“Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın icrasını təmin etmək, eləcə də ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsi üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində səhiyyə sahəsində zəruri tədbirlərin davam etdirilməsi məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə Fəaliyyət Planı təsdiq edilib.
Gündəm Xəbər-in Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin Fəaliyyət Planına Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılmasına dair təkliflərin, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olunması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirin neytrallaşdırılması məqsədilə təkliflərin, istehsal və xidmət müəssisələrinin ISO 14001 üzrə sertifikatlaşdırılmasının stimullaşdırılması məqsədilə təkliflərin hazırlanması daxildir.
Fəaliyyət Planına gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilməsi tələb olunmayan sənədlərə dair təkliflərin hazırlanması və müvafiq qaydada icra edilməsi, gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlərin həqiqiliyinin gömrük orqanları tərəfindən yoxlanılması məqsədilə həmin sənədləri vermək səlahiyyəti olan qurumların elektron baza serverlərinə müvafiq qaydada giriş hüququnun təsbit edilməsi kimi bir sıra məsələlər də daxil edilib.
Sənəddə həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Belə ki, malyariyaya görə endemik olan ölkələrə gedib gələn şəxslər və eləcə də belə ölkələrdən gələn xarici vətəndaşlar üzərində nəzarətin təmin edilməsi, vərəm xəstəliyinin profilaktikası, müalicəsi və kadrların hazırlanması, QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?