Dünən Azərbaycan prezidenti İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində keçirilən “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiya çıxış edib.
Dövlət başçısı İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan İƏT-in fəal üzvüdür, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib: “Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılıb. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib”.
Dövlət başçısı nəzərə çatdırıb ki, 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib: “Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur. Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”.
Azərbaycan prezidenti xatırladıb ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu torpağımızın bir hissəsini erməni işğalçılarından azad edib: “Biz orada yeni qəsəbə salmışıq. 150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz”.
Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini vurğulayıb: “Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artıb. Bir milyon 600 min iş yeri yaradılıb, yoxsulluq beş faiz səviyyəsinə düşüb, savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?