Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq:
"İndiyə qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi. Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idilər. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir".
Deputat əlavə edib ki, bu cür ödəniş mexanizminin tətbiqi eyni zamanda məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədikləri kimi istifadəyə etməyə imkan verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?