Oktay Gülalıyev çoxsaylı sullara cavab olaraq facebook səhifəsində paylaşdığı geniş açıqlamanı gundemxeber.az-ın oxucularına olduğu kimi təqdim edirik. O, bildirir ki, “Dəyərli dostlar! Təmsil olunduğum Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası ətrafında baş verənlərlə bağlı son günlər mətbuat orqanlarından, Facebook dostlarımdan, eləcə də digər şəxslərdən mənə çoxsaylı suallar ünvanlanır; “Koalisiyada nələr baş verib?” Mən həmin şəxslərin məlumat almaq istəyini və hüququnu anlaqlı şəkildə qarşılayıb baş verənlər barədə qısa qeydlərimi bildirmək istəyirəm. 30 oktyabr tarixdə MSŞA Koalisiyasının növbəti Ümumi Yığıncağı keçirildi. MSŞT üzrə Hökümət Komissiyasının, Beynəlxalq Katibliyin, xarici ölkə səfirlərinin qatıldığı yığıncaqda Koalisiyanın üzvü olan 141 təşkilat iştirak edirdi. Məhsuldar toplantıda demokratik və şəffaf seçkilər keçirildi. Koalisiyanın yeni Şura və Monitorinq Qrupu seçildi. Tanıdığım, önəm verdiyimiz xeyli sayda müstəqil mövqeyə malik vətəndaş cəmiyyəti fəalları seçkilərdə ugur qazandı. Yığıncaqdan dərhal sonra bəzi dairələr və seçkidən narazı qalan şəxslər Koalisiya rəhbərliyinin siyasiləşməsinə dair həqiqətə uyğun olmayan iddialar irəli sürdülər.
Təbii ki, vətəndaş cəmiyyəti həyatında önəmli hadisələrdən olan Koalisiyanın Ümumi Yığıncağı ilə bağlı təmsil olunduğum Milli Şuradan da bəzi dostlar “Yığıncaq neçə keçdi?” deyə sual verirdilər. Mən də ümumi maraq konteksində bu barədə Milli Şura rəhbərliyinin daxili istifadəsi üçün yaradılan 8-9 nəfərlik məhdud qapalı qrupda bir neçə cümlədən ibarət status yazdım. Əsl həngamə, stəkanda fırtına yaratmaq kampaniyası bundan sonra başladı. Heç gözləmədiyimiz halda Milli Şuranın Koordinasiya Mərkəzinin bir xanım üzvü yaşına, statusuna yaraşmayan tərzdə iznsiz- filansız həmin statusu ictimailəşdirdi. Yumşaq desək çox yanlış və qeyri- etik hərəkətə yol verdi. Statusu Koalisiya şəbəkəsinə və hakimiyyət yönlü mətbuata ötürdü. Təsəvvür edirsinizmi nə baş verir? Özünü aparıcı müxalifət düşərgəsinin önəmli simalarından hesab edən bir şəxs həmin qurumun qapalı qrupunda yazılmış məlumatı gizli şəkildə kənara çıxarır. Adını qoyur ki, məlumatda qeyri- dəqiqlik var. Əgər doğurdanda deyildiyi kimi məlumatda qeyri- dəqiqlik varsa və şəxs öz fikrində səmimidirsə niyə bu barədə fikrini, iradını, etirazını statusu yazana və qapalı qrupda digər təşkilat üzvlərinə, həmkarlarına bildirməyib? Amma statusu dərhal “screenshot” edib onun bir tərəfli qaydada, özü də iqtidar mətbuatında yayılmasına yardımçı olur? Bu necə müxalifətçilik, necə dostluq və necə ziyalılıqdır? Müstəqil mövqeyli ziyalı olan kəs də iqtidar düşərgəsinə gizli xəbər ötürərmi? Məsələ ictimailəşəndən sonra Milli Şuranın Koordinasiya Mərkəzi həmin şəxsi qurumun Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə Milli Şuradan xaric etdi. Bəziləri onun bu hərəkətini cəsarət və ləyaqət nümunəsi (!?) adlandırıb Milli Şuraya qara yaxmağa başladılar. Amma kimin nə deməsindən asılı olmayaraq qapalı qrupda, yaxın dostlar, tanışlar çevrəsindən gizlincə hər hansı xəbərı kənara ötürüb, onu başqa yad mətbəxlərə sızdırmaqla hazırda qanunsuz həbs həyatı yaşayan tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılın evinə video kamera yerləşdirib onun görüntülərini çəkib ictimailəşdirmək arasında ciddi fərq yoxdur.
Statusda nə yazılıb? Facebook- da bağlı qrupda yazılan statusun müəllifin izni olmadan ictimailəşdirib müzakirə açmaq nə qədər qeyri- etik, eyni zamanda siyasi, hüquqi və mənəvi baxımdan düzgün olmasa da müzakirə mövzusu olduğundan və orda səslənən fikirlər reallığı əks etdirdiyindən tezis halında aşağıdakı şəkildə qeyd edirəm; 1. “Hakimiyyətin Koalisiyanı nəzarətə götürmək üçün irəli sürdüyü "Koalisiyanı İctimai Birliyə çevirib qeydiyyata almaq" planı keçmədi”. Başqalarını deyə bilmərəm Koalisiyanın hüququ şəxs statusu alması üçün qeydiyyat məsələsinin həll olunması ilə bağlı təklifi irəli sürənlərdən biri Dövlət Neft Fondunun direktoru, MSŞT üzrə Hökümət Komissiyasının sədri Şahmar Mövsümovdur. Bu təklifin ilkin müəlliflərindən biri odur. Mən Ümumi Yığıncaqda da açıq çıxış edib bildirmişəm ki, indiki şərtlərlə Koalisiyanın qeydiyyatdan keçməsi hökümətin bu quruma nəzarət imkanlarını xeyli genişləndirir. Yaxşı olardı ki, hakimiyyət Koalisiyanın üzvü olan, qeydiyyatdan keçməyən 40 yaxın QHT- nin də qeydiyyat problemini həll etsin və Koalisiya qanunvericiliyə uyğun olaraq QHT- lərin İttifaqı kimi qeydiyyatdan keçsin. Bu variant Koalisiyanın maraqlarına nisbətdə daha çox uyğundur, nəinki böyük bir koalisiyanı ictimai birliyə çevirib qeydiyyata almaq. Kimsə düşünürsə ki, Ş. Mövsümov yuxarıdakı təkliflə həqiqətən hökümətin deyil, vətəndaş cəmiyyətinin marağını düşünür, o yanılır. Koalisiya üzvləri də haqlı olaraq bu təklifi qəbul etmədi. 2. “Şuranın 50+1, MQ- nın isə 2/3 tərkibinə bizim təklif etdiyimiz namizədlər seçildi”. Bəziləri elə bildi və sevincək oldu ki, “biz” deyəndə söhbət Milli Şuradan gedir. Amma izah olundu ki, söhbət koalisiyada təmsil olunan, hakimiyyətdən asılı olmayan fəal, müstəqil mövqeyi olan vətəndaş cəmiyyəti təmsilçilərindən gedir. Seçkilərdə Milli Şuranın üzvü olan 4 namizəddən 3- ü seçilməyib. Əgər Milli Şuranın belə bir planı, imkanı olsaydı öz üzvlərini seçdirərdi. 3. “Bütün müqavimətə, anti- təbliğata, ayrılan 400 min manata baxmayaraq hakimiyyət Şura və Monitorinq Qrupu seçkilərində məğlubiyyətə ugradı.” Mənim və dostların əleyhinə Yığıncaq öncəsi və yığıncaq günü təbliğat aparılıb. Təbliğat müəllifləri bunu etiraf da edirlər. “Ayrılan 400 min manat” deyəndə söhbət ondan gedir ki, hökümət QHT- lərə Dövlət Dəstək Şurasının elan etdiyi müsabiqəyə ilk dəfə olaraq Şəffaflıq Təşəbbüsü ilə bağlı istiqamət əlavə edib. Layihə çərçivəsində Ümumi Yığıncaq öncəsi Koalisiyaya üzvü olan 40- a yaxın təşkilata 345 min manat vəsait ayrılıb. Üstəlik 2 dəfə (bu da ilk dəfədir- red.) Koalisiyanın ofis xərcləri üçün 16.500 və 15.000 manat vəsait ayırıb. Ümumi Yığıncağın keçirilməsi üçün 7.500 manat pul ayırıb. Təkcə son bir ildə ümumilikdə 400 min manata yaxın vəsait ayrılıb. Digər tərəfdən Koalisiyanın Əsasnaməsi tələb edirdi ki, Ümumi Yığıncaq keçən ilin dekabr ayında keçirilsin. Yığıncağın vaxtının uzadılaraq QHT Şurasının elan etdiyi qrant müsabiqəsinin nəticələri açıqlanandan sonra keçirilməsi də bəzi suallara yol açdı. Əlbəttə biz o fikirdə deyilik ki, hökümətin ayırdığı pulla Koalisiya üzvləri mövqelərini dəyişib hakimiyyət yönlü olublar. Yox, əksinə hökümətin Koalisiya ilə bağlı apardığı lobbiçilik, yumşaq nəzarət mexanizmi taktikası özünü doğrultmayıb. Yəni ayrılan vəsaitə, hakimiyyətin Koalisiyaya verdiyi siyasi və maliyyə dəstəyinə baxmayaraq yeni rəhbərlik hakimiyyətə qarşı loyal şəxslərdən deyil, daha çox müstəqil mövqeyə malik şəxslərdən formalaşıb. Yox, kimsə iddia edirsə ki, hökümət bu qədər vəsaiti Koalisiyaya ayırmaqla doğrudan da vətəndaş cəmiyyətinin inkişafına səmimi şəkildə dəstək verir, o yanılır. Əgər Azərbaycan hökümətini doğurdan da vətəndaş cəmiyyətinin durumu maraqlandırsaydı, onu qırx arşın quyunun dibinə salmazdı. QHT qanunvericiliyinə mürtəce dəyişiklikər edib, donorları ölkədən qovub, fəalları həbsə atıb, ölkədən didərgin salıb QHT- ləri ələ baxan müti qula çevirməyə cəhd etməzdi. “Hakimiyyətin uduzması” deyəndə isə seçkilərdə namizəd olub ugur qazana bilməyən hakimiyyətə yaxınlığı ilə seçilən, hökümətyönlü və ya özünü hakimiyyətin qızğın tərəfdarı kimi təqdim edən şəxslərdən söhbət gedir.
İddialara cavab; Milli Şuranın qapalı qrupunda yazılan statusu ictimailəşdirib siyasiləşdirməkdən ruhlanan bəzi dairələr irəli gedən nəticələr çıxarıb aşağıdakı ittihamları irəli sürməyə başlayıblar; 1. Koalisiya siyasiləşib. 150- dən artıq üzvü olan Koalisiyanın yalnız 21 nəfərinin siyasi mənsubiyyəti var. Bu şəxslərin çoxu siyasi düşərgədə qeyri- aktiv olmaqla fərqli və hətta bir- birinə zidd olan siyasi qüvvələri təmsil edirlər (YAP, Ümid, AXCP, KXCP, Musavat, ADP və s.). Koalisiyanın yeni formalaşmış 16 nəfərlik (11 Şura üzvü, 5 nəfər MQ üzvü- red.) seçkili orqanlarında isə yalnız 4 nəfərin (3 Şura üzvü, 1 MQ üzvü- red.) siyasi mənsubiyyəti var. Onlar da fərqli partiyaya və dünya görüşlərinə malikdirlər. 21 nəfər siyasi mənsubiyyəti olanların böyük əksəriyyəti çoxdandır Koalisiyanın üzvüdür, yəni yeni qoşulmayıblar. Və hazırkı Koalisiya Şurasında siyasi mənsubiyyət təmsilçilərinin sayı son illərdə ən aşağı həddədir. Çünki əvvəlki illərdə bu rəqəm 5, 6, 7, hətta 8 nəfər olub. İndi özünüz deyin; Koalisiyanın nəyi və harası siyasiləşib? Digər tərəfdən necə ola bilir ki, Ümumi Yığıncaq başlanan ərəfədə Koalisiyanın Əsasnaməsinə, indiyə qədər ki təcrübəsinə, ənənəsinə zidd olaraq Rəyasət Heyətində hökümət nümayəndələri əyləşir Koalisiyaya hər cür maddi və siyasi dəstəklərini bəyan edirlər. Amma vətəndaş cəmiyyətinin nümayəndəsi kimi EİTİ Beynəlxalq İdarə heyətinin üzvü Q. İbadoğlunun orda əyləşməsinə və çıxış etməsinə imkan verilmir? Bəlkə həmin Rəyasət Heyətində oturub Koalisiyaya dəstəyini ifadə edən hökümət nümayəndələri Milli Şuranın, AXCP- nin, KXCP- nin rəhbələri olub, biz bilməmişik? Necə ola bilir hökümətin tam siyasi və maliyyə dəstəyi ilə Yığıncaq keçirib onların maraqlarına yaxın dişsiz fəaliyyət sərgiləmək hakimiyyətin nəzarəti altına düşmək deyil, amma bir neçə siyasi mənsubiyyəti olan şəxsin demokratik qaydada Şuraya üzv seçilməsi müxalifətin Koalisiyanı nəzarətə alması kimi qiymətləndirilir? Əslində MSŞT- nin yeni Standartlarına uyğun olaraq MSŞA QHT Koalisiyası hakimiyyət və siyasi qüvvələrlə eyni məsafədə olmalıdır. Bəzi şəxslər bu məsafə ilə bağlı danışanda yalnız siyasi qüvvələrdən bəhs edir. Amma nədənsə onların yadına hakimiyyət “düşmür”. Eyni zamanda bu suala cavab verilməlidir; dövlət başçısının sərəncamı ilə 2 fərqli qurumda vəzifəyə təyin olunan şəxsin Koalisiyanı Çoxtərəfli Qrupda (ÇTQ) təmsil etməsi MSŞT- nin yeni Standartları ilə ziddiyyət təşkil etmirmi? Həmin şəxs ÇTQ- də lazımi anda kimin sözünü deyəcək; hökümətin, yoxsa vətəndaş cəmiyyətinin? Haşiyə; Koalisiyanın “siyasiləşməsi”-ndən, yeni seçilən rəhbərliyin siyasi qüvvələrin nəzarəti altına “keçməsindən” narahat olanlar doğurdan da öz fikirlərində səmimidirlərsə, öz mövqelərində həqiqətən müstəqildirlər və gerçək vətəndaş cəmiyyətinin marağını ifadə edirlərsə bu narahatlığı Koalisiyanın son illər tədricən hakimiyyətin nəzarəti altına keçməsinə, qurumun səmərəsiz və dişsiz fəaliyyət göstərməsinə, keçmiş Şura koordinatorunun öz başına verdiyi Əsasnaməyə zidd hökümətyönlü bəyanatına, eləcə də Koalisiya Şurası adından 13 aprel 2016- cı ildə gizli şəkildə beynəlxalq tərəfdaşlara göndərilən, “Azərbaycanda vətəndaş cəmiyyətinin problemləri həll olunub” görüntüsünü yaratmağa xidmət edən müraciətinə niyə etiraz etmədilər? Niyə Koalisiya Şurası əsassız olaraq cinayət təqibinə məruz qalaraq şərlənib həbs olunan öz üzvləri- Qarabağ qazisi Asif Yusiflinin, Fuad Qəhrəmanlının qanunsuz həbsinə, ölkəni tərk etməyə məcbur olan, eləcə də təqiblərə, repressiyalara məruz qalan, ailə üzvləri ilə təhdid olunan Koalisiya üzvləri ilə bağlı hər hansı etiraz bəyanatı vermədi, onların fəal müdafiəsinə qalxmadı? 2. Koalisiya üzvləri korrupsiyada ittiham olunub (!?). Statusda yazılan “400 min manat” məsələsini bəzi bədxah qüvvələr Koalisiya üzvlərinə qarşı çevirərək özlərini onların qəhrəman müdafiəçisi kimi təqdim etməyə çalışırlar. Amma həmin “müdafiəçilər” Yığıncağın məhsuldar şəkildə keçməsi ilə bağlı mətbuata verdikləri açıqlamada Koalisiya üzvlərini “ölü canlar dirilmiş” kimi təqdim edib onları aşağılayıb. Mənim heç bir fikrimdə Koalisiya üzvlərinə qarşı korrupsiya ittihamı yoxdur və ola da bilməz. Məsələni bu şəkildə qoymaq Koalisiyada süni gərginlik yaratmaq istəyən qüvvələrin manipulyasiya cəhdidir. Yəni bu məsələdə söhbət hansısa Koalisiya üzvünün və ya keçmiş Şura üzvlərinin korrupsiyada ittiham olunmasından getmir və gedə də bilməz. Söhbət hakimiyyətin bu metodla Koalisiyaya yanaşmasından, adı çəkilən qurumda lobbiçilik fəaliyyətindən, özünə və ordakı tərəfdarlarına qarşı sıcaq münasibət qurmaq taktikasından gedir. O yanaşma özünü doğruldub- doğrultmayıb, bu da başqa mövzunun söhbətidir. 3. Koalisiya rəhbərliyinə keçirilən seçkilər demokratik, şəffaf olsa da ədalətli olmayıb (!?). Hər hansı toplum arasında keçirilən seçkilərin azad, demokratik, şəffaf olduğu halda ədalətsiz olması iddiasını irəli sürmək məntiqsiz yanaşmadır. Digər tərəfdən bu məntiqi irəli sürənlərin özlərinə demək lazımdır necə olur ki, sizlər həmin seçkilərdə ugur qazananda bu seçkilər ədalətli, ugur qazanmayanda isə ədalətsiz olur? Məyər sizlər seçkilər üçün ədalət etalonusunuzmu? Bu yanaşma seçkilərdə namizəd olub ugur qazana bilməyənlərin növbəti uydurması, rəyi azdırmaq və seçkilərin nəticəsinə kölgə salmaq cəhdidir. Lakin ugursuz və əbəs cəhddir. 4. Mütəxəssislərin Koalisiya rəhbərliyindən kənarda “qalması”- Koalisiyanın yeni Şurasına iqtisadçılar- Qubad İbadoğlu, Azər Mehtiyev, Sabit Bağırov, İlham Hüseynli, eləcə də hüquqşünaslar və müstəqil mövqeyə malik vətəndaş cəmiyyəti fəalları seçilib. Sual oluna bilər; Şuraya yeni simaların seçilməsinə bəzi şəxslər niyə narahat olurlar, nə vaxta qədər eyni şəxslər Şurada təmsil olunmalıdır? Özləri seçilməyib deyə niyə başqalarının seçilməsinə qısqanclıqla yanaşırlar? Koalisiya ilə bağlı hansı iqtisadi problem var ki, əlavə mütəxssislər ordusuna ehtiyac olsun? Digər tərəfdən “mütəxəssis” davası aparan şəxslər niyə bunu öncəki Şura seçkilərində, eləcə də Koalisiya adından xarici səfərlər və Çoxtərəfli Qrupa keçirilən seçkilər zamanı demirdilər, eyni canfəşanlığı göstərmirdilər? Axı həmin seçkilərdə və səfərlərdə də indi istinad etdikləri hörmətli İnqilab Əhmədov, İlham Şaban və digərlərinin adları olmayıb. Hətta qeyri- mütəxəssislərin getdiyi xarici səfərlərin biri ilə bağlı keçmiş Şurada keçirilən seçkilərdə Sabit Bağırov cəmisi vur- tut 2 səs almışdı. O seçkiləri biz yox, mütəxəssis davası aparan, indi namizəd olub seçilə bilməyən Şuranın əvvəlki üzvləri keçirib axı. Budurmu mütəxəssisə verilən qiymət və ədalətli mövqe? Göründüyü kimi yüksək məhsuldarlıq şəraitində (Koalisiyaya üzv olan 150- dən artıq QHT rəhbərindən 141- i iştirak edib-red.) baş tutan, tam demokartik və azad seçkilərin keçirilməsi ilə tarixə düşən MSŞA Koalisiyasının 30 aprel tarixli Ümumi Yığıncağının nəticələrinə kölgə salmaq üçün dövrüyəyə buraxılan ittihamlar əsassız və külüncdür. Qeyd; MSŞA Koalisiyanın üzvü, qanunsuz həbs həyatı yaşayan Fuad Qəhrəmanlı Facebook- da yazdığı yazıya, konkret olaraq ifadə azadlığına görə şərlənib həbs edilib. Fuad bəyi həbs edənlərin vətəndaş cəmiyyətində olan təmsilçiləri Facebook- da qapalı bir qrupda yaxın dostlar üçün yazdığım statusa görə məni prokuror, məhkəmə və həbslə hədələyirlər. Olsun. Hədə müəlliflərindən fərqli olaraq mənim prokurorluqdan, məhkəmədən qorxacağım nə qanunsuz hərəkətim var, nə də qorxacaq yerim. Amma gerçək vətəndaş cəmiyyəti nümayəndəsinin digər həmkarını həbslə hədələməsi başqa mətləblərdən xəbər verir. Bunu o şəxslər edə bilər ki, onlar üçün vətəndaş cəmiyyəti adlı dəyər yoxdur. Həmin şəxslər hakimiyyətə arxalanıb onun maraqlarına uyğun hərəkət edirlər. Bu nümunə hakimiyyətin MSŞA Koalisiyasına nəzarəti gücləndirmək iddiasına həm də bir misaldır. Bəzi şəxslər QHT rəhbəri kimi deyil, prokuror, dövlət ittihamçısı kimi çıxış edir. Başa düşürük ki, onların arxası və imkanları genişdir. Amma arxaya və imkana güvənənlərin sonunun necə olduğunu görə- görə gəlirik. Bunu unutmasınlar! Təbii ki həmin şəxslər hakimiyyətə güvənib bu cür hərəkət edirlər. Hakimiyyətə yaxın şəxslər və onların namizədləri koalisiya rəhbərliyinə keçirilən seçkilərdə ugur qazana bilməyiblər. Onları narahat edən də budur. Hesabat verdikləri şəxslərə Koalisiyadakı rəqiblərinə uduzmalarını izah etməkdə aciz qaldıqları üçün “biz Milli Şura kimi müxalifətin aparıcı güc mərkəzinə uduzmuşuq” görüntüsü yaratmaq istəyirlər. Ömründə bir dəfə də olsun hansısa korrupsioner bir nazirin, icra başçısının deyil, adi JEK müdrinin istefasını tələb etməyə cəsarəti çatmayan bir neçə QHT rəhbəri Koalisiya üzvlərinin böyük səs çoxluğu ilə Şura üzvü seçilən müstəqil mövqeyə malik şəxsləri Koalisiyadan istefa verməyi tələb edirlər. Gülməlidir, deyilmi? Bəzi şəxslər isə yeni Ümumi Yığıncaq çağırmaq, Koalisiyanı parçalamaq, MSŞT ilə bağlı yeni qurum yaratmaq təşəbbüsü ilə çıxış edirlər... Təbii ki, bu fikirlər reallaşarsa bunun arxasında hakimiyyətin dayandığı açıq- aşkar görünəcək və hakimiyyətin özü üçün ciddi baş ağrısı olacaq. Zənnimizcə, bu kimi mənasız işlərə baş qoşmaqdansa hakimiyyət və onun Koalisiyadakı təmsilçiləri vətəndaş cəmiyyətinin problemlərinin həllinə maraq göstərib ölkəmizin MSŞT- dəki üzvlük statusunun bərpa olunmasına çalışmalıdırlar. Yoxsa onların sahəsində Azərbaycan daha bir nüfuzlu qurumda yerini həmişəlik itirə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?