Digər 4 iddiaçıya dair də qərar verildi; Məzahir Pənahov: “Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs Seçki Məcəlləsi və qanunvericiliyə zidd olan hallara yol verməməlidir”
Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb. MSK mətbuat xidmətindən verilən məlumata görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.
MSK-nın iclasında prezidentliyə namizədliyi özləri tərəfindən irəli sürülmüş Anar Umudovun, Tural Abbaslının, Zahid Orucun və namizədliyi Liberal Demokratik Partiya tərəfindən irəli sürülmüş Fuad Əliyevin də namizədliyi təsdiq edilib.
MSK sədri Məzahir Pənahov seçki qanunvericiliyinə zidd davranışlarla bağlı açıqlama verib. O deyib: “Hansısa partiya, icra strukturunun nümayəndəsi, hər hansı vəzifəli şəxs Seçki Məcəlləsi və qanunvericiliyə zidd olan hallara yol verməməlidir. MSK bu kimi hallara qarşı sərt tədbirlər görəcək”. (APA)
Pənahov onu da bildirib ki, MSK beynəlxalq qurumlarla qarşılıqlı əməkdaşlığa önəm verir, MSK-nın iclasları bu qurumların nümayəndələri üçün açıqdır: “Biz MSK-nın iclaslarında beynəlxalq qurumların nümayəndələrinə fikirlərini ifadə etməyə də şərait yarada bilərik”.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bütün məscidlərdə bu həftənin cümə günü xütbələrdə seçkilərdə İlham Əliyevin namizədliyinə səs verilməsi üçün çağırış edilməsi ilə bağlı axund və imamlara göstəriş verib.
“Təbii ki, biz heç kəsi kiməsə səs verməyə məcbur edə bilmərik, bizim borcumuz xalqa həqiqəti çatdırmaqdır. Ona görə də axund və imamlardan bu cümə xütbələrdə bunu etmələrini istəyirəm. Onu da deyim ki, bunun yerinə yetirilməsinə tərəfimizdən nəzarət olacaq”-deyə, müraciətdə bildirilir.
Yeni AXCP-nin prezidentliyə namizədi Razi Nurullayev isə özünün facebook səhifəsində seçkini boykot edənlərə qarşı sərt yazı paylaşıb. R.Nurullayev bildirib ki, seçkini boykot edənlərə aprelin 11-dən sonra salam verən olmayacaq: “Siz siyasi səhnədən silinməkdən qorxursunuz, bəli, qorxun, silinirsiniz. Unudulursunuz və unudulacaqsınız! Sudan çıxmış balıq kimi son nəfəsinizi verirsiniz.
Nə dəxli var ki, seçkini hansı səbəbdən uduzursan? Seçki saxtalaşdırılıb deməklə də iş bitmir. Niyə o seçki saxtakarlığının qarşısını ala bilmədin? Deyirsən ki, Seçki Məcəlləsi normal deyil. O zaman, niyə onu dəyişdirməyə gücün çatmadı? Deyirsən ki, çünki xalq meydanlara çıxmır, dəstək vermir, bizi tək buraxır. Xalq, sənə dəstək vermir, o zaman çəkil get. Deyirsiniz ki, xalq qorxusundan vermir, onu dəstək verməyə qoymurlar, gözünü qorxudublar və digər bəyanatlar. Demək ki, xalqı da inandıra bilməmisiniz. Xalq sizin uğrunuzda risk etməyə getmir, inanmır ki, vacib məqamda siz onu meydanda yalnız buraxmayacaqsınız.
Seçkini boykot edirsiniz. Guya sizin boykotunuz 11 aprel seçkisini pozacaq? Boykotun nəticəsi nə olacaq? 11 apreldə kim prezident seçilsə legitimlik qazanmayacaq?...
Sizin Azərbaycan cəmiyyətinə və xalqına ziyandan başqa xeyriniz yoxdur və heç zaman da olmayacaq. Siz mənə lazım deyilsiniz. Siz bu 10 milyonluq xalqın 0,0001 faizi varsınız, yoxsa yox. Mən xalqdan səs istəyirəm və o səsi alacam".
R.Nurullayev sonra boykotçulara xitabən qeyd edib ki, Azərbaycanın siyasi səhnəsində yeni siyasi ulduzlar parlayır: “Mənim siyasi səhnədə parlamağımdan həyəcan keçirirsiniz. 30 ildir seçkilərdə bir dəfə də olsun namizəd olmağı bacarmayanlar qoy narahat olsunlar. Yeni ulduzların parıltısı gözlərinizi kor edəcək...”
Prezidentliyə iddiaçıların sırasına isə daha bir nəfər qoşulub. QAT sədri Akif Nağının namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Akif Nağı bildirib ki, torpaqlarımızın yalnız hərbi yolla azad ediləcəyi fikri artıq geniş sosial sifarişə və tələbə çevrilib: “Mən seçkilərdə bu sosial tələbin və sifarişin təmsilçisi kimi çıxış etmək istəyir və bildirirəm ki, prezident seçilərəmsə, seçkilərdən sonrakı 1-2 ay ərzində, ordunun hazırlığı, cəmiyyətin əhval-ruhiyyəsinə ciddi baxış keçirdikdən, xarici müttəfiqlərimizi konkret müəyyənləşdirdikdən, digər hazırlıq işlərini həyata keçirdikdən sonra işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlayacağam. Ermənistanın arxasında kimlərin dayanacağının, onu müdafiə edəcəyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Bu, ölüm-dirim müharibəsi olacaq, nəyin bahasına olursa-olsun qələbəni əldə edəcəyik. Ermənistanı da, onun arxasında dayananları da Azərbaycana qarşı törətdikləri işğala, təcavüzə, bütün cinayətlərə görə peşman edəcəyik. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim hədəfimiz prezident kürsüsü deyil, Qarabağda azadlıq müharibəsini başlamaq, torpaqlarımızı işğaldan azad etməkdir. Rəhbərlik etdiyim QAT siyasi qurum deyil, prezidentliyə namizəd irəli sürə bilməz. Ona görə də mən namizədliyimi fərdi qaydada irəli sürmək istəyirəm. Bununla yanaşı, QAT-ın ali orqanlarının razılığı olmadan mən bu təşəbbüsü edə bilmərəm. Ona görə də artıq təşkilatın İdarə Heyətində, Təşəbbüs qrupunda ilkin müzakirələr keçirilib. Son qərarı isə QAT Ali Məclisi verəcək. Bu məqsədlə fevralın 17-nə Ali Məclisin xüsusi iclasını çağırmışıq. Ali Məclisin mövqeyinə uyğun hərəkət edəcək, son qərarımı verəcəyəm”.
AMİP Siyasi Şurası isə 11 aprel növbədənkənar prezident seçkisində partiyanın iştirak məsələsini müzakirəyə çıxarıb və seçkidə iştirakı məqsədəuyğun saymayıb.
AMİP Siyasi Şurası hesab edib ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?