsinin parametrlərinin razılaşdırılması imkanları var. Bu imkanlar həmsədrlərin ümumi yanaşması axarında olan Rusiyanın vasitəçiliyi çərçivəsində formullaşdırılıb və bizim fransız və amerikan partnyorlarımızın dəstəyini alıb”.
Lavrovun bu fikirlərinin loru dilə tərcüməsi belədir: Dağlıq Qarabağ probleminin həlli layihəsini Rusiya hazırlayıb, digər vasitəçilər isə bu layihəni müdafiə edirlər.
Rusiyanın problemin həllində mövqeyini nəzərə alsaq, diplomatik masada rəsmi Bakının təkləndiyi, güzəştə məcbur edildiyi ortadadır. Azərbaycan ya bu basqılarla razılaşmalı, ya da müharibə yolunu seçməlidir. Son 4 günlük müharibə isə ikinci variantın çox da asan məsələ olmadığını göstərdi. Müəyyən itkilər nəticəsində torpağının cüzi bir hissəsini işğaldan azad etməyi bacaran rəsmi Bakı Rusiyanın təzyiqilə danışıqlar masasına oturmağa məcbur oldu və yenidən atəşkəsə davam etmək məcburiyyətində qaldı. Sözsüz ki, rəsmi Bakı bütün dünyanı qarşısına alıb beynəlxalq iradəyə qarşı çıxa biləcək gücdə deyil. Beynəlxalq hüququn və suverenlik haqlarımızın bizə bu səlahiyyəti verməsinə baxmayaraq, Azərbaycanın güzəştə məcbur edilməsi çarəsizliyini artırır, əlini-qolunu bağlayır.
Rusiyanın tərəflərə təklif etdiyi problemin həlli formulu da Vyana görüşündən sonra Sergey Lavrov tərəfindən bir daha dilə gətirilib. O, problemin mərhələli həllindən yana olduqlarını deyib. Bu formula görə, ilkin olaraq ermənilər Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çəkiləcək, Laçin və Kəlbəcərin taleyi sonrakı zamanlara saxlanılacaq, Rusiya sülhməramlıları boşaldılmış bu rayonlarda yerləşdiriləcək. Yalnız bundan sonra Dağlıq Qarabağın status məsələsinə baxılacaq.
Faktiki olaraq, müəyyən zamandan sonra Dağlıq Qarabağ əhalisinə öz taleyini müəyyənləşdirmək haqqı verən bu formul nə qədər Azərbaycanın güzəşti üzərində qurulsa da, bizə təqdim olunan təkliflər içərisində ən sərfəlisidir.
Digər təkliflərdən biri konfederalizmdir ki, nəticə etibarilə Dağlıq Qarabağın bir dövlət subyekti kimi tanınması və deməli, həm də ona üzvü olduğu birlikdən (Azərbaycandan) ayrılmaq haqqının verilməsi mənasına gəlir.
Bir başqa təklif isə məsələnin paket halında, yəni bəri başdan həllini nəzərdə tutur. Bunun loru dillə ifadəsi isə “ermənilər ətraf rayonları qaytarır, eyni vaxtda isə Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıyır” kimi xarakterizə edilə bilər. Mərhələli həllin bu iki təklifdən yeganə üstün tərəfi Molla Nəsrəddinin “beş ilə ya xan ölər, ya eşşək” ümidinə bənzəyir ki, bu da əslində çarəsizliyimizin göstəricisidir.
Azərbaycana bu çarəsizlik ümidinin verilməsi də əslində Rusiyanın bizim qara gözümüzə aşiqliyindən irəli gəlmir. Əksinə, Moskva Qarabağ “kozırını” əlindən tez buraxmamaq üçün mərhələli həllə meyllənir. İstənilən an konflikti yenidən qızışdırıb Cənubi Qafqazın NATO-nun nəzarətinə keçməsinin qarşısını almağa hesablanmış bu formul, güzəştə getsək belə, Qarabağ sancısından qurtula bilməyəcəyimizi göstərir.
Məsələyə bu baxımdan yanaşanda təmas xəttinə kameraların quraşdırılmasının mətləbi aydın olur. Belə görünür ki, Vyana görüşündə Azərbaycanla Dağlıq Qarabağ arasında sərhəd yaradılması müzakirə olunub. Görüşdən sonra Ermənistan tərəfinin “müzakirələr yaxşı keçdi” deməsinə baxmayaraq, rəsmi Bakının sükutu pozmaması da nəticənin bizim üçün ürəkaçan olmadığından və əslində Prezident İlham Əliyevin irəli sürülən təkliflərlə razılaşmadığından xəbər verir.
İrəli sürülən bu versiyaların nə qədər həqiqət olub-olmadığını zaman göstərəcək. Amma bütün hallarda kamera məsələsi status-kvonun saxlanmasına xidmət edir ki, bu da Azərbaycan üçün məqbul hesab oluna bilməz…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?