ABŞ-ın Cənubi Karolina ştatının Rock Hill səhərində velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatıb. Qərb dünyasında çox populyar olan bu yarışda planetin 48 ölkəsindən 3750 idmançı iştirak edib. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, yarışın ən kiçik iştirakçısının 5 yaşı olub.
3400-dən çox uşaq idmançının (Chellenger) valideynləri ilə birlikdə yarışı izləməyə gələnlərin sayı 30 mindən çox olub. 10 gün ərzində Rock Hill şəhəri demək olar ki, bu yarışla nəfəs alıb.
Yarış günləri ərzində havanın hərarətinin çox yüksək olmasına baxmayaraq, dünya çempionatı olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Bu barədə tədbirdə rəsmi qonaq kimi iştirak edən Azərbaycan nümayəndə heyətinə Rock Hill şəhərinin meri Duq Ekols ətraflı məlumat verib. Merlə görüş zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri, AVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov BMX üzrə dünya çempionatının estafetini ABŞ kimi ölkədən qəbul etməyin Azərbaycanın üzərinə əlavə bir məsuliyyət qoyduğunu bildirib. Çünki bu idman növü qərbdə çox populyar olsa da, Azərbaycanda yalnız Bakı-2015 ilk Avropa Oyunlarından sonra tanınmağa başlayıb.
Avropa Oyunlarında ölkəmizin digər növlər kimi, velosiped yarışlarını da ən yüksək səviyyədə təşkil etdiyini görən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) 2017-ci il Dünya çempionatını AVİF-ə etibar edib. Yarışa hazırlıq işlərinə başlanılıb.
2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu inşa edilsə də, 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.
Dünya çempionatında iştirak edən 2 qat Olimpiya, 6 qat dünya çempionu, kolumbiyalı Mariana Pajon gələn il böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini deyib: "BMX idman növünün populyarlaşmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürümü bildirirəm. Şadam ki, gələn il dünya çempionatı Azərbaycanda keçiriləcək və səbirsizliklə bu yarışı gözləyirəm. Artıq Azərbaycanın yarış treki ilə müəyyən qədər tanış olmuşam və əminəm ki, hər şey yüksək səviyyədə olacaq".
BMX üzrə UCI-ın keçirdiyi və bütün ölkə nümayəndələrinin iştirak etdiyi toplantıda Azərbaycan nümayəndə heyəti geniş təqdimatla cıxış edib. Təqdimatın əvvəlində göstərilən ölkəmizin gözəlliklərini, idmana olan dövlət qayğısını və velosiped idmanının inkişafını əks etdirən videoçarx hamının böyük marağına səbəb olub. Çempionata gələcək iştirakçıların transferi, vizaların alınma qaydaları, otellərdə yerləşdirmə və sair məsələlər də böyük razılıqla qarşılanıb. Yarışın sonunda çempionatın bayrağı estafet kimi Azərbaycan nümayəndə heyətinə təqdim edilib./milli.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?