GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev: "Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"

Prezident İlham Əliyev: "Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"

Tarix: 14-12-2017, 10:30 Bölmə :Siyasət Baxış: 363
Prezident İlham Əliyev: "Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir"


İlham Əliyev: “Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirilib. Toplantıda ABŞ prezidenti Donlad Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı, bu qərardan sonra yaranmış vəziyyət və İƏT-in bununla bağlı görəcəyi işlər müzakirə olunub.

Azərbaycan prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edib.

Toplantıya təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Bir sıra ölkələr toplantıya birinci şəxsləri səviyyəsində qatılıblar. Onların arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, İran prezidenti Həsən Ruhani, Fələstin dövlətinin başçısı Mahmud Abbas da var. Bir sıra ölkələr isə sammitdə parlament sədri, xarici işlər naziri və digər nazirlərlə təmsil olunublar.

Zirvə toplantısında çıxışında Rəcəb Tayyib Ərdoğan Qüdsü İsrailin paytaxtı kimi tanımayan və ABŞ prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib: “Bu qərarın hüquqi qüvvəsi olmadığını bildirmişik. Bu sülh istəyən fələstinlilərin cəzalandırmaları deməkdir. Üç mədəniyyətin mərkəzi olan Qüdsün tarixi və hüquqi statusuna təcavüz edildiyini bilirik”.

Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyini əks etdirən xəritəni nümayiş etdirib və deyib: “Əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə, indi Fələstinin ərazisi o boyda olub”.

O, Fələstində Qüds qərarına etiraz edən fələstinlilərə edilən təzyiqləri əks etdirən fotolardan danışarkən bildirib: “İsrail terrorçu dövlətidir. İndiki vəziyyətdə müsəlmanların əsas vəzifəsi Qüdsü müdafiə etməkdir. Mən hamını Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı olaraq tanımağa dəvət edirəm. Bütün müsəlmanları Qüdsə gedib Hərami-Şərifi ziyarət etməyə çağırıram. Fələstinin dövlət müstəqilliyini tanımayan ölkələri bu addımı atmağa dəvət edirəm. Sözdə iki dövlət prinsipindən danışırlarsa, buna əməl edilmir. İşğalçı ilə işğal edilənin eyni səviyyədə tutulması qəbuledilməzdir. Gələcək nəsillər adına hər kəsi maddi-mənəvi cəhətdən səfərbər olmağa çağırırıq. ABŞ dövlət başçısını bu qərarını geri çəkməyə dəvət edirik. Bu gün burada verdiyimiz mesajların bütün dünya tərəfindən dəyərləndiriləcəyinə ümid edirik.

İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya, sadəcə, sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

Azərbaycan prezidenti İlham Əliyev isə çıxışına fövqəladə Zirvə görüşünün təşkilinə görə prezident Ərdoğana təşəkkür etməklə başlayıb. Dövlət başçısı bildirib ki, ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və "Əl-Aqsa" məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.

İlham Əliyev İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkür edib: “İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla, 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib”.

Dövlət başçısı bildirib ki, bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir: “Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Fələstin dövlətinin başçısı Mahmud Abbas isə bildirib ki, Tramp özünü ABŞ-ın əyalətlərindən birini İsrailə verirmiş kimi aparır. Bu gün Yaponiya, Britaniya belə ABŞ-ın yanında yer almayıb.

M.Abbas qeyd edib ki, İƏT-in fövqəladə sammitinin məqsədi Qüdsün hazırkı statusunun dəyişdirilməsinə qarşı müqavimət göstəməkdir: “ABŞ beynəlxalq hüququ heçə sayır və biz buna etiraz etmək üçün buradayıq. Qüds Fələstinin paytaxtı olacaq. Qüds olmazsa, nə sülhdən, nə də müzakirələrdən danışmaq mənasızdır. Qüds Fələstində olmazsa, sabitlik də olmayacaq.

Mən bütün müsəlmanları müqəddəs yerləri qorumağa çağırıram. Donald Trampın qərarı və təlimatı beynəlxalq hüquqa, xüsusilə BMT-nin qətnaməsinə ziddir. ABŞ sülh danışıqlarında vasitəçilik haqqını itirib. Biz ABŞ-ın vasitəçi olmasını qəbul etməyəcəyik. Sizlərin də bizim bu qərarı dəstəkləməyinizi istəyirik".

İran prezidenti Həsən Ruhani isə bildirib ki, hər cür mümkün vasitələrlə ABŞ-ın bu ağılsız hərəkətinin qarşısını almaq üçün birləşməliyik.

ABŞ-ın heç vaxt dürüst vasitəçi olmadığını və heç vaxt olmayacağını vurğulayan H. Ruhaninin sözlərinə görə, ABŞ-ın bu hərəkəti sayəsində Fələstin probleminin həllində Vaşinqtonun müsbət rol oynayacağına ümid edən insanlara bir daha aydın olub ki, ABŞ sionist rejiminin maraqlarını maksimum təmin etməyə çalışır və fələstinlilərin hüquqi tələblərinə hörmət etmir: “Bu gün yəhudilərin ən böyük düşməninin müsəlman və ərəblərin deyil, təhlükəli sionizm layihəsinin olduğu sirr deyil. Biz müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləriyik. Sionistlər isə burada yaddırlar və özlərini bu bölgədə qəbul etdiriblər. Müsəlman dünyası üçün sionist rejiminə qarşı birləşməliyik. Müsəlman dünyasının bütün problemləri dialoq şəkilində həll edilməlidir. ABŞ hökuməti bilməlidir ki, müsəlman dünyası Fələstin və Qüdsün taleyinə biganə deyil. Yalnız İslam birliyi sayəsində İslam ümmətinin və Müqəddəs Qüdsün hüquqlarını daha yaxşı dəstəkləyə bilərik. İran hər zaman istənilən müsəlman ölkəsi ilə Qüdsü müdafiə etməyə hazırdır. Fələstin məsələsi yenidən müsəlman dünyasının gündəminə daxil edilməlidir”.

Toplantının sonunda qətnamə qəbul edilib.

Sənəddə beynəlxalq ictimaiyyət Şərqi Qüdsü Fələstin dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa çağırılıb: “Şərqi Qüds Fələstin dövlətinin işğal altında olan paytaxtıdır”.

İstanbuldakı toplantıya İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 48-nin qatılmasına və bu ölkələrin təmsilçilərindən cəmi 16-sının birinci şəxs qismində iştirak etməsinə politoloq Şahin Cəfərli şərh verib. Politoloq deyib ki, dövlətlərin sırf dini və ya etnik yaxınlıq səbəbi ilə bütün məsələlərdə həmrəy olmasının zəruriliyi barədə fikirləri bölüşmür. Əgər ayrı-ayrı dövlətlər varsa, deməli, ayrı-ayrı maraqlar da var və bu da normaldır. Din amili həmin ölkələri eyni cür düşünməyə, eyni istiqamətdə addımlamağa vadar edə bilməz və etməməlidir. Lakin Qüds-Fələstin problemi müsəlmanların həmrəy olduğu nadir məsələlərdən biridir: “Trampın qərarından sonra sözdə də olsa, bu həmrəyliyin ortaya qoyulması ehtimalı var idi, yenə olmadı. Səudiyyə, Misir kimi ərəb dünyasının lider dövlətləri zirvəyə aşağı səviyyəli təmsilçi göndərib. Səudiyyə tərəfi, ümumiyyətlə, nazir müavini səviyyəsində iştirak etməklə İstanbul görüşünə münasibətini açıq şəkildə ortaya qoydu”.

Ş.Cəfərlinin sözlərinə görə, Ər-Riyadın bu cür mövqe sərgiləməsinin bir neçə səbəbi var:

“Birincisi, Səudiyyə və onun çevrəsindəki ərəb ölkələrinin ABŞ-İsrail cütlüyü ilə birlikdə hərəkət etməsi və bu zəmində bölgədə yeni bir ittifaq qurulması çabalarıdır. Trampın qərarı bu məsələdə bir az qeyri-müəyyənlik yaradıb. İkincisi, regional liderlik uğrunda Səudiyyə-İran mübarizəsinin kəskinləşməsi və tərəflərin cəbhələşməsidir. Üçüncüsü, Türkiyənin regional siyasətdə İranla yaxınlaşmasının bölgənin sünni cinahında narazılıq yaratması ilə bağlıdır.

Dördüncüsü, Türkiyə-Misir münasibətlərində gərginliyin davam etməsidir.

Sonuncu məsələ ilə bağlı bir məlumatı qeyd edim ki, noyabrda Misirdə 29 Türkiyə vətəndaşı həbs edilib. Bu şəxslər Türkiyə kəşfiyyatı üçün məlumat toplamaqda, “İxvan”ı yenidən hakimiyyətə gətirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdə, çirkli pulların yuyulmasında və s. əməllərdə ittiham olunur. Belə bir vəziyyətdə Əbdülfəttah Sisinin Türkiyədəki toplantıya qatılması zatən gözlənilmirdi.

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bir müddətdir ki, Fələstin məsələsinin çözümü üçün yeni sülh planı üzərində işləyir. ABŞ tərəfindən Trampın kürəkəni Kuşner bu işi koordinasiya edir. Qüdsün İsrailin paytaxtı kimi tanınması həm də fələstinlilərə verilən göz dağı idi, yəni güzəştlərlə razılaşmasanız, itirməyə davam edəcəksiniz".

Politoloq Qabil Hüseynli isə İƏT-in qısa müddətdə fövqəladə toplantısının reallaşmasının özünün ciddi hadisə olduğunu bildirdi: “Müsəlman ölkələri qısa müddətdə İƏT çətiri altında toparlanmaq imkanlarının olduğunu nümayiş etdirdilər. Bu zirvə toplantısının verdiyi ilk mesajlardan biri budur. Qüds məsələsində ortaya mövqe qoymaq və Trampın qərarının qəbul olunmadığını nümayiş etdirmək baxımından da zirvə toplantısının əhəmiyyəti vurğulanmalıdır. Zirvə toplantısında müsəlman dövlətlərinə və dünya ölkələrinə ünvanlanan çağırışlara, əsasən də Şərqi Qüdsün Fələstinin işğal altında olan paytaxtı kimi tanınması çağırışına necə münasibət sərgilənəcəyi isə yaxın gələcəkdə bəlli olacaq".

Bəs Donald Trampın Qüdslə bağlı məlum qərarına rəsmi Bakının münasibəti, Azərbaycanın zirvə toplantısında təmsil olunması İsrail-Azərbaycan münasibətlərinə xələl gətirə bilərmi?

Politoloq Əhəd Məmmədli bildirdi ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycanın bəzi müsəlman ölkələri ilə İsraildən daha çox sıx əlaqələri var. Qarabağ münaqişəsinə görə Ermənistanla diplomatik əlaqə qurmayan üç müsəlman ölkəsi var: Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı. Bu siyahıda İsrail yoxdur. Azərbaycan milli maraqları nəyi tələb edirsə, haqlı olaraq onu da edir. Bunun İsraillə münasibətlərimizə zərbə olacağı gözlənilmir: “Əvvəla, Azərbaycanla münasibətlər, əlaqələr İsrailə də lazımdır. İsrail Azərbaycanla əlaqələrdən heç də az xeyir götürmür. İsrail bundan imtina edəsi deyil. İkincisi, Azərbaycan dünyada yeganə yerdir ki, yəhudilər həmişə burda əmin-amanlıq içində yaşayıb və yaşayır. Heç İsrailin özündə yəhudilər burdakı qədər rahat, təhlükəsiz yaşamırlar. Buna görə də düşünmürəm ki, İsrail Azərbaycanla münasibətlərini korlasın”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan prezidenti Qüds məsələsi ilə bağlı toplantıda iştirak edəcək

    Azərbaycan prezidenti Qüds məsələsi ilə bağlı ...

    10-12-2017, 14:59

  • 
  • Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də iştirak edir

    Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də ...

    13-12-2017, 14:55

  • 
  • Bakıdan Trampın Qüds qərarına – Münasibət

    Bakıdan Trampın Qüds qərarına – Münasibət ...

    7-12-2017, 11:30

  • 
  • İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

    İlham Əliyev Türkiyədə işgüzar səfərdədir ...

    13-12-2017, 11:07

  • 
  • Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi İstanbula dəvət etdi

    Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevi ...

    9-12-2017, 14:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (302)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu