Rusiyalı ekspertə görə, ABŞ yeni “soyuq müharibə” variantı üzərində işləyir və Qərb ictimai rəyini indiki prezidentin qələbəsinə həzm etdirməyə hazırlayır
“ABŞ prezident İlham Əliyev üçün indidən alibi yaratmaq istəyir - əgər qarşıdakı seçkilərdən sonra o, öz postunu saxlamaqda davam edəcəksə”. Bunu Regnum-a rusiyalı politoloq, Strateji Təhqiqatlar İnstitutunun Qara dəniz-Xəzər mərkəzinin elmi-tədqiqatlar proqramlarının rəhbəri Eduard Popov ABŞ-dakı “Stratfor” analitik mərkəzinin prezidenti Corc Fridmanın bu yaxınlarda işıq üzü görmüş məqaləsinə münasibət bildirərkən deyib.
Rusiyalı politoloqun sözlərinə görə, amerikalı analitikin məqaləsi İlham Əliyevin təzədən seçilməsi üçün planlaşdırılan prosesə zəmin xarakterlidir. Onun fikrincə Qərb ictimai rəyi Azərbaycandakı prezident seçkilərinin mənzərəsini “zəruri formada” qəbul eləməyə hazırlanır.
“Təbii ki, Vaşinqtonda Azərbaycandakı rejimin öz ömrünü daha 5 il uzadacağını hesablayırlar. Müxalifət, o sıradan qərbyönlü müxalifət bu gün özünü daha qəzəbli aparır, nəinki “bir azca korrupsiyalaşmış və bir azca avtoritar” İlham Əliyev rejimi. Yəni qabaqcadan zəmin hazırlanır ki, heç də bütün müxalifətçilər “ağ şlyapalı” uşaqlar deyillər”, - deyə təhlilçi qeyd edir. Hərgah, bu zaman o, heç kimin tənqidsiz ötüşməyəcəyini də əlavə edir: “Əliyevi tənqid edəcəklər, ancaq ümumi neqativ qiymətləndirmələrin axını “bu, bizimkidir, onlar - başqaları” şəklində olacaq. Söhbət “pislərin yaxşısı” prinsipindən gedir. Qərbin tənqidi isə ona görə lazımdı ki, kiçik Əliyev bir şeyi unutmasın: “Bircə addım kənara qoysan, mövqeyimizi dəyişəcəyik”.
Politoloq analogiya qismində Rusiyadakı 1996-ci il prezident seçkilərini xatırladır: “O zaman amerikalı siyasi texnoloqlar belə bir vəziyyət yaratdılar. Seçkilərdən sonra isə açıq-aşkar, kütləvi və dəhşətli pozuntuları görmədilər. Çox sadə səbəbdən - çünki “özlərinin” namizədi qalib gəlmişdi. Azərbaycan timsalında da İlham Əliyev qalib gələcək və Qərb məmnun qalacaq”.
Ekspert ABŞ-Rusiya ziddiyyətlərinə də toxunub. Sitat: “Fridman öz məqaləsində faktları elə təqdim edir ki, sanki bu iki güc arasında soyuq müharibə hələ də davam edir və Rusiya ilə ABŞ əsas geosiyasi düşmənlərdir. Əslində isə Amerika bir qədər modifikasiya olunmuş, müasir şərtlərə uyğun gələn yeni soyuq müharibə variantı üçün stimul yaradır. “Kölgə MKİ”si, “Stratfor” qismində müxtəlif analitik mərkəzlər isə bu ideyaya xidmət edir. Axı “Stratfor” analitiklərinin yazdıqları ilə onların real fikirləri kəskin ziddiyyət təşkil edir. Onlar aydın şəkildə başa düşürlər ki, problemli məsələlərlə bağlı Moskva-Vaşinqton münasibətləri heç də ağ-qara şəklində deyil, qat-qat mürəkkəb və çoxçalarlıdır. Bununla belə, yenə onlar Qərb üçün özlərinə sərfəli, dayanıqlı ictimai rəy hazırlamaq üzərində işləyirlər. Kaş ki, onların təqdim elədiyi soyuq müharibə qaynar müharibəyə çevrilməyəydi, axı problemli təmas nöqtələri kifayət qədərdir”.
Sonda ümumiləşdirmə aparan analitik üç əsas aspektə diqqət yönəldir: “Faydalı ictimai rəyin formalaşdırılması, Bakı üçün seçkilərdə “yaşlı işıq” və problemli regionlarda (Yaxın və Orta Şərq, Qafqaz və s.) Rusiyaya və onun xarici siyasətinə siyasi-psixoloji təzyiqlər yaratmaq. Corc Fridman, Pol Qobl kimi tanınmış insanlar ABŞ maraqlarını mənəvi prinsiplər və ictimai dəyərlər səviyyəsinə qaldırmaq üçün çox iş görmüş adamlardır. Əvvəllər bundan ötrü deyək ki, dindən istifadə edirdilərsə, indi demokratiyadan yararlanırlar... Bu gün ABŞ soft power bazarında inhisarçı olmasa da, dominant subyektdir. Amerika “demokrat” və ya “qeyri-demokrat” yarlıqları vurmaqda artıq lider ölkəyə çevrilib və bu sahədə sözü eşidilən dövlətdir. Yeri gəlmişkən, Rusiyanın da bu strategiyanı mənimsəməsi üçün bütün imkanları var”.
Sorğu
Yeni dizaynımız necədir?