“Xaricdə səfərdə olsam da, telefonum dayanmadan zəng çalır və mesajlar gəlir. Jurnalist həmkarlarım millət vəkili həmkarımız Arif müəllimin fikirlərinə münasibət bildirməyimizi xahiş edir. Açığı mən Arif müəllimin elə bir açıqlama verdiyinə, elə fikirlər söylədiyinə inanmaq istəmirəm və yəqin ki, özü bu məsələyə geniş açıqlama gətirəcək və bu, çox vacibdir. Övladı olmaqdan hər zaman qürur duyduğum Türk millətinə gəlincə, onu demək istəyirəm ki, könlü genişdir Türk millətinin. Sevgi ilə qucaqlayandır hər dindən, dildən, millətdən olan insanı. Biz yaradılanı Yaradandan ötrü sevdik deyib dədə Yunus. Bunun bəzən acısını da çəkib. Kürəyinə bıçaq saplayanlar da az olmayıb”. “Gündəm Xəbər” bildirir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib. O, qeyd edib ki, amma hər şeyə rəğmən sevgi, mərhəməti böyükdür Türk millətinin. Nə qədər haqsızlığa məruz qalsa da, hər zaman ac qalanla son tikəsini bölüşüb. “Həyatda heç kimsənin milli kimliyinin aşağılanmasını doğru saymadım. Milli kimliyimlə, Türk olmaqdan da hər zaman şərəf duydum. Həyatda özümü ən pis hiss etdiiyim hadisələrdən birini heç zaman unuda bilmirəm. Yadımdadır bir gün bir “aydın” mənə “Qənirə xanım siz də çox Türkçülük edirsiniz, nəyə lazımdır, belə etməsəniz bəlkə indi daha yaxşı yerlərdə olardınız” dediyində bir anlıq sanki şoka girmişdim. Onun daha yaxşı deyəndə nəyi nəzərdə tutduğunu sormadan və verdiyim cavabdan inciyib mənə hər zaman pislik etməsinə rəğmən belə demişdim:
“Mən Türkçülük etmirəm.Mən elə özüm Türkəm.Hər kəs bir millətin övladıdır, mən də Türk millətinin övladıyam və harada olursa olsun millətimlə bağlı məsələlərdə duyarlı olmağa çalışaram, ona qarşı haqsızlıq olanda etiraz edirəm, mübarizə aparıram, dədələrimə iftira atılmasını heç zaman həzm etmirəm. Yerimə gəlincə çox sağ olsun dövlətim və xalqım mən ola biləcəyim ən yaxşı yerdəyəm, başqa heç bir yerdə də nə gözüm var nə də fikrim”. Yəni, bu xoşagəlməz söhbəti davam belə etdirmək istəməmişdim və ona çox sərt və ağır cavab verib söhbəti qapatmışdım. Azərbaycan bir Türk dövlətidir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan və Türkiyə bir Millət- iki Dövlət demişdi. Milli mənsubiyyət çox həssas məsələdir və bu mövzuda hər zaman diqqətli olmaq lazımdır. Azərbaycanda bütün etnik qruplar, dini inanc sahibləri bir arada mehriban yaşayır və hamımız birlikdə bu ruhu qoruyub saxlamalı, bir-birimizə hörmətlə yanaşaraq dövlətimizi daha da gücləndirməliyik”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Sorğu
Yeni dizaynımız necədir?