Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanında iştirak edən bəzi namizədlərin narazılıqlarına münasibət bildirib.
Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov deyib ki, müəllimlərin problemi, söz-söhbəti, narazılığı nə imtahanda, nə də imtahandan sonra bitir. O bildirib ki, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirir, çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər: "Narazı namizədlərin iddiası zallardakı sarı kartlı masalarla bağlı da olub. İddiaya görə, guya tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. Cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur. Sarı kartlı masaların fərqləndirilməsinə gəlincə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb, digər sarı kartda bitir. Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir".
Sektor müdiri qeyd edib ki, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. R. Məmmədov əlavə edib ki, bütün sistemə nəzarət mexanizmi var və şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub: "Hətta sarı masada oturmaq istəyənlərin hər birinin arzusu yerinə yetirilib. Bu iddiada olanların həmin masada imtahan verməsi təmin edilib. Hamının gözü sarı masada oturanda olur və özləri də şahid olurlar ki, sosial şəbəkədə yayılanlar absurddur"./APA
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?