Avropa Şurası Nazirlər Komitəsinin (NK) çərşənbə günü Strasburqda keçirilən iclasında Azərbaycanın siyasətçi İlqar Məmmədovu azad etməmək qərarına görə "görünməmiş hüquqi addım" niyyəti barədə xəbərdarlıq edilib və cavab üçün noyabrın 29-dək möhlət verilib.
İclasdan sonra NK-nin yaydığı bəyanatda qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2014-cü ilin may ayında verdiyi hökmə əsasən, İlqar Məmmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) bir neçə maddəsinə ziddir. Respublikaçı Alternativ (ReAl) hərəkatının sədri İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib. Bəyanatda həmçinin bildirilir ki, AİHM-ın qərarına əsasən, onun həbsinin yeganə məqsədi höküməti tənqid etdiyinə görə onu susdurmaq və ya cəzalandırmaqdır. "İndiyədək məhəmə (AİHM) yalnız beş hökmündə 18-ci maddənin pozulmasını qeyd edib və İlqar Məmmədov Azərbaycana qarşı işindən başqa digər misalların hamısında şikayətçilər azad edilib", NK deyib. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri Səməd Seyidov, bu ayın əvvəli Strasburqda BBC Azərbaycancaya deyib ki, İlqar Məmmədovun işinin AŞ tərəfindən təqibi Azərbaycana qarşı ayrıseçkilikdir.
Bununla Nazirlər Komitəsi, tarixində ilk dəfə AİHM-na bir daha müraciət edərək, hökmün icra edilməməsinin daha bir konvensiya pozuntusu olub-olmamasına münasibət bildirməsini məhkəmədən xahiş etməyə hazır olduğunu bildirib. Azərbaycana bu qərara münasibətinin bildirmək üçün noyabrın 29-dək möhlət verilib. Əgər bu müddətdə Azərbaycan İlqar Məmmədovu azad etməsə, NK-i cənab Məmmədovun işinin icra olunmamasına dair məhkəməyə müraciətini dekabrın 5-də müzakirə edəcək, bəyanatda deyilir. Bundan əvvəl, Avropa Şurasının Baş katibi Thorbjorn Jagland-da İlqar Məmmədovun azad edilməsinə çağırış edib. Azərbaycan üzrə AŞ Parlament Assambleyasının (AŞPA) həmməruzəçisi Stefan Schennach-da bu tövsiyəni verib. Oktyabrın əvvəlində AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə bir sıra tövsiyələr və insan hüquqları vəziyyətinin tənqidlərilə yanaşı İlqar Məmmədovun azad edilməsi də tövsiyə edilib./bbc.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?