Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və
keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Akif Çovdarovun törətdiyi cinayətlərin əksəriyyəti hərbi cinayətlər olduğub üçün onun və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Məlumat üçün bildirək ki, Bakı Hərbi Məhkəməsində təhlükəsizlik tədbirləri güclü olmadığı üçün Akif Çovdarovun işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Buna səbəb isə bu məhkəmədə təhlükəsizlik tədbirlərinin güclü olmasıdır. Amma prosesə jurnalistlər buraxılmır. Bunu da belə əsaslandırırlar ki, Akif Çovdarovun cinayət işində dövlət əhəmiyyətli sirlər var.
Bu sirlərdən əsası birdə ondan ibarətdir ki, MTN-nin agentura şəbəkəsinə ayrılan pullar və şəbəkənin üzvlərinin ictimayyətə açıqlanmaması üçün nəzərdə tutulur.
Akif Çovdarovun səhhəti ağır olduğu üçün məhkəməyə gətirilməmişdi. Məhkəmə isə Akif Çovdarovun prosesdə iştirakını mütləq hesab edərək, onun zorla gətirilməsini tələb etdi. Təxminən 1 saat sonra Akif Çovdarov təcridxanadan Sabunçu rayon məhkəməsinə gətirildi. Buna baxmayaraq məhkəmə prosesi yenə də baş tutmadı.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, prosesdə Akif Çovdarov vəkillərindən imtina edib. Səbəb olaraq isə hakimlərə etirazını göstərib.
Belə ki, Akif Çovdarov vəkillərinin vəsatətlərinin təmin edilmədiyini və onların bir iş görə bilmədiyini deyib: “Akif Çovdarov məhkəmədə dedi ki, “əgər vəkillərim mənim səhhətimlə bağlı bir məsələni həll etmək iqtidarında deyilsə, onların verdiyi vəsatətlərə hakimlər baxmaq istəmirsə, mənə ümumiyyətlə, vəkil lazım deyil”. Akif Çovdarov imtina ərizəsini məhkəməyə təqdim etdi. İmtina ərizəsi 1 saata yaxın müzakirə olundu”.
Vəkil əlavə edib ki, Akif Çovdarovun etiraz müraciətindən əvvəl məhkəmə tərkibinə etirazla bağı da vəsatət verilib. Lakin həmin vəsatət qəbul edilməyib: “Biz məhkəmə tərkibinə etirazla bağlı vəsatət verdik. Digər vəsatətlərimizi isə təqdim etmədik. Çünki bizim məhkəmə tərkibinə etirazla bağlı vəsatətimiz qəbul edilmədi. Bunu eşidəndən sonra Akif Çovdarov dedi ki, “siz onsuz da bu işə hakimlik etmək iqtidarında deyilsiniz və göstəriş əsasında işləyirsiniz. Siz heç bir məsələni həll edə bilmirsiniz”.
Kamandar Nəsibov Akif Çovdarovun məhkəmədə 3 həkimin nəzarətində iştirak etdiyini söyləyib: “Nəfəs ala bilmdiyi üçün oksigen balonu da gətirilmişdi. Həkimlər tez-tez təzyiqini ölçürdü. 3 həkimin nəzarətində ola-ola məhkəmə davam etdirildi. Biz ötən prosesdə də buna etiraz etdik. Ancaq baxılmadı”.
Akif Çovdarovun digər vəkili Sadiq Rəsulov isə bildirib ki, həbsdəki general hələ də aclıq aksiyasını davam etdirir: “Aclıq aksiyası Akif Çovdarovun səhhətini daha da ağırlaşdırıb. Yemək, su və dərman qəbul eləmir. Eyni zamanda iki dəfədir ki, məhkəməyə sürüyərək gətirirlər. Buna daha çox əsəbiləşir. Bu məhkəmə prosesi də demək olar ki, baş tutmadı. Hər dəqiqə onun halı pisləşirdi, oksigen çatışmazlığı yaranırdı. Həkimlər müdaxilə
edirdi, məhkəmədə tez-tez fasilə elan olunurdu. Biz başa düşə bilmirik ki, onu niyə bu halda məhkəmə iclasına gətirirlər. Tibbi ekspertizanın təyin olunması ilə bağlı da vəsatət verəcəkdik. Akif Çovdarov məhkəmədə deyir ki, “mənim səhhətim ağırdır”. Hakim isə deyir ki, “biz mütəxəssis deyilik və heç nə deyə bilmərik”. Biz də vəsatət veririk ki, onun səhhəti ilə bağlı ekspertiza təyin olunsun. Ancaq deyirlər ki, indi buna ehtiyac yoxdur”.
Noyabrın 16-da hakimlər Akif Çovdarovun vəkillərindən imtina etməsi ilə bağlı məsələyə baxmalı idi. Amma həmin məsələnin müzakirə edilməsi mümkün olmayıb.
Buna səbəb isə təqsirləndirilən Səlim Məmmədovun vəkili Cavid Rzazadə prosesə qatılması olub. Hakimlər prosesi noyabrın 17-də davam edəcəyini açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?