Prezident İlham Əliyev Qarabağ münaqişəsinin hazırda nizamlanmasının mümkün olmaması barədə ABŞ dövlət katibi Con Kerrinin bəyanatını “insafsızlıq” adlandırıb və bunu ABŞ-ın münaqişəni həll etmək istəməməsilə əlaqələndirib.
O, rusiyalı telejurnalist Dmitri Kiselyova müsahibəsində Kerrinin bəyanatını “diplomatik kazus” adlandırıb.
“Münaqişənin həll olunmamasının günahını Azərbaycanın üstünə atmaq ən azı insafsızlıqdır”, - İ.Əliyev qeyd edib.
“ABŞ dövlət katibi bildirir ki, münaqişənin həllini görmür və bunu İsrail-Fələstin münaqişəsinə nisbətən həll etmək daha çətindir. Bu, Ermənistana mesajdır ki, məsələni İsrail-Fələstin münaqişəsi kimi uzatmalısınız? Bu bəyanat bir daha münaqişənin niyə həll olunmadığını göstərir”, - dövlət başçısı vurğulayıb.
“Bu nə üçün baş verir” sualının cavabında İ.Əliyev deyib ki, Azərbaycan “sözə baxmadığına görə” cəzalandırmaq üçün belə edirlər.
“Bizdə bütün azadlıqlar təmin olunur. Ancaq buna baxmayaraq, Azərbaycan daim əsassız hücumlar üçün obyektə çevrilir.
Bütün bunlar siyasi motivlidir, səbəb odur ki, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə bərabər tərəfdaş kimi əməkdaşlıq edir. “Ancaq, görünür, bu ölkələrdəki hansısa dairələr üçün bu, azdır, onlar daha çox istəyirlər”, onlar “təlimatın icrasını istəyirlər, biz isə bu rol üçün yaramırıq”, - o vurğulayıb.
“Biz əməkdaşlıq istəyirik, ancaq bizim işlərimizə qarışmağı qətiyyən istəmirik, QHT adı altında siyasi partiyaların maliyyələşdirilməsini, sabitliyin pozulması cəhdlərini, bizim daxili işlərimizə açıq müdaxiləni istəmirik”, - İ.Əliyev bildirib.
“Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləckmi” sualına İ.Əliyev mənfi cavab verib: "Bizim prezident seçkilərinin keçirilmə vaxtında dəyişiklik etmək niyyətimiz yoxdur”.
O, Azərbaycanda və ölkədən kənarda bununla bağlı hansı söhbətlərin getməsindən xəbərdar olduğunu bildirib:
“Belə planlar yoxdur, buna ehtiyac görmürəm. Prezident seçkilərində iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki ildən sonra keçirilməlidir. Hər hansı nəticə çıxarmaq və ya qərar vermək üçün hələ kifayət qədər vaxt var. Əgər bu gün olduğu kimi xalqın dəstəyini hiss etsəm, əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”, - dövlət başçısı vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?