Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tam aşkarlıq, bərabər imkanlar şəraitində və şəffaf prosedurlar əsasında prokurorluq orqanlarına işə qəbulla əlaqədar Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə elan olunmuş müsabiqəyə yekun vurulmuşdur. Azərbaycan Respublikasında yeni keyfiyyət müstəvisində reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması prokurorluğun kadr tərkibinin dövlət başçısı cənab İlham Əliyevin ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunmasına dair verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur.
Müsabiqənin birinci və ikinci mərhələlərində müvəffəqiyyət həddini keçərək üçüncü mərhələ olan müsahibəyə buraxılmış namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, hüquqi aktları düzgün tətbiq etmək bacarığına, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, prokurorluqda qulluq keçmək arzuları və hazırda prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla, Müsabiqə Komissiyasının təklifinə uyğun olaraq Baş Prokurorluğun Kollegiyası 117 gənc hüquqşünasın müsabiqədən keçməsi ilə əlaqədar qərar qəbul etmişdir.
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 09 sentyabr 2016-cı ildən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi,158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə stajor təyin ediləcəklər.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və “Qəbul otağı”nda yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün 492-06-82, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?