Qubernatorlar bu icra başçılarını yığışdırsın Ölkə rəhbərliyindən bəzi nazirlərə qeyri-rəsmi xəbərdarlıq olunub. O nazirlərə ki, bir neçə rayona kuratorluq edirlər
Siyasi hakimiyyətdən həmin nazirlərin nəzərinə çatdırılıb ki, qubernatoru olduqları regionlarda icra başçılarını təlimatlandırsınlar.
Bu barədə hakimiyyətdəki mötəbər mənbədən verilən məlumatda qeyd olunub. Qaynağımız iddia edir ki, icra hakimlərinin əhali ilə daha fəal işləməsi tapşırılıb.
Bu göstəriş əsasən ən çox şikayətlər gələn rayonlara şamil edilib. Son aylarda Prezident Administrasiyasına daha çox hansı bölgələrdən vətəndaş məktublarının gəlməsinin statistikası hazırlanıb.
Bu tərtibata uyğun olaraq həmin əyalətlərdə camaata həssas münasibət göstərilməsi qarşıda tələb kimi qoyulub. Sirr deyil ki, əksər rayonların icra başçılarına nazirlər havadarlıq edir.
Ona görə də bir neçə nazirə qeyri-rəsmi xəbərdarlıq edilib və 2017-ci ildə bu rayonlardan şikayətlərin azaldılması şərti irəli sürülüb.
Bu da vəzifəsini itirmək təhlükəsi ilə üzləşən icra başçılarını təşvişə salıb. Onlara deyilib ki, həm nazirləri ölkə rəhbərliyinin önündə başı aşağı etməməlidirlər, həm də adi bir səhv vəzifədən getməklə nəticələnə bilər.
Məlumatda deyilir ki, axır vaxtlar Göyçay, Ucar və Qubadan çoxsaylı şikayətlər gəlir. Bu regionların kuratoru nəqliyyat naziri Ziya Məmmədov olaraq qalmaqdadır.
PA-ya gedən məktublar arasında Şəmkir və Gədəbəy, Binəqədi rayonları da üstünlük təşkil edir. Bu bölgələrə vergilər naziri Fazil Məmmədovun nəzarət etdiyi sirr deyil.
Üçüncü sırada isə Lerik, Şamaxı, Xızı və digər bölgələri göstərmək olar. Məlumata görə, bürokratik əngəllərin aradan qaldırılması üçün mühüm addımlar atılır.
Bu məqsədlə rayon icra hakimiyyətlərinə tapşırıqlar verilib. Prezident Administrasiyasından gələn təlimata görə, yerlərdə vətəndaşların şikayətlərinə həssaslıq nümayiş etdirilməlidir.
İlin sonuna qədər hansı rayon icra hakimiyyətindən PA-ya daha çox şikayət daxil olarsa, həmin bölgənin icra başçısı cəzalanacaq. Hələ ötən il PA rəsmiləri bildirmişdilər ki, icra hakimlərinin fəaliyyətinə bu kontekstdə qiymət veriləcək.
2017-ci il iqtisadi cəhətdən Azərbaycan üçün asan olmayacaq. Hakimiyyət dairələri analiz edərək regionlarda əhalinin ayaqlanmasının qarşısını almağa, bürokratik əngəlləri, məmur özbaşınalığını sıfıra endirməyi planlaşdırıb.
Çünki hansısa əyalətdə etiraz aksiyası dalğavari yayıla bilər və qarşısıalınmaz prosesə çevrilər. O baxımdan PA-dan icra başçılarına verilən göstərişdə camaatın problemlərini dinləmək tapşırılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?