Rusiya böyük hərbi toqquşmada maraqlıdırmı? Ekspert: “Moskvanın bu prosesdə tərəf kimi iştirak edə biləcəyini düşünmürəm...”
Rusiyanın Azərbaycanla Ermənistan arasında ikinci Qarabağ savaşının baş verməsində maraqlı olub-olmadığı barədə daim səslənən fikirlər çoxalmağa başlayıb. Xüsusilə də son günlər təmas xəttində artan erməni təxribatları fonunda yenidən “rus barmağı”ndan danışılmağa başlayıb.
Kremlin müharibədə maraqlı olduğunu deyənlər də var, əksini iddia edənlər də. Bəzi təhlilçilərə görə, Ermənistanın Azərbaycanla müharibə aparmaq iqtidarının olmadığı, eləcə də Qərbin sanksiyalarının getdikdə artdığı bir dönəmdə Rusiyanın savaşın baş verməsində maraqlı olmaması daha inandırıcıdır. Şübhəsiz ki, heç bir dövlət yerləşdiyi regionda müharibənin olmasını istəməz. Ən azı o səbəbə ki, bu zaman regiona xarici təsirlər artır.
Bu baxımdan Qərb ölkələrinin Cənubi Qafqaza girməsinə hər vəchlə mane olmağa çalışan Rusiyanın regionda proseslərin gərginləşməsini istəməməsini söyləmək mümkündür. Hərgah, Moskvanın Azərbaycan-Ermənistan arasında müharibənin baş verməsində maraqlı olduğuna da haradasa inanmaq mümkündür. Çünki Cənubi Qafqaz dövlətlərinin sürətlə Qərbə doğru getdiklərini görən şimal qonşumuz bu yolla onların qarşısını almağı hədəfləyə bilər... Politoloq Elçin Mirzəbəyli hər iki mövqe ilə tanış olduğunu bildirdi: “Amma təəssüf ki, tərəflərin heç biri öz fikirlərini əsaslandırmağa çalışmır. Axı çox sadə bir suala cavab tapmaq lazımdır. Qeyd edim ki, istənilən mövqe konkret davranışlarla, hərəkətlərlə müşayiət olunmalıdır. Yəni ”əgər Rusiya Qarabağda müharibənin yenidən alovlanmasını istəmirsə, bunun üçün hansı addımları atır" sualına cavab tapılmalıdır. Zənnimcə, ortalıqda bu mövqeni əsaslandıran hər hansı hərəkət yoxdur. O zaman Rusiyanın Qarabağda yeni müharibə istəməməsini əsaslandırmaq olardı ki, Moskva Ermənistana “İsgəndər” zenit-raket kompleksini verməsin, bu ölkə ilə birgə hərbi birləşmə yaratmasın, bu hərbi birləşmənin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna ermənini gətirməsin və s. Təbii, iddia oluna bilər ki, Rusiya bu addımları Azərbaycanla hərbi balans yaratmaq və müharibənin baş verməməsi üçün çəkindirici faktor kimi atıb. Amma məsələnin digər tərəfi var: Rusiyanın bu addımları Ermənistanı daha da azğınlaşdırıb və düşmən ölkə Ermənistan-Azərbaycan sərhədində atəşkəsi pozmaqla, mülki əhaliyə zərər verməklə münaqişənin ekskalasiyasına çalışır. Əgər bu hadisələr Azərbaycanın işğal altında olan ərazilərində baş versəydi, o zaman bəlkə də separatçıların təxribatı kimi bəhanə gətirmək olardı. Axı Azərbaycan əraziləri, mülki vətəndaşlar həm də Ermənistan ərazisindən, sərhəddən atəşə tutulur. Sərhədə isə rus əsgərləri nəzarət edir. Zənnimcə, burada bəhanə axtarmağa yer yoxdur.
Mənzərə göz qabağındadır. Bir az praqmatik olmaq lazımdır. Bəzən biz görmək istədiyimizi reallıq kimi qəbul etdirməyə çalışırıq. Bəzi təcrübəli ekspertlərimiz və diplomatlarımız baş verənləri Rusiyanın xarici işlər naziri ilə əlaqələndirirlər. Şübhəsiz ki, Lavrov ermənipərəstdir. Lakin o Rusiyanın xarici işlər naziridir. Və əgər Sergey Lavrov Rusiya dövlətinin maraqlarına qarşı addım atırsa, o zaman bunun qarşısı niyə alınmır. Belə anlaşılır ki, Putin öz komandasına nəzarət edə bilmir. Bütün bunlar mənə inandırıcı görünmür. Söhbət Rusiyanın müharibə istəyib- istəməməsindən getmir. Zənnimcə Rusiya əmindir ki, hərbi əməliyyatları istənilən an dayandıra bilər. Məhz bu amili əsas götürərək Ermənistan vasitəsilə Azərbaycana təzyiq edir. Yəni burada söhbət hərbi əməliyyatların genişləndirilməsindən yox, Azərbaycanın təzyiq altında saxlanılması niyyətindən gedə bilər".
Politoloq hər iki ölkəni təsir dairəsində saxlamaq üçün Rusiyanın Qarabağ problemindən istifadə etdiyini də dilə gətirdi: “Moskva Qarabağ məsələsinin ədalətli həllində maraqlı olsaydı, bunu gerçəkləşdirmək üçün konkret addımlar ata bilərdi. Ermənistanın ən ağır şərtlər altında belə, Qərbə üz tutması mümkün deyil. Ermənistanın daşını daş üstə qoymazlar. Elə ermənilərin öz əliylə. Yəni münaqişənin ədalətli həllinə nail olmaq üçün indi bütün imkanlar var. Amma bu imkanlardan istifadə edilmir. Rusiya hər iki ölkəni təzyiq altında saxlamaq üçün Qarabağ problemindən istifadə edir. Müharibə isə gec-tez olacaq. Zənnimcə, Azərbaycan problemin birdəfəlik həllinə imkan verən zaman kəsiyini düzgün dəyərləndirməyi bacarır. Rusiyaya qarşı sanksiyalar gücləndikcə Ermənistan bundan daha çox ziyan çəkəcək. İrəvanın vəziyyətdən çıxış yolu üçün İrandan başqa alternativi yoxdur. Qənaətimə görə, İran bu dəfə fərqli davranacaq. Çünki nə Azərbaycan 90-cı illərin Azərbaycanıdı, nə də İran. Sanksiyaların təsiri artdıqca Ermənistan dalana dirənəcək və danışıqlar masasına oturmaq, Azərbaycanla və regionun digər dövlətləri ilə münasibətlərini normallaşdırmaq üçün ən müxtəlif yollara əl atacaq. Bax o zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallaşa və Azərbaycana təzyiq yolu tuta bilərlər. Zənnimcə, bu proses hətta ehtimal olaraq 2020-ci ildən tez baş verə bilməz.
Rusiya açıq-aşkar imperiya ambisiyalarından çıxış edir. Moskvanın mövqeyi və davranışları aydındır, Qərb isə simasızdır. Biz neft layihələrinin icrasından sonra bu simasızlığı gördük. Eyni davranışları təbii qaz layihəsinin gerçələşməsindən sonra da görə bilərik. Daha öncə də qeyd etdiyim kimi, müharibə gec-tez baş verəcək. Lakin bu Rusiyanın iradəsindən asılı olmayacaq. Moskvanın bu prosesdə tərəf kimi iştirak edə biləcəyini düşünmürəm. İndiki halda Rusiya müharibənin baş verməməsi üçün önləyici tədbirlərə əl ata, müharibə ehtimalını aradan qaldırmaq üçün siyasi təzyiq və digər vasitələrdən yararlana bilər. Bütün bunlar isə şübhəsiz ki, subyektiv ehtimallardır. İndiki halda bizim üzərimizə düşən vəzifə ölkənin sabitliyinə qarşı təhlükə yaradan bütün amillərə qarşı ayıq-sayıq və amansız olmaq, ölkənin davamlı inkişafını təmin etmək və bu istiqamətdə yürüdülən siyasətə dəstək verməkdir. Bu gün bütün problemlərdən yeganə çıxış yolu güclü olmaqdan ibarətdir. Azərbaycan isə bu yolu çoxdan seçib”./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?